XƏBƏRLƏR / Hərbi

Türkiyə Milli Müdafiə Nazirliyi ermənilərə xəbərdarlıq edir

Nazirlik sentyabrın 15-də Bakının düşmən işğalından azad edilməsinin 105-ci ildönümünü xüsusi qeyd edib

Türkiyə Milli Müdafiə Nazirliyi ermənilərə xəbərdarlıq edir
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Hazırda Türkiyə Silahlı Qüvvələri Azərbaycan Ordusunun modernləşdirilməsi və təlimi, erməni işğalından azad edilmiş rayonlarda mina və partlayıcı qurğuların axtarışı və zərərsizləşdirilməsi istiqamətində dəstəyini davam etdirir.

    Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmisi bildirib.

    Ermənistanın bölgədə təkcə atəşkəsi pozması deyil, həm də səngərlər qazması, yeni mövqelərdə istehkamlar inşa etməsi müşahidə olunur.

    Qeyd olunub ki, Ermənistan təxribatlardan əl çəkməli, diqqətini sülh danışıqları və əməkdaşlığa yönəltməlidir:

    “Regional sülh və sabitliyə aparan yol hərtərəfli sülh sazişinin imzalanmasından keçir. Bu səbəbdən də Zəngəzur dəhlizinin açılması böyük əhəmiyyət kəsb edir”.

    O, Qafqaz regionunun sülh şəraitində gələcəyə doğru möhkəm addımlar atacağına inandığını qeyd edib: “Ermənistanın uzadılmış sülh əlini tutacağına ümid edir, Azərbaycan və Ermənistan arasında daimi sülhün bərqərar olması üçün səmimi səyləri dəstəklədiyimizi bir daha bildiririk. Kədərdə, sevincdə birləşdiyimiz azərbaycanlı qardaşlarımızı “iki dövlət, bir millət” anlayışı ilə onların haqlı işlərində indiyə qədər etdiyimiz kimi, bundan sonra da bütün imkanlarımızla dəstəkləyəcəyik”.

    Nazirlik rəsmisi, həmçinin sentyabrın 15-də Bakının düşmən işğalından azad edilməsinin 105-ci ildönümü münasibətilə Nuru (Killigil) Paşanı və onun komandanlığı altında olan Qafqaz İslam Ordusunun qəhrəman şəhidlərini rəhmətlə yad etdiyini əlavə edib.