XƏBƏRLƏR / Müttəfiq

Bakıda TÜRKPA-nın komitə sədrlərinin iclası keçirilir

YENİLƏNİR

Bakıda TÜRKPA-nın komitə sədrlərinin iclası keçirilir
  • Oxuma müddəti:

    13 dəqiqə

  • 13:19

    Türk dövlətləri arasında müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıq strateji əhəmiyyət daşıyır. Hazırkı qlobal təhlükəsizlik mühitində türk dövlətləri arasında qarşılıqlı həmrəylik və inteqrasiyanın dərinləşdirilməsi olduqca vacibdir. Bu istiqamətdə həm Türk Dövlətləri Təşkilatı, həm də onun parlament ölçüsünü təşkil edən TÜRKPA əsas koordinasiya platformaları rolunu oynayır. Parlamentlərarası əməkdaşlıq bölgənin və üzv ölkələrin təhlükəsizliyi naminə atılan addımlarda mühüm yer tutur.

    Bu sözləri TÜRKPA-nın Baş katibi Mehmet Süreyya Er “Türk dövlətləri arasında təhlükəsizlik və müdafiə üzrə əməkdaşlığın gücləndirilməsi: parlamentlərin rolu” mövzusunda Bakıda keçirilən TÜRKPA üzv parlamentlərinin müdafiə və təhlükəsizlik üzrə komitələri sədrlərinin ikinci iclasında çıxışı zamanı söyləyib.

    O bildirib ki, müdafiə və təhlükəsizlik komitələrinin nümayəndələrinin belə iclasları təkcə TÜRKPA çərçivəsində deyil, ümumilikdə regionda təhlükəsizlik və sabitlik baxımından da ciddi töhfə verir: “Türk dünyasının ortaq tarix, mədəniyyət, dil və mənəvi dəyərlərə əsaslanan birliyi, onu yüksələn qlobal güc mərkəzinə çevirir. Bu birlik artıq bir çox sahələrdə strateji əməkdaşlıq səviyyəsinə yüksəlib”

    Türk dövlətlərinin Avrasiya coğrafiyasında və onun hüdudlarından kənarda təhlükəsizliyin təminində fəal rol oynadıqlarını qeyd edən Baş katib terrorizm, transsərhəd təhdidlər, qonşu regionlardakı sabitlik problemləri kimi ümumi çağırışların mövcudluğunu diqqətə çatdırıb. Bu kimi problemlərin səmərəli şəkildə aradan qaldırılması üçün təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsinin həyati əhəmiyyət daşıdığını bildirib.

    Mehmet Süreyya Er qeyd edib ki, birgə hərbi təlimlər, müdafiə sənayesində əməkdaşlıq, terrorizmlə mübarizə, kibertəhlükəsizlik və hibrid təhdidlərə qarşı mübarizə istiqamətlərində ortaq fəaliyyətlərin gücləndirilməsi, ümumi potensialın səmərəli reallaşdırılmasına şərait yarada bilər: “Bunun üçün isə institusional dialoq və koordinasiyanın sistemli şəkildə davam etdirilməsi əsas şərt kimi önə çıxır. Bu kimi iclasların mütəmadi keçirilməsi vacibdir. Bu, üzv dövlətlər arasında təhlükəsizlik sahəsində ortaq strategiyaların formalaşdırılmasına mühüm dəstək verəcək. Hazırkı toplantı bu istiqamətdə atılmış mühüm addımlardan biridir”.

    ***

    13:06

    Kibertəhlükəsizlik, enerji təhlükəsizliyi və təbii fəlakətlərlə mübarizə kimi yeni dövrün çağırışları bütün Türk dünyasını vahid hədəflər ətrafında birləşdirməyə vadar edir. Bu çağırışların öhdəsindən gəlmək yalnız strateji düşüncə və ortaq vizyonla mümkündür. TÜRKPA bu baxımdan hədəflərimizi və məqsədlərimizi bir araya gətirən unikal platformadır.

    Bu sözləri Şimali Kipr Türk Cümhuriyyəti Məclisinin Hüquq, siyasi məsələlər, xarici əlaqələr və müdafiə komitəsinin sədri Yasemi Öztürk “Türk dövlətləri arasında təhlükəsizlik və müdafiə üzrə əməkdaşlığın gücləndirilməsi: parlamentlərin rolu” mövzusunda Bakıda keçirilən TÜRKPA üzv parlamentlərinin müdafiə və təhlükəsizlik üzrə komitələri sədrlərinin ikinci iclasında çıxışı zamanı söyləyib.

    O, Türk dünyasının siyasi, iqtisadi və mədəni birliyində Şimali Kiprin ayrılmaz bir parça olduğunu vurğulayıb: “Şimali Kipr türk xalqının Türk dünyası ilə ortaq köklərə, tarixə və dəyərlərə söykənən bağları möhkəmdir və bu birlik yalnız mədəni münasibətlərdə deyil, strateji əməkdaşlıq sahəsində də özünü göstərməlidir. Tarix, dil və mədəniyyət birliyimiz müdafiə və təhlükəsizlik sahələrində də qarşılıqlı bərabərliyimizi ortaya qoyur. Bu mənada türk dövlətləri arasında sağlam dialoqun davamlı inkişafı və müdafiə sənayesi sahəsində ortaq infrastrukturun qurulması strateji əhəmiyyət daşıyır”.

