Türkiyə və Gürcüstan din xadimlərinin Şuşaya səfəri başlayıb
Nümayəndə heyətinin tərkibinə 30-dan çox azərbaycanlı din xadimi qatılıb YENİLƏNİB

13:34
Xaricdə yaşayan soydaşlarımızla dini-mənəvi əlaqələrin, birlik və həmrəylik bağlarının daha da gücləndirilməsi məqsədilə Türkiyə və Gürcüstandan olan din xadimlərindən ibarət nümayəndə heyəti Azərbaycanda səfərdədir.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və tabeliyində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı ilə həyata keçirilən səfər çərçivəsində nümayəndə heyəti mayın 31-də Şuşa şəhərinə gəlib.
Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin əməkdaşları qonaqlara Şuşa şəhəri, burada həyata keçirilən yenidənqurma işləri barədə məlumat veriblər.
Qonaqların diqqətinə çatdırılıb ki, 30 ilə yaxın işğal dövründə şəhərdəki tarixi binalar, məscidlər, abidələr erməni vandalizminə məruz qalıb. Şuşa işğaldan azad edildikdən sonra burada genişmiqyaslı bərpa-quruculuq işlərinə start verilib. İnfrastrukturun qurulması ilə yanaşı, Şuşada şəhərin əsl tarixi simasının, tarix və mədəniyyət abidələrinin bərpasına başlanılıb.
Din xadimləri sonra Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin güllələnmiş heykəllərinin qoyulduğu Şuşa şəhər mərkəzi meydanı, Xurşidbanu Natəvanın evi və Xan qızı bulağının yerləşdiyi ərazi, qala divarları, Mehmandarovların malikanə kompleksi ilə tanış olublar.
Yuxarı Gövhər Ağa məscidində olan qonaqlara məlumat verilib ki, qədim Şuşada 17 məhəllə olub. Hər məhəllədə hamam, məscid və bulaq var idi. Qədim məhəllələrdəki tarixi-memarlıq nümunəsi olan bu tikililər, o cümlədən məscidlər də erməni vandalizminə məruz qalıb. Şuşa şəhəri işğaldan azad olunduqdan sonra Yuxarı Gövhər Ağa, Aşağı Gövhər Ağa, Saatlı, Mamayı və Çöl Qala məscidləri bərpa olunub.
Nümayəndə heyəti Molla Pənah Vaqifin muzey-məqbərə kompleksi ilə də tanış olub, Cıdır düzündən açılan əsrarəngiz mənzərəni seyr ediblər.
***
11:09
Ermənilər Qarabağda təkcə tikililəri və təbiəti deyil, insanlığı da məhv ediblər.
Bunu türkiyəli din xadimi Ahmed Erdem Şuşada deyib.
O, Azərbaycana Türkiyənin Qars şəhərindən gəldiyini bildirib:
"Bura mənim ata yurdumdur. Çünki ata babam Şuşa, ana babam isə Gəncə şəhərindəndir. 1918-ci ildə ermənilərin Qarabağda azərbaycanlılara qarşı törətdiyi soyqırımı zamanı Türkiyəyə mühacirət ediblər. Atalarımız ölən günədək Azərbaycan həsrəti çəkdilər. Mən indi bura gəlmişəm, həm atam, həm də anamın həsrətini çəkdiyi bu yerləri eyni zamanda onların adına ziyarət edirəm".
A.Erdem azad edilən ərazilərdə gördüklərinin insanlıq əleyhinə cinayət olduğunu və bu faktları dünyaya çatdırmağın zəruri olduğunu söyləyib: "Ermənilərin Qarabağda təkcə tikililəri və təbiəti deyil, insanlığı da məhv etdiklərinin şahidi oldum. Burada olan mənzərə, bəşəri cinayətlərin qalıqları mütləq saxlanılmalı və dünyaya göstərilməlidir. Qoy bütün dünya bu vəhşiliyin nümunələrini real faktlarla görsünlər. Hər kəs ermənilərin insan, millət, təbiət və din qatili olduğunu daha yaxından tanısınlar".
***
09:29
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və tabeliyində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı ilə Azərbaycana səfər edən Türkiyə və Gürcüstandan olan din xadimləri Şuşa şəhərinə gəliblər.
Din xadimlərindən ibarət nümayəndə heyəti mayın 31-də Şuşa şəhərində tarixi məkanlar, o cümlədən Yuxarı Gövhərağa, Aşağı Gövhərağa, Saatlı məscidləri və Cıdır düzü ilə tanış olacaq.
Qeyd edək ki, səfər xaricdə yaşayan həmvətənlərlə dini-mənəvi əlaqələrin, birlik və həmrəylik bağlarının daha da gücləndirilməsi məqsədi daşıyır.
30-dan çox azərbaycanlı din xadiminin qatıldığı səfər iyunun 2-dək davam edəcək.