15:17
Tərtərdə minaya düşən şəxsin ayağı amputasiya edilib.
Bunu Tərtər rayon Mərkəzi xəstəxanasının cərrahı Mübariz Mahmudov deyib. O, bildirib ki, minaya düşərək xəsarət alan Azər Məmmədov xəstəxanaya gətirilib, sol ayağı baldır oynağı səviyyəsində amputasiya olunub: "İlkin cərrahi yardım olundu, müalicə üçün Bərdə rayona mərkəzi xəstəxanasına göndərildi".
***
14:03
Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi (ANAMA) Tərtər rayonunda baş verən mina hadisəsi ilə bağlı məlumat yayıb.
ANAMA-nın Mətbuat Xidmətindən verilən məlumata görə, fevralın 5-də Tərtər rayonunun Həsənqaya kəndində Göyarx otlaq sahəsi adlanan ərazidə mina hadisəsi baş verib.Keçmiş təmas xəttində, minalardan təmizlənməmiş ərazidə mal-qara otararkən baş verən piyada əleyhinə mina partlayışı zamanı Tərtər rayonunun Umudlu kənd sakini 1966-cı il təvvəllüdlü Məmmədov Azər Əhməd oğlu sol ayağından xəsarət alıb.Zərərçəkən şəxs Bərdə rayon Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib.
"ANAMA bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, bələd olmadıqları ərazilərə daxil olmamağa və təhlükə bildirən bütün əlamətlərə diqqətlə yanaşmağa çağırır", məlumatda deyilir.
***
Fevralın 5-də saat 11:45 radələrində Tərtər rayonunun Həsənqaya kəndi ərazisində mina partlayışı ilə bağlı polisə məlumat daxil olub.
DİN-in mətbuat xidmətinin Bərdə regional qrupundan bildirilib ki, 1966-ci il təvəllüdlü Məmmədov Azər Əhməd oğlu heyvan otararkən minaya düşüb. O ayağından xəsarət alıb. Polis əməkdaşları tərəfindən vətəndaş xəstəxanaya təxliyə edilib.
Faktla bağlı araşdırma aparılır.