Tramp ABŞ-ın Türkiyədəki səfiri vəzifəsində Barrakı görür
O, “Barrak Colony Capital” investisiya şirkətinin təsisçisidir
ABŞ-ın seçilmiş prezidenti Donald Tramp investor Tomas Barrakı ABŞ-ın Türkiyədəki səfiri vəzifəsinə irəli sürüb.
Bu barədə siyasətçi “Truth Social” sosial şəbəkəsindəki səhifəsində məlumat yayıb.
“Məmnuniyyətlə elan edirəm ki, Tom Barrak Türkiyədə növbəti səfirimiz olacaq. Tom 30 il ərzində özəl investisiya şirkətinə uğurla rəhbərlik edib”, – Tramp yazıb. O, Barrakın lazımi təcrübəyə malik olduğunu və həm siyasi, həm də işgüzar dairələrdə hörmət qazandığını qeyd edib.
“Barrak Colony Capital” investisiya şirkətinin təsisçisi Trampın yaxın dostu və onun inauqurasiya mərasimi komitəsinin keçmiş sədridir. 2021-ci ilin yayında o, Trampın xarici siyasətinə təsir etmək və BƏƏ-nin maraqlarını lobbiçilik etmək məqsədilə sövdələşmədə ittiham olunub. 2022-ci ilin noyabrında məhkəmə Barrakı bütün ittihamlar üzrə təqsirsiz hesab edib.