XƏBƏRLƏR / Qayıdış

İlin sonunadək Cəbrayılın Soltanlı kəndinə köç olacaq

Araz Vadisinin yaxınlığında yerləşən Soltanlı yenidən qurulur, kənddə 420 ev inşa edilir

İlin sonunadək Cəbrayılın Soltanlı kəndinə köç olacaq
  • Oxuma müddəti:

    3 dəqiqə

  • Cəbrayılın yenidən qurulan yaşayış məntəqələrindən biri də Soltanlı kəndidir. İşğal dövründə tamamilə dağıdılan kənd uzun illər qaranlığa və sükuta qərq olsa da, Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı Zəfərdən sonra burada yenidən həyat canlanır. Araz Vadisi İqtisadi Zonasının yaxınlığında yerləşən Soltanlı gələcəkdə əhalinin məşğulluğunun artırılması baxımından əlverişli mövqeyə malikdir. Eyni zamanda, Zəngəzur dəhlizinin tərkib hissəsi hesab olunan Horadiz–Ağbənd dəmir yolu və avtomobil yolunun kənd yaxınlığından keçməsi yaşayış məntəqəsinin strateji əhəmiyyətini daha da artırır və kəndin inkişafı üçün geniş imkanlar yaradır. Cəbrayıl rayonunun Soltanlı kəndinin təməlqoyma mərasimi 2023-cü il noyabrın 24-də keçirilib.

    Hazırda kəndin yenidən qurulması "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı" çərçivəsində davam etdirilir.

    Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktoru Növrəs Cəfərov bildirib ki, kəndin baş planı Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi ilə Macarıstanın tikinti və layihələndirmə sahəsində fəaliyyət göstərən KESZ Şirkətlər Qrupu və Bakı Dövlət Layihə İnstitutu tərəfindən hazırlanıb. "Layihəyə əsasən, 420 fərdi yaşayış evinin inşası ilə yanaşı, 140 yerlik uşaq bağçası, çoxfunksiyalı bina, inzibati bina, həkim-tibb məntəqəsi, bayraq meydanı və digər sosial infrastruktur obyektləri yaradılır.

    Kənddə ümumilikdə 108 hektar ərazidə, hər birinin 12 sot həyətyanı sahəsi və həmin sahədə köməkçi tikilisi olmaqla, 420 fərdi yaşayış evinin tikintisi aparılır. Bunlardan 80-i 2 otaqlı, 200-ü 3 otaqlı, 110-u 4 otaqlı, 30-u isə 5 otaqlı fərdi evlərdir. Bütün evlər bir mərtəbəli olmaqla müasir kənd yaşayış standartlarına uyğun inşa edilir. Tikinti işləri yüksək templə davam edir. 420 fərdi yaşayış evindən 336-sının tikinti işləri tam yekunlaşıb. 73 evdə dam örtüyü tamamlanıb, daxili mühəndis-kommunikasiya sistemləri quraşdırılır və paralel olaraq daxili bəzək işləri aparılır. Ümumilikdə yaşayış evləri üzrə işlərin təxminən 50 faizi icra olunub.

    Sosial obyektlər üzrə ümumi icra səviyyəsi təxminən 30 faiz təşkil edir. Hazırda 140 yerlik uşaq bağçasının qaba tikinti işləri tamamlanıb, dam və fasad işləri aparılır. Çoxfunksiyalı binanın tikintisi yekunlaşıb, dam və fasad işləri davam edir. İnzibati binanın tikintisi başa çatmaq üzrədir. Həkim-tibb məntəqəsinin isə tikinti işləri davam etdirilir. Eyni zamanda kənd ərazisində yağış sularının - sel sularının kənarlaşdırılması üçün də işlər aparılır".

    Qeyd edək ki, müasir şəhərsalma prinsiplərinə uyğun şəkildə inşa edilən Soltanlı yalnız yeni evlərin tikildiyi kənd deyil, eyni zamanda müasir sosial infrastrukturun, iqtisadi imkanların və rahat yaşayış mühitinin formalaşdırıldığı nümunəvi yaşayış məntəqələrindən biri olacaq.