XƏBƏRLƏR / Müttəfiq

Türkiyədə "Azərbaycan məhəlləsi"ndəki evlərin inşası bitib

YENİLƏNİB

Türkiyədə "Azərbaycan məhəlləsi"ndəki evlərin inşası bitib
  • Oxuma müddəti:

    3 dəqiqə

  • 17:08

    Türkiyənin Kahramanmaraş şəhərində “Azərbaycan” məhəlləsinin baş planı üzrə 7, 8, 11 və 12-ci kvartallarının tikintisi yekunlaşmaq üzrədir.

    Bu barədə Mənzil İnşaatı Dövlət Agentliyindən (MİDA) bildirilib.

    Məlumata görə, 4 kvartalda 26 yaşayış binası yerləşir. Binalar hamısı 4 mərtəbəlidir. Bu binalarda ümumilikdə 456 mənzil, 328 qeyri-yaşayış obyekti inşa edilir:

    ““Azərbaycan” məhəlləsində yerləşəcək mədəniyyət mərkəzinin də layihələndirmə işləri Türkiyə Respublikasının səlahiyyətli qurumu tərəfindən tamamlanmaq üzrədir. Layihə hazır olduqdan sonra qısa zaman ərzində mədəniyyət mərkəzinin və yeni yaşayış binalarının tikintisinin həyata keçirilməsi üçün işlərə başlanılacaq”.

    Qeyd edək ki, 2023-cü ilin fevral ayında Türkiyədə baş verən dəhşətli zəlzələdən sonra Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, Azərbaycan hökuməti zəlzələnin baş verdiyi Kahramanmaraş vilayətində yeni yaşayış məhəlləsinin tikintisinə dəstək verib. Türkiyə hökumətinin dəstəyi ilə layihə ərazisi “Azərbaycan Məhəlləsi” adlandırılıb. Layihə üzrə Azərbaycanın icraçı qurumu qismində MİDA fəaliyyət göstərir.

    2024-cü il sentyabr ayının 11-də “Azərbaycan” məhəlləsində yeni MİDA tərəfindən inşa edilən Heydər Əliyev adına ibtidai məktəbin və uşaq bağçasının açılışı baş tutub. Üçmərtəbəli müasir məktəb və uşaq bağçası binasında 20 ibtidai sinif otağı, 3 uşaq bağçası otağı yerləşir. İbtidai məktəbdə təhsilə dəstək məqsədilə əlavə otaqlar da mövcuddur. Buraya xüsusi alətlər və tədris materialları ilə təchiz olunmuş 1 emalatxana, musiqi dərslərinin keçirilməsi üçün musiqi alətlərinin olduğu 1 musiqi otağı, rəsm və əmək dərslərinin keçirilməsi üçün 2 emalatxana, texnologiya, riyaziyyat və mühəndislik sahəsində bacarıqların təkmilləşdirilməsi üçün 1 emalatxana daxildir.

    ***

    11:25

    Türkiyənin Kahramanmaraş şəhərində salınan “Azərbaycan məhəlləsi"nin baş planı üzrə 7, 8, 11 və 12-ci kvartallarında tikinti işləri yekunlaşıb.

    Müasir memarlıq üslubunda inşa edilən evlər günəş panelləri ilə təchiz olunub.

    Dörd kvartalda yerləşən 26 yaşayış binası qarşıdakı günlərdə sahiblərinə təhvil veriləcək. Bu binalarda ümumilikdə 456 mənzil, 328 qeyri-yaşayış obyekti inşa edilib.

    Yeni yaşayış massivi təkcə evlərdən ibarət deyil. Ərazidə müxtəlif ticarət və sosial obyektlər, parklar, istirahət yerləri, uşaq meydançaları da var.

    Qeyd edək ki, 2023-cü il fevralın 6-da mərkəzi Kahramanmaraş olmaqla, Türkiyədə baş verən 7.7 və 7.6 bal gücündəki dağıdıcı zəlzələdə 53 min 537 nəfər həyatını itirib, 107 min 213 nəfər isə müxtəlif bədən xəsarətləri alıb. Zəlzələ nəticəsində 38 min 901 bina dağılıb.