Dəməşqdə Əş-Şaraa, Zelenski və Fidan bir araya gəliblər
Tərəflər Suriyanın yenidən qurulması, təhlükəsizlik məsələləri və regional münaqişələrin təsirini müzakirə edəcəklər YENİLƏNİB/ FOTO
23:00
Dəməşqdə Ukrayna-Suriya-Türkiyə formatında üçtərəfli görüşdə müdafiə əməkdaşlığı və ərzaq təhlükəsizliyi məsələləri müzakirə olunub.
Bu barədə Suriyada səfərdə olan Ukrayna Prezidenti Volodimir Zelenski “Telegram” kanalında məlumat verib.
Zelenskinin sözlərinə görə, Dəməşqdə iki görüş - Suriya Prezidenti Əhməd əl-Şara və hər iki liderin komandaları ilə ikitərəfli görüş, həmçinin Ukrayna-Suriya-Türkiyə formatında üçtərəfli görüş keçirilib.
"Təhlükəsizlik və müdafiə məsələlərindən, İran ətrafında baş verən bütün hadisələrə görə regiondakı vəziyyətdən tutmuş ölkələrimiz arasında enerji və infrastruktur əməkdaşlığına qədər biz hər şeyi müzakirə edə bildik. Həmçinin ərzaq təhlükəsizliyi üzərində işləməyə davam edəcəyik", - deyə Zelenski əmin edib.
Prezident, həmçinin qeyd edib ki, Ukrayna ilə Rusiya arasında danışıqlar prosesi də müzakirə olunub. Zelenski səfər zamanı Ukrayna nümayəndə heyətini qarşılayan suriyalılara təşəkkür edib.
"Ukrayna Əsəd rejiminin süqutundan sonra yeni Suriyanı dəstəkləyən ilk ölkələrdən biri olub. Biz sabitliyi və inkişafı dəstəkləməyə davam etməyə hazırıq. Xalqlarımızı, ölkələrimizi və iqtisadiyyatlarımızı daha da gücləndirmək üçün birlikdə daha çox çalışacağıq", -deyə Zelenski əlavə edib.
***
20:00
Dəməşqdə Suriya və Ukrayna prezidentləri Əhməd Əş-Şaraa və Vladimir Zelenski ilə Türkiyə xarici işlər naziri Hakan Fidan arasında üçtərəfli görüş keçirilir.
***
18:47
Türkiyənin xarici işlər naziri Hakan Fidan ikitərəfli və regional məsələlər üzrə bir sıra danışıqlar aparmaq üçün Dəməşqə gəlib - SANA agentliyi.

Səfər çərçivəsində Dəməşqdə səfərdə olan Ukrayna Prezidenti Zelenski və Suriya Prezidenti Əş-Şaraa ilə üçtərəfli görüş planlaşdırılır.

Tərəflər Suriyanın yenidən qurulması, təhlükəsizlik məsələləri, şimal-şərqin inteqrasiyası və Livandakı vəziyyət də daxil olmaqla regional münaqişələrin təsirini müzakirə edəcəklər.
2 dəqiqə