Türkiyədə Mustafa Kamal Atatürkün xatirəsi anılır
Bu gün qazi Mustafa Kamalın vəfatının 87-ci ildönümüdür
Türkiyədə Respublikanın banisi və ilk Prezidenti Mustafa Kamal Atatürkün vəfatının 87-ci ildönümü ilə əlaqədar tədbirlər keçirilir.
Hər il noyabrın 10-da saat 09:05-də (Atatürkün İstanbulda, “Dolmabahçe” sarayında vəfat etdiyi dəqiq vaxt) bütün ölkə üzrə bir dəqiqəlik sükut elan olunur.
Uzaqgörən dövlət xadimi və istedadlı sərkərdə hələ sağlığında həm Türkiyədə, həm də onun hüdudlarından kənarda nüfuz və dərin ehtiram qazanmışdı.
Türkiyə vətəndaşları dünyanın hər yerində, Türkiyə xalqının milli-azadlıq hərəkatının lideri, taleyüklü siyasi, sosial və mədəni islahatların banisi olan Atatürkün xatirəsini ehtiramla yad edirlər.
Respublikanın bir çox şəhərlərində Atatürk abidələri önünə əklillər qoyulur.
Türkiyə Respublikasının banisinin Ankaradakı “Anıtkabır” mavzoleyində ölkə rəhbərliyinin iştirakı ilə rəsmi mərasim keçirilir.
"Türkiyə qlobal güc mənbəyinə çevrilmə yolunda inamlı addımlarını davam etdirir".
Bu fikir Prezident Rəcəb Tayyib Ərdoğanın Türkiyə Respublikanın banisi və ilk Prezidenti, görkəmli dövlət xadimi Mustafa Kamal Atatürkün vəfatının 87-ci ildönümü münasibətilə Ankaradakı “Anıtkabır” mavzoleyində Qonaqların Şərəf Kitabına yazdığı qeyddə yer alıb.
Türkiyə lideri vurğulayıb ki, ölkənin bugünkü nəsli Atatürkün vəsiyyətlərinə sadiq qalmaqda davam edir. “Ölkəmizin hər bir guşəsində yeni layihə və proqramlar həyata keçirilir”, – deyə Prezident Ərdoğan yazıb.
1 dəqiqə