BLOQ

Tramp-a-tarampla həbs olunan prezident

ABŞ-ın eks-prezidenti Donald Tramp 34 cinayət ittihamı üzrə özünü təqsirli bilməyib

Tramp-a-tarampla həbs olunan prezident
  • Oxuma müddəti:

    5 dəqiqə

  • “ABŞ-ın keçmiş prezidenti Donald Tramp qlobal müharibəyə qarşı çıxışına görə həbs edilib”. Bu ifadəni Fransa Vətənpərvərlər Partiyasının lideri Florian Filippo siyasətçinin mümkün həbsinin səbəbini öz Twitter səhifəsində dərc edib. “Tramp həbs olunduğunu açıqladı. Əsl səbəb onun qlobalizmi məhv etmək çağırışları və Trampın üçüncü dünya müharibəsinin qarşısını almaq iddiasıdır. Amerikalılar bu həbsə müqavimət göstərməlidirlər”, - deyə Florian Filippo vurğulayıb.

    Donald Tramp da öz növbəsində həbslə bağlı tərəfdarlarını etiraza çağırıb. Siyasətçi onun həbs əmrini verən Manhetten prokurorluğunu korrupsiya və vəziyyəti siyasiləşdirməkdə ittiham edib.

    Prokurorluğun isə həbs barəsində yaydığı məlumatda deyilir ki: “…keçmiş ABŞ lideri Donald Tramp striptizçi və keçmiş porno aktrisa Stormi Danielsə pul ödəməsi ilə bağlı dindirilir.

    İddia olunur ki, 2016-cı il prezidentlik kampaniyasının qızğın vaxtında Trampın vəkili Maykl Koen siyasətçi ilə əlaqələrini açıqlamadığı üçün Steffani Klifforda (təxəllüsü: Stormi Daniels) 130 min dollar rüşvət ödəyib”.

    Porno ulduz rüşvət müqabilində xəyanət zamanı evli olan və həyat yoldaşı yenicə uşaq dünyaya gətirən Donald Trampla münasibətini gizlətməli olub. Məlumata görə, aktrisa Daniels Trampla 2006-cı ildə qolf turnirində tanış olub və elə oradaca Tahoe gölündəki otel otağında eyş-işrətlə məşğul olublar.

    Bundan əlavə, 2016-cı ildə Trampın vəkili Koen keçmiş “Playboy” modeli Karen Makduqala da 150.000 dollar ödəmə təşkil edib. Beləliklə, söhbət artıq bir yox, iki qadına ödənişdən gedir.

    İttihamda göstərilir ki, Tramp bu gözəl xanımlarla əlaqələri və başıbəlalı bazlıqlarına görə deyil, həmin vəsaitləri seçki büdcəsindən götürərək başqa məqsədlər üçün xərclənməsi və sənədlərin düzgün tərtib edilməməsində təqsirkar bilinir. ABŞ qanunlarına görə, seçki fondundan başqa məqsədlər üçün pul ödəmək qanunsuzdur və cinayət hesab olunur.

    Beləliklə, Donald Tramp cinayət ittihamı ilə üzləşən ilk ABŞ prezidenti oldu.

    Bəs indi nə olacaq?

    Texniki cəhətdən Donald Tramp həbs edilmiş hesab olunur. Amma onun əlləri qandallanmayıb və o, dustaq kimi kameraya yerləşdirilməyəcək, çünki Tramp ABŞ-ın “Eks-prezidentlər haqqında” qanunu ilə gizli xidmət tərəfindən qorunur. Ona qarşı irəli sürülən ittihamlar girov tələb etmir, ona görə də o, dinlənmələr qurtarandan sonra sakitcə məhkəməni tərk edərək Mar-a-Laqodakı villasına gedib.

    Digər tərəfdən, bu səhərdən etibarən, Nyu-York ciddi təhlükəsizlik tədbirləri altındadır, Tramp tərəfdarları ilə toqquşma təhlükəsi səbəbindən polis yüksək hazırlıq vəziyyətindədir. Hələ keçən həftənin sonundan “Trump Tower” və Manhetten Cinayət Məhkəməsi qarşısında polisin barrikadalar qurduğu müşahidə edilirdi – səbəb kimi, hər iki yerdə ciddi nümayişlərin gözlənildiyi göstərilir. Bundan əlavə, Mar-a-Laqoda Trampın çıxış edəcəyi mitinqin keçirilməsi planlaşdırılır.

    Bir çox siyasətçilər bu hadisənin törədilməsində Trampın siyasi opponentlərini günahlandırır və bu yolla, yəni ona cinayət işi açmaqla onu seçkilərdən kənarda qoymaq məqsədi güddüklərini bəyan edirlər. Lakin ABŞ-ın “Seçki haqqında qanunu”na görə, bu cür məhkumluq Trampın 2024-cü ildə yarışda iştirak etməsinə və ya qalib gəlməsinə mane olmayacaq. Amma bu hal respublikaçıların öz namizədi ilə bağlı qərarına təsir edə bilər. Yəni, Trampı seçkilərdə irəli sürən Respublikaçılar Partiyası milli rüsvayçılığı nəzərə alaraq namizədini dəyişə bilər. Bundan əlavə, mətbuatda Donald Trampın Putini dəstəkləməkdə və həmvətənlərini “Rusiyadan nüvə zərbəsi” ilə qorxutmaqla rəqibləri tərəfindən ittiham olunması da bu ərəfədə böyük siyasi rol oynayır.

    Ümumiyyətlə, bu günlər dünya mətbuatında bir çox tanınmışlar Tramp barədə müxtəlif fikirlər söyləməklə yadda qalıb.

    Lakin məsələ ilə bağlı ən maraqlı proqnoz isə amerikalı iş adamı İlon Mask tərəfindən gəlib. Belə ki, mulimilyarder İlon Mask Trampın həbs olunacağı təqdirdə 2024-cü il seçkilərində tam qalib gələcəyini proqnozlaşdırıb. Biznesmenin sözlərinə görə, siyasətçi sarsıdıcı qələbə ilə yenidən seçiləcək.