BLOQ

Yalanın qısası və həqiqətin uzunluğu

Heydər Əliyevin 103-cü ildönümünə ithaf esse

Yalanın qısası və həqiqətin uzunluğu
Heydər Əliyev (sağda), Arif Mustafayev (solda), İlham Əliyev (soldan ikinci)
  • Oxuma müddəti:

    4 dəqiqə

  • YALANIN QISASI VƏ HƏQİQƏTİN UZUNLUĞU
    Heydər Əliyevin 103-cü ildönümünə ithaf esse
     
    Deyirlər ki, yalanın ayağı qısa olur. Amma Sovet təsərrüfat sistemində bu məsələ bir qədər fərqli idi — yalanın ayağı yox, kökü uzanırdı. Və bu kök, adətən, susuz qalan pambıq kökünün uzunluğuna bərabər olurdu.
     
    Hekayəmizin qəhrəmanları isə sadə adamlardır: Azərbaycan SSR-in birinci katibi Heydər Əliyev — planı yerinə yetirməli olan baş rəhbər; “X” adlı rayonun “Y” adlı icra hakimi — planı yerinə yetirə bilməyən yerli rəhbər. Arada isə respublika rəhbərinin kənd təsərrüfatı üzrə birinci müşaviri, bəndənizin əmisi Arif Mustafayev — torpağın dilini insanlardan daha yaxşı başa düşən və planın yerinə yetirilməməsinin sirrini bilən adam.
     
    Bir gün məsələ pambıq planının yerinə yetirilməməsindən düşür — ciddi və fövqəladə! Pambıq nazlı bitkidir: nə susuzluğu sevir, nə də yalanı. Baş rəhbər deyir ki, kağız üzərində hər şey qaydasındadır — su var, qulluq var, məhsuldarlıq isə yoxdur.
     
    — “Arif, bu necə olur?” — deyə soruşur rəhbər.
    — “Çox sadə,” — deyə cavab verir müşavir. — “Düşünürəm, bütün suyu tarlalardan yığıb kağıza buraxıblar. Odur ki, kağızda su çoxdur, tarlada isə azdır!”
     
    Burada adi insan çaşar. Amma torpaqla və bitkilərlə eyni dildə danışan adam çaşmır. Arif əmi hələ Moskvada Temeryazev adına Ali Kənd Təsərrüfatı Akademiyasını əla qiymətlərlə bitirəndən sonra İmam Mustafayevin yanına müşavir kimi təyin olunmuşdu. Daha sonra 1959–1969-cu illərdə Vəli Axundovun, 1969–1982-ci illərdə Heydər Əliyevin və 1982–1988-ci illərdə Kamran Bağırovun aqrar məsələlər üzrə baş müşaviri kimi çalışmışdı.
     
    O həmişə deyirdi ki, həqiqəti tapmaq üçün hesabat oxumağa yox, bir tarlaya ayaq basmağa ehtiyac var. Çünki torpaq və bitkilər insanlardan fərqli olaraq yalan danışmır — nəticə verir:
     
    — “Bir pambıq kolunu yerdən çıxarın. Əgər kökü uzundursa, demək, ona kifayət qədər su vermirlər və o, su axtara-axtara torpağın dərin qatlarına gedir...” — deyə müşavir rəhbərə məruzə edir.
     
    Bir həftə sonra baş rəhbər tarladadır. Tarlalar su içindədir — sanki pambıq yox, balıq yetişdirirlər. Yerli rəhbər fəxrlə izah edir ki, hər şey ideal vəziyyətdədir. Hətta o qədər idealdır ki, insanın şübhəsi yaranır: bu qədər ideal olan yerdə niyə pambıq planı yerinə yetirilmir və pambıq yanır?
     
    Və burada hekayənin ən vacib anı gəlir.
     
    Heydər Əliyev yerli icra hakimi və digər vəzifəlilərlə birlikdə palçıqlı tarlaya daxil olur. Rəhbərin sözündən çıxmaq olmur və yağlı, qara mazla parıldayan çəkmələr palçığa batır. Əliyev əyilir, bir pambıq kolunu kökündən çıxarır.
     
    Kök uzundur. Çox uzundur. O qədər uzundur ki, sanki torpağın altından yox, yalanın alt qatlarından çıxıb.
     
    Bir neçə saniyəlik sükut yaranır. Bu sükut Sovet bürokratiyasının ən qorxulu anıdır — çünki burada nə plan var, nə hesabat, nə də bəhanə.
     
    Sonra isə tarixə düşməyən, amma yadda qalan bir hərəkət baş verir: o pambıq kolu, bütün kökü ilə birlikdə, birbaşa yalanın sifətinə çırpılır.
     
    Bu jest bəzən qalın kitabların deyə bilmədiyini deyirdi. Çünki bəzi həqiqətlər izah olunmur — çırpılır.
     
    Nəticə isə klassikdir: yerli icra hakimi gedir, pambıq isə qalır. Və qəribə də olsa, növbəti il həmin pambıq birdən-birə 2–3 dəfə çox məhsul verməyə başlayır.
     
    Bu hekayədən çıxan nəticə çox sadədir:
    Əgər bir sistemdə hər şey kağız üzərində yaxşıdırsa, amma nəticə yoxdursa, demək problem torpaqda yox — kağızdadır.
     
    Və bəzən ən düzgün audit üsulu budur: hesabata yox, kökə inan.