15:20
İyunun 23-də Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Azərbaycana dövlət səfəri başa çatıb.
Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovu yola salıb.



***
15:14
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov iyunun 23-də Şuşada birgə nahar ediblər.

***
15:10
İyunun 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Şuşada Cıdır düzündə olublar.
Prezident İlham Əliyev burada Türkmənistan dövlətinin başçısına “Mərd” adlı Qarabağ atını hədiyyə edib.







***
14:57
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov iyunun 23-də Şuşada Bülbülün ev-muzeyində olublar.

Milli Məclisin deputatı Polad Bülbüloğlu ali qonağa Bülbülün ev-muzeyi barədə məlumat verib.

Bildirib ki, atasının anadan olduğu və uşaqlıq illərini keçirdiyi bu ev Ulu Öndərin göstərişi ilə Şuşa Şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin 1982-ci ildə qəbul etdiyi qərarla Bülbülün ev-muzeyinə çevrilib.


1982-1983-cü illərdə təmir olunan binada muzey ekspozisiyası qurulub və önündə inzibati bina tikilib. Şuşanın işğalı zamanı erməni vandalizminə məruz qalaraq fəaliyyətini dayandıran ev-muzeyinin bərpasına digər tarixi-mədəni abidələrimiz kimi, qədim şəhərimizin işğaldan azad olunmasından sonra başlanılıb. Həyətdə Bülbülün yeni büstü ucaldılıb.
Bununla yanaşı, Şuşanın işğalı dövründə vandalizmə məruz qalmış büst də erməni işğalçılarının mədəni irsimizə qarşı törədilmiş cinayətlərin əyani sübutu kimi burada saxlanılır.

***
14:00
İyunun 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Azərbaycanın tanınmış şəxsiyyətləri Natəvanın, Bülbülün və Üzeyir Hacıbəylinin işğal dövründə güllələnmiş büstlərinə baxıblar.




Türkmənistan Prezidentinə işğal dövründə erməni vandalizminə məruz qalan bu büstlərin talan edilərək Ermənistana aparıldığı və metal qırıntısı kimi əridilməyə cəhd göstərildiyi barədə məlumat verilib. Məhz Ulu Öndər Heydər Əliyevin müdaxiləsi nəticəsində abidələr xilas edilərək Azərbaycana gətirilib. Bir müddət Bakıda Azərbaycan Milli İncəsənət Muzeyinin həyətində saxlanılan bu büstlər Şuşa işğaldan azad olunduqdan sonra əvvəlki yerlərinə qaytarılıb.

***
13:48
İyunun 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Şuşada Heydər Əliyev Fondu tərəfindən bərpa edilən Yaradıcılıq Mərkəzində “Heydər Əliyev və Qarabağ” sərgisi ilə tanış olublar.



“Heydər Əliyev və Qarabağ” sərgisində Ulu Öndərin Qarabağın siyasi, iqtisadi, sosial və mədəni inkişafında xidmətlərini əks etdirən fotoşəkillər, sənədlər və videomateriallar nümayiş olunur. Burada, eyni zamanda, Ümummilli Liderin vaxtilə Qarabağa səfərlərinə, keçirdiyi müxtəlif görüş və tədbirlərə aid fotolar da yer alıb. Sərginin ekspozisiyası 1969-cu ildən başlayaraq Qarabağın və Şərqi Zəngəzurun tarixində başlanan böyük dönüş dövrünü ziyarətçilərə çatdırır. Doğma xalqının böyük təəssübkeşi olan dahi şəxsiyyət Heydər Əliyevin mürəkkəb tarixi şəraitdə bölgənin həyatının bütün sahələrində reallaşdırdığı geniş islahatlara dair faktlar foto və videomateriallar vasitəsi ilə ziyarətçilərə çatdırılır. Sərgidə Ümummilli Lider Heydər Əliyevin həyatı və siyasi fəaliyyətindən bəhs edən “İz” filmi də nümayiş olunur.
***
13:25
İyunun 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Şuşa məscidində tikinti işlərinin gedişi ilə tanış olublar.

Prezidentin köməkçisi Anar Ələkbərov Azərbaycanın və Türkmənistanın dövlət başçılarına məsciddə görülmüş işlər barədə məlumat verib.

