Təxribat erməni komandirin əmri ilə törədilib
Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ermənistanın dünənki təxribatından danışarkən deyib
“Əfsuslar olsun ki, bölgədə Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində müsbət addımlar atılanda, biz Ermənistan tərəfindən törədilmiş siyasi-hərbi təxribatların şahidi oluruq”. Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ermənistanın dünənki təxribatından danışarkən deyib.
Nazir sərhəddə baş vermiş hadisəni planlaşdırılmış təxribat adlandırıb:
“Erməni komandirin və müavininin orada olması o deməkdir ki, hadisə onların əmri ilə baş verib və bu, hər hansı adi hərbçinin fəaliyyəti deyil. Bu, düşünülmüş hadisədir. Ermənistan təhrikçi addımlardan çəkinməlidir. Bunun nəticələri Ermənistan üçün ağır olacaq”.
Xatırladaq ki, Prezident İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədri Buyar Osmaniylə görüşdə vurğulamışdır ki, "dünən Ermənistan-Azərbaycan sərhədində baş vermiş insident Ermənistan tərəfindən məqsədyönlü şəkildə törədilmiş təxribatdır."
Qeyd edək ki, ötən gün Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətində yerləşən üzbəüz mövqelərini atıcı silahlardan intensiv atəşə tutub. Cavab tədbirləri nəticəsində Ermənistan ordusunun 4 hərbçisi məhv edilib, 6-sı yaralanıb. Təxribatın qarşısını alarkən 3 hərbçimiz şəhid olub, dördü yaralanıb. .