Türkiyə və Gürcüstan İran şirkətinin üçuşlarını qadağan etdi
Bu barədə "Middle East Eye" nəşri və “Azadlıq radiosu”nun Gürcüstan xidməti xəbər verib
Türkiyə İranın "Mahan Air" aviaşirkətinin iki ölkə arasında həyata keçirdiyi reysləri dayandıracaq.
"Middle East Eye"a (MEE) xəbər verir ki, bu barədə nəşrə Türkiyə rəsmiləri bildiriblər.
Qərar "Mahan Air"in Türkiyə və İran arasındakı bütün uçuşlarına şamil ediləcək.
Buna səbəb ABŞ-ın İranın "Mahan Air" aviaşirkətinə xidmət göstərən Türkiyə şirkətlərinə qarşı sanksiyalar tətbiq etməsidir. Qərar sentyabrın 21-dən qüvvəyə minəcək.
Bu ayın əvvəlində ABŞ Maliyyə Nazirliyi İranın mülki aviaşirkətlərinə, yerüstü xidmət və yükdaşıma şirkətlərinə, eləcə də aviasiya komponentləri təchizatçılarına qarşı sanksiyalar elan edib. Sanksiya siyahısına Türkiyənin üç şirkəti - "S Sistem", "Mes Cargo" və "Sky Phoenix" daxil edilib. Amerika idarəsinin məlumatına görə, onlar "Mahan Air"ə xidmətlər göstərib, o cümlədən təyyarələrin tədarükündə və alınmasında iştirak edib, həmçinin satış üzrə xidmətlər təqdim ediblər.
***
ABŞ-ın sanksiya tətbiq etdiyi İran aviaşirkətləri bu gündən etibarən Gürcüstana uçuşları dayandırıb.
Bu barədə “Azadlıq radiosu”nun Gürcüstan xidməti məlumat yayıb.
Aviadaşıyıcılar Gürcüstana sonuncu reyslərini sentyabrın 20-də yerinə yetiriblər, sentyabrın 21-dən etibarən isə onların Gürcüstanın aviasiya bazarındakı fəaliyyəti məhdudlaşdırılacaq.
Qeyd edək ki, sentyabrın 8-də ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) İranın 27 aviaşirkətini sanksiyalar siyahısına daxil edib. Onların arasında İranla Gürcüstan arasında reyslər həyata keçirən aviadaşıyıcılar da var. ABŞ-ın bu qərarından sonra Gürcüstanın Mülki Aviasiya Agentliyi sanksiya rejiminə tam əməl ediləcəyini bildirib.
2 dəqiqə