Bildirilib ki, təməli 2021-ci ildə Azərbaycan Prezidenti tərəfindən qoyulan məscid tarixi şəhərin yeni müasir rəmzi kimi ucalmaqdadır.
Zəfər Gününün rəmzi olaraq 8 rəqəmi formasında inşa edilən məscid əsas və inzibati binalardan, o cümlədən kişi və qadın dəstəmazxanalarından ibarət olacaq. Məscidin hündürlüyü 73 metr olacaq iki minarəsi Şuşanın ilin on birinci ayında azad edilməsinin rəmzi kimi 11 rəqəmini simvolizə edəcək.
Bu ibadət ocağının binasının xarici səthi Şuşanın qədim məscidinin minarələrində istifadə edilən həndəsi naxışlarla bəzədiləcək. Məscidin tikintisi “Paşa Holdinq”in dəstəyi ilə reallaşır.
Yeni inşa edilən məscid Azərbaycanın işğaldan azad olunan ərazilərində həyata keçirilən bərpa və quruculuq işlərinin mühüm layihələrindən biri olmaqla, Qarabağın dirçəlişini və xalqımızın milli-mənəvi dəyərlərə bağlılığını əks etdirir.

***
12:46
İyunun 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Şuşa şəhərindədirlər.





İlham Əliyev və Sərdar Berdiməhəmmədov Şuşa şəhərində inşa edilmiş birinci yaşayış kompleksində olublar.
Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov Türkmənistan Prezidentinə kompleks barədə məlumat verib.

Bildirilib ki, təməli 2021-ci ildə dövlətimizin başçısı tərəfindən qoyulan və ümumi sahəsi 8 hektara yaxın olan bu kompleksdə iyirmi üç bina inşa edilib. Yaşayış kompleksindəki 450 mənzildən 28-i birotaqlı, 195-i ikiotaqlı, 190-ı üçotaqlı, 30-u dördotaqlı, 7-si isə beşotaqlıdır.


Kompleksdə keçmiş məcburi köçkünlər, həmçinin xidməti mənzillərdə Şuşa şəhərində müxtəlif dövlət qurumlarında çalışan şəxslər yaşayırlar. Burada genişmiqyaslı abadlıq-quruculuq işləri görülüb, yaşıllıqlar salınıb, sakinlərin rahatlığı və istirahəti üçün hər cür şərait yaradılıb.

***
11:24
İyunun 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Şuşa rayonunun Daşaltı kəndinin fonunda şəkil çəkdiriblər.


***
11:20
İyunun 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıblar.

Ağdam, Füzuli və Xocavənd rayonlarında Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov 30 illik işğal dövründə Füzuli rayonunun ərazisində Ermənistan silahlı qüvvələri tərəfindən törədilmiş dağıntılar, vandalizm aktları, həmçinin şəhərin Baş planına uyğun olaraq həyata keçirilən və nəzərdə tutulan işlər barədə Türkmənistan Prezidentinə məlumat verib.
Bildirilib ki, vaxtilə sıx məskunlaşmış və inkişaf edən Füzuli şəhəri erməni işğalı zamanı tamamilə talan edilərək viran qoyulub. İşğaldan azad ediləndən sonra qısa müddətdə şəhərin Baş planı hazırlanıb və dövlətimizin başçısı tərəfindən təsdiqlənib. Füzuli böyük nəqliyyat-logistika potensialına malik olmaqla Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının əsas nəqliyyat arteriyalarının kəsişməsində yerləşir. Ümumi sahəsi 2 min hektara yaxın olan Füzuli şəhərinin Baş planına əsasən, 2040-cı ilə qədər burada 50 min nəfərin yaşaması nəzərdə tutulur. Müasir şəhərsalma standartlarına uyğun yenidən qurulan Füzulidə “Ağıllı şəhər” konsepsiyası tətbiq olunacaq.
Ali qonağa Türkmənistan tərəfindən Füzulidə inşa olunan məscid barədə də məlumat verilib.


Qeyd edilib ki, bu məscidin təməlini Prezident İlham Əliyev, Türkmənistan Xalq Məsləhətinin Sədri Qurbanqulu Berdiməhəmmədov və Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının ötən ilin oktyabrında Qəbələdə keçirilmiş 12-ci Zirvə Görüşündə iştirak edən digər dövlət və hökumət başçıları onlayn formatda qoyublar.
Məscid kompleksinin ümumi ərazisi 1 hektardan çoxdur. Məscidin hər biri 40 metrdən ibarət 2 minarəsi olacaq. Əsas günbəzin hündürlüyü isə 30 metr təşkil edəcək. Məsciddə eyni vaxtda 500 nəfər ibadət edə biləcək.

***
10:48
Azərbaycanda dövlət səfərində olan Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov iyunun 23-də Füzuli rayonuna gəlib.

\Füzuli Beynəlxalq Hava Limanında Türkmənistan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Sərdar Berdiməhəmmədovu Prezident İlham Əliyev qarşılayıb.




9 dəqiqə