XƏBƏRLƏR / Nəqliyyat

Tramp marşutu (TRİPP) layihəsi hansı mərhələdədir?

Ermənistanın Baş naziri Nikol Paşinyan məsələyə aydınlıq gətirib

Tramp marşutu (TRİPP) layihəsi hansı mərhələdədir?
  • Oxuma müddəti:

    2 dəqiqə

  • Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ-la Tramp Marşrutu Layihəsi (TRIPP) üzrə aparılan işlərdən danışıb.

    Baş nazir Nikol Paşinyan jurnalistlər üçün keçirdiyi brifinqdə qeyd edib ki, TRIPP (Zəngəzur dəhlizi - ANS Press) layihəsi ilə bağlı proses məzmunun hazırlanması mərhələsindədir.

    "Hazırda biz layihənin məzmununu formalaşdırmaq üzərində işləyirik. Müxtəlif komponentlər masanın üzərindədir, onlar vahid sənəddə cəmlənməlidir. Bu, istənilən böyük layihə üçün normal iş axınıdır", - baş nazir bildirib.

    Onun sözlərinə görə, Ermənistanda tikinti və ya infrastruktur layihələrinin həyata keçirilməsi ilə bağlı təsəvvürlər çox vaxt yanlışdır: belə görünür ki, tikinti bu elandan dərhal sonra başlamalıdır.

    "Biz tez-tez düşünürük ki, biz "Tramp marşrutu"nu elan edəndə hamı ekskavatorların arxasına keçib ertəsi gün tikintiyə başlamalıdır. Amma istənilən proqram ətraflı planlaşdırma, hesablamalar və sənədlərin hazırlanması ilə başlayır", - o vurğulayıb.

    Paşinyan bir daha vurğulayıb ki, TRIPP təşəbbüsü Vaşinqton Sülh Bəyannaməsində təsbit olunmuş prinsiplərə əsaslanır: ərazi bütövlüyü, suverenlik, yurisdiksiya, qarşılıqlılıq və sərhədlərin toxunulmazlığı.

    "Heç bir qərar bu bəyannamədə təsbit olunmuş çərçivədən kənara çıxa bilməz. Hər iki tərəf mümkün qədər tez hərəkətə keçməyin zəruriliyini qeyd edib", - Baş nazir qeyd edib.

    O, prosesin tempini müəyyən dərəcədə beynəlxalq hadisələr nüfuz etdiyini vurğulayıb.

    "Avqustun 8-də biz Vaşinqtonda ABŞ-la razılığa gəldik. Daha sonra Ukrayna və Yaxın Şərq ətrafında gərgin vəziyyət yarandı ki, burada prezident Tramp və onun administrasiyası birbaşa iştirak edir. Bu layihə üzərində eyni adamlar, eyni komandalar işləyir. Bu reallıqlar prosesin sürətinə mütləq təsir edir".

    Paşinyan həm də bildirib ki, Ermənistan və Azərbaycan TRIPP layihəsinin hissələri üzrə delimitasiya işləri aparacaqlar.

    Onun sözlərinə görə, bu hissələrdə kommunikasiya xətlərinin çəkilişinə başlamazdan əvvəl sərhəd xəttinin dəqiq müəyyən edilməsi üçün ilk növbədə demarkasiya və delimitasiya aparılacaq.

    Paşinyan qeyd edib ki, sərhədin qalan hissələrində komissiyalar öz işini davam etdirəcək. O əlavə edib ki, iki proses bir-birinə bağlıdır, çünki həm delimitasiya, həm də kommunikasiya xətlərinin açılması Ermənistan və Azərbaycan baş nazirlərinin eyni müavinləri tərəfindən əlaqələndirilir.