Türkiyədə məzun olan Azərbaycan hərbçilərinə diplom verilib

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib

  • Oxuma müddəti:

    1 dəqiqə

  • Azərbaycan Ordusunun hərbi qulluqçuları Türkiyənin Milli Müdafiə Universitetinin Hərbi Dəniz Qüvvələri üzrə Gizir Hazırlığı Məktəbində təhsillərini başa vurublar.

    Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

    Qeyd olunub ki, Yalova vilayətində keçirilən mərasimdə Türkiyə Hərbi Dəniz Donanmasının rəhbər heyəti, rəsmi qonaqlar, məktəbin müəllim-professor heyəti və məzunların ailə üzvləri iştirak ediblər.

    Bildirilib ki, hərbi qulluqçular iki ölkə arasında hərbi təhsil sahəsində mövcud müqaviləyə əsasən Türkiyənin Milli Müdafiə Universitetinin Hərbi Dəniz Qüvvələri üzrə Gizir Hazırlığı Məktəbində təhsil alırlar.

    Təhsil ocağı ikiillik hərbi təhsil proqramı üzrə Türkiyə Hərbi Dəniz Qüvvələri üçün miçman kadrlarının hazırlanmasında mühüm rol oynayır.

    Tədbirdə Azərbaycanın Türkiyədəki hərbi attaşelik aparatının nümayəndələri iştirak edərək miçman rütbələri almış 5 hərbi qulluqçunu təbrik edib, onlara gələcək xidmətlərində uğurlar arzulayıblar.