XƏBƏRLƏR / Siyasət

Türkmənistan Prezidenti Azərbaycanın Baş nazirini qəbul edib

Bu barədə Nazirlər Kabineti məlumat yayıb

Türkmənistan Prezidenti Azərbaycanın Baş nazirini qəbul edib
  • Oxuma müddəti:

    3 dəqiqə

  • Azərbaycanın Baş naziri Əli Əsədov avqustun 5-də Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov ilə görüşüb.

    Bu barədə Nazirlər Kabineti məlumat yayıb.

    Məlumata əsasən, Ə.Əsədov Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını Türkmənistanın dövlət başçısına çatdırıb.

    Sərdar Berdiməhəmmədov Prezident İlham Əliyevin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Azərbaycanın dövlət başçısına çatdırmağı xahiş edib.

    Görüşdə Azərbaycan ilə Türkmənistan arasında dostluq və qardaşlıq münasibətlərinin dinamik inkişafından məmnunluq ifadə olunub, ikitərəfli əməkdaşlığın qarşılıqlı maraq doğuran sahələrdə inkişaf perspektivləri müzakirə edilib.

    ***

    17:10

    Avqustun 5-də Avazada Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev və Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov arasında üçtərəfli görüş keçirilib.

    Nazirlər Kabinetindən bildirilib ki, Ə.Əsədov Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını Türkmənistan Xalq Məsləhətinin sədrinə və Özbəkistanın dövlət başçısına çatdırıb.

    Qurbanqulu Berdiməhəmmədov və Şavkat Mirziyoyev Prezident İlham Əliyevin salamlarına görə minnətdarlıqlarını bildiriblər, onların da salamlarını Azərbaycanın dövlət başçısına çatdırmağı xahiş ediblər.

    Qurbanqulu Berdiməhəmmədov və Şavkat Mirziyoyev Azərbaycanın Mərkəzi Asiya ölkələri ailəsində, Dövlət başçılarının Məşvərət şurasında xüsusi yerinin olduğunu, Azərbaycan Prezidentinin bu istiqamətdə çox iş gördüyünü vurğulayıb və Azərbaycanın region ölkələri ilə birlikdə Avrasiya, habelə bütün dünya üçün böyük əhəmiyyət kəsb etdiyini bildiriblər.

    Q.Berdiməhəmmədov Mərkəzi Asiya ölkələri və Azərbaycan formatının artıq faktiki olaraq mövcudluğunu, bu əməkdaşlığın günün tələbinə çevrildiyini və bu formatın daimi praktikaya çevrilməsinin zəruriliyini qeyd edib.

    Türkmənistan Xalq Məsləhətinin sədri Prezident İlham Əliyevin Azərbaycan-Türkmənistan-Özbəkistan formatında əməkdaşlığı vacib saydığını qeyd edib və bu görüşü belə bir yeni formatın əsasının qoyulması kimi qiymətləndirib.

    Üçtərəfli formatın ilk görüşündə humanitar, mədəni əlaqələrin inkişafının vacibliyi və iqtisadi əməkdaşlıq mövzuları müzakirə edilib. İqtisadi sahədə ən aktual istiqamətlər kimi nəqliyyat, logistika, enerji sektorlarında strateji əməkdaşlığın daha da genişləndirilməsinə qarşılıqlı maraq ifadə olunub.

    Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov Azərbaycanda səfərdə olarkən Prezident İlham Əliyev ilə Füzuli rayonunda məscidin tikintisi, habelə Füzuli və Arxadağ şəhərlərinin qardaşlaşması ilə bağlı razılığın əldə olunduğunu bildirib.