Türk İnvestisiya Fondu hansı səlahiyyətlərə malik olacaq?
Türk İnvestisiya Fondunun yaradılması haqqında” Saziş 2023-cü il martın 16-da Ankara şəhərində imzalanıb
“Türk İnvestisiya Fondunun yaradılması haqqında” Sazişin təsdiq edilməsi ilə bağlı qanun layihəsinə əsasən, təsisçi üzvlər olmayan TDT-nin iştirakçı dövlətləri bu Sazişə qoşulmaqla Fondun üzvü ola bilərlər. Digər dövlətlər 38-ci maddəyə uyğun olaraq Rəhbərlər Şurası tərəfindən müəyyənləşdirilən şərtlər və qaydalar əsasında üzv ola bilərlər.
Bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin mayın 24-də keçirilən iclasında bildirilib.
Qeyd olunub ki, sənədə əsasən, Fond öz məqsədini həyata keçirmək üçün aşağıdakı funksiya və səlahiyyətlərə malikdir:
a) regiondaxili ticarətin təşviqində yardım etmək;
b) xüsusilə mikro, kiçik və orta müəssisələrə aid olan layihələri maliyyələşdirmək;
c) beynəlxalq və milli maliyyə və inkişaf institutları, eləcə də ticarət palataları və özəl müəssisələr ilə əməkdaşlıq etmək və birgə maliyyələşdirmək;
d) nəqliyyat və logistika zəncirlərinin, saxlama və istehsal imkanlarının genişləndirilməsini dəstəkləmək;
e) dövlət-özəl tərəfdaşlığı daxil olmaqla fiziki və rəqəmsal infrastrukturun yaradılmasını və modernləşdirilməsini dəstəkləmək;
f) sənaye istehsalı, infrastruktur, nəqliyyat, kənd təsərrüfatı, informasiya və kommunikasiya texnologiyaları və turizm daxil olmaqla qarşılıqlı maraq doğuran sahələrdə inkişaf layihələrini dəstəkləmək;
g) enerji səmərəliliyi, bərpa olunan enerji və ətraf mühitin mühafizəsinə investisiya yatırmaqla yaşıl iqtisadiyyata töhfə verən layihələri maliyyələşdirmək;
h) zəruri hesab edildikdə investisiya layihələrinin hazırlanması üçün yardım və maliyyə dəstəyi təmin etmək.
Qeyd edək ki, “Türk İnvestisiya Fondunun yaradılması haqqında” Saziş 2023-cü il martın 16-da Ankara şəhərində imzalanıb.