Türkiyə-Səudiyyə Ərəbistanı-Pakistan Məkkə Paktı haqqında
Bakı üçün Məkkə Paktı Azərbaycanın müttəfiqlərinin hərbi-siyasi ittifaqıdır
Məkkədəki üçtərəfli sammit və imzalanmış müdafiə Paktı haqqında artıq çox fikirlər söylənilib. Gəlin, bu fikirləri ümumiləşdirək və maraqlı məqamlar üzərində dayanaq.
Məkkə Paktı iki illik müzakirələrin nəticəsidir. Daha əvvəl Səudiyyə Ərəbistanı və Pakistan arasında ikitərəfli müdafiə Paktı imzalanıb. Yəni, tərəflər anlayışlı şəkildə hərbi-müdafiə sazişinə doğru gediblər.
Hərbi ittifaqlarda iştirak baxımından ən çox təcrübəyə malik Türkiyədir. Ən yüksək inteqrasiya olunmuş hərbi ittifaq sayılan NATO-ya üzvlük Ankaraya hərbi ittifaq quruculuğu təcrübəsini Məkkə Paktına tətbiq etməyə imkan verir. Mərkəzi siyasi ofisin hərbi ofisdən ayrıldığı NATO-dan fərqli olaraq, Məkkə Paktı Səudiyyə Ərəbistanında yerləşən vahid hərbi-siyasi koordinasiya mərkəzinin mövcudluğunu nəzərdə tutur. Nümayəndə heyətlərinə baxsaq, bunlar xarici işlər və müdafiə nazirlikləri, baş qərargahlar və kəşfiyyatdır.
İnteqrasiyanın nə dərəcədə effektiv olması və regionun digər ölkələri üçün ittifaqın cəlbedici hala gəlməsi Paktın iştirakçı ölkələrindən asılıdır. Bu gün əsas çağırış Paktın institusionallaşmasıdır. Bu dövr nə qədər tez və ahəngdar şəkildə aşılarsa, regionun bütün digər dövlətləri və dünya mərkəzləri bu Pakta bir o qədər ciddi yanaşacaqlar. İnstitusionallaşma mürəkkəb prosesdir, məsələn, NATO standartları 1100 normativ sənədi əhatə edir.
Məkkə Paktı regionda Hörmüz boğazı və Qırmızı dənizidən yan keçən yeni nəqliyyat-logistika yollarının təhlükəsizliyinin təmin edilməsi üçün şərait yaradacaq.
Hər bir ölkənin qarşısında müəyyən təhidlər var: Səudiyyə Ərəbistanı üçün bu hüsilər və İranın zərbələri, Pakistan üçün Hindistanla münaqişə, Türkiyə üçün İsraillə ziddiyyətlərdir. Müdafiə Paktı ölkənin kömək üçün müraciət etdiyi zaman işə düşür. Beləliklə, Məkkə Paktı iştirakçı ölkənin təhlükəsizlik təhdidini aradan qaldırmağa çətinlik çəkdiyi təqdirdə əlavə bir alətdir.
Məkkə Paktına ciddilik qazandıran amil Pakistanın – nüvə silahına malik ölkənin iştirakıdır. Beləliklə, Türkiyə və Səudiyyə Ərəbistanı nüvə silahına malik olan potensial düşmən tərəfindən mümkün nüvə şantajını neytrallaşdırırlar.
Məkkə Paktında böyük dövlətlər yoxdur və bu, müdafiə ittifaqına müəyyən spesifik xarakter verir. Burada biz müasir beynəlxalq münasibətlərdə müşahidə edilən bir tendensiyasını görürük: Region dövlətləri öz məkanları üçün getdikcə daha çox məsuliyyət daşıyaraq, böyük dövlətlərlə ənənəvi müttəfiqliklərə alternativ yaradır və ya onları tamamlayırlar. Formalaşmış ittifaqlarda böhran dövründə dövlətlərin bu cür davranışı tamamilə məntiqidir.
Hərbi-texniki əməkdaşlıq üçün üç ölkə bütün mümkün resurslara – insan, maliyyə-iqtisadi, təşkilati, texnoloji, siyasi, iradi resurslara malikdir. Paktın səmərəliliyini artırmaq üçün resursları rasional şəkildə bölüşdürmək kifayətdir.
Məkkə Paktı Yaxın Şərqin yeni konfiqurasiyasında liderlik iddiasıdır.
Hər üç ölkənin ABŞ və Çinlə sıx əlaqələri var ki, bu da Məkkə Paktını planetimizdəki əsas rəqiblər üçün maraqlı edir. Məkkə Paktının hər üç ölkəsi Vaşinqton və Pekin üçün maksimum dərəcədə proqnozlaşdırıla biləndir.
Pakt üçün əsas çağırışlar – İran ətrafındakı vəziyyət və İranın özü, İsrailin aqressiv siyasəti, regionun zəif dövlətləri – İraq, Suriya, Livandır. Belə demək olar ki, Pakt regionun güclü dövlətlər qrupunun bu çağırışlara reaksiyasıdır. Məkkə Paktı ölkələrinin vahid mövqeyi regionun nisbi sabitləşməsində müsbət rol oynaya bilər.
Bakı üçün Məkkə Paktı – Azərbaycanın müttəfiqlərinin hərbi-siyasi ittifaqıdır. Yaxın Şərqin sabitliyi, proqnozlaşdırıla bilənliyi və inkişafı Azərbaycanın maraqları ilə tam üst-üstə düşür. Yaxın Şərqin Azərbaycanın xarici siyasi və xarici iqtisadi fəaliyyətində yeri və rolu getdikcə artmaqdadır. Əgər regionda sabitliyin təşəbbüskarları Azərbaycana yaxın ölkələr çıxış edirsə, bu, Bakının mövqelərinə yalnız müsbət təsir göstərə bilər
5 dəqiqə