    Nümayəndə əmin olduğunu bildirib ki, Şimali Kiprin Türk dünyası ilə mədəni əlaqələrinin daha da gücləndirilməsi xalqlarımız arasında əməkdaşlığı dərinləşdirəcək və ortaq gələcəyimizin qurulmasına töhfə verəcək.

    ***

    13:02

    Regional təhlükəsizlik və hüquqi əməkdaşlıq sahəsində atılan addımlar strateji əhəmiyyət daşıyır. Müasir dövrün tələblərinə uyğun qanunvericiliyin hazırlanması, hüquq-mühafizə orqanları arasında qarşılıqlı və operativ əməkdaşlıq imkanlarının genişləndirilməsi komitələrin əsas məsuliyyətləri sırasındadır. Bu baxımdan TÜRKPA türk dövlətləri arasında hüquqi və siyasi dialoqun möhkəmləndirilməsi üçün mühüm beynəlxalq platforma rolunu oynayır.

    Bu sözləri Qırğız Respublikası Joqorku Keneşinin Beynəlxalq məsələlər, müdafiə, təhlükəsizlik və miqrasiya komitəsinin sədr müavini Eldar Sulaymanov “Türk dövlətləri arasında təhlükəsizlik və müdafiə üzrə əməkdaşlığın gücləndirilməsi: parlamentlərin rolu” mövzusunda keçirilən TÜRKPA üzv parlamentlərinin müdafiə və təhlükəsizlik üzrə komitələri sədrlərinin ikinci iclasında çıxışı zamanı söyləyib.

    O qeyd edib ki, türk dövlətlərinin ümumi maraqlarını əks etdirən bu əməkdaşlıq çərçivəsi parlament diplomatiyası ilə yanaşı, xüsusilə gənc nəslin inkişafına da yönəlməlidir: “Regionun informasiya təhlükəsizliyi, rəqəmsal təhdidlərə qarşı mübarizə və bu sahələrdə gənclərin rolu artmaqdadır. Gənclərimizin bu proseslərə cəlb olunması onların gələcəkdə Türk dünyasının liderləri kimi yetişməsinə töhfə verəcək”.

    Qırğızıstan nümayəndəsi əlavə edib ki, ölkəsi bu əməkdaşlığa yalnız mədəni və dil baxımından deyil, eyni zamanda, sülhün və sabitliyin təmin olunması istiqamətində də töhfə verməyə hazırdır: “Təklif etdiyimiz dialoq, sadəcə formal deyil, türk dövlətləri arasında dərin və strateji bir həmrəyliyin təməlini təşkil edir. Qırğızıstan ortaq dəyərlər üzərində qurulmuş bu platforma vasitəsilə birgə hədəflərə doğru irəliləməyə tam hazırdır”.

    ***

    12:55

    Dünya getdikcə daha mürəkkəb bir təhlükəsizlik mühiti ilə üz-üzə qalır. Artıq yalnız hərbi təhdidlər deyil, eyni zamanda, iqlim dəyişikliyi, iqtisadi dalğalanmalar və pandemiyalar kimi qeyri-ənənəvi risklər də milli təhlükəsizlik məsələlərinin ayrılmaz hissəsinə çevrilib. Belə bir zamanda Türk dünyası arasında möhkəm əməkdaşlıq mexanizmlərinin qurulması mühüm əhəmiyyət kəsb edir. Çağdaş dövrdə dəyişən beynəlxalq güc nisbətləri və artan təhlükəsizlik problemləri fonunda Türk dövlətləri arasında əməkdaşlıq zəruridir.

    Bu sözləri Türkiyə Böyük Millət Məclisinin Milli müdafiə komitəsinin sədri Hulusi Akar “Türk dövlətləri arasında təhlükəsizlik və müdafiə üzrə əməkdaşlığın gücləndirilməsi: parlamentlərin rolu” mövzusunda keçirilən TÜRKPA üzv parlamentlərinin müdafiə və təhlükəsizlik üzrə komitələri sədrlərinin ikinci iclasında çıxışı zamanı söyləyib.

    Azərbaycanın Qarabağda qazandığı tarixi Qələbənin yalnız regional deyil, eyni zamanda, beynəlxalq miqyasda əhəmiyyət daşıdığını bildirən Hulusi Akar əlavə edib: “Qarabağ Zəfəri təkcə Azərbaycanın və Türkiyənin deyil, bütün Türk dünyasının həmrəyliyinin simvoluna çevrilib. Bu Zəfər güclü ordu və milli birliyin strateji əməkdaşlıqla birləşdikdə hansı nəticələr verə biləcəyini dünya ictimaiyyətinə nümayiş etdirib”.

    H.Akar çıxışında vurğulayıb ki, Türkiyə beynəlxalq münasibətlərdə hüquqa əsaslanan yanaşmanı müdafiə edir və regional proseslərin qlobal təsirlərini nəzərə almağın vacibliyini önə çəkir.

    "Azərbaycan və Ermənistan arasında gedən sülh danışıqlarını müsbət qiymətləndiririk, bu proses bütövlükdə region üçün strateji əhəmiyyət daşıyır. Ankara son dövrlərdə Bakı və İrəvan arasında artan diplomatik təmasları yaxından izləyir və bu prosesə tam dəstək verir. Tərəflər arasında sülh sazişinin mətni üzərində razılığa gəlinməsi məsələsi yalnız ikitərəfli münasibətlər üçün deyil, ümumilikdə Cənubi Qafqaz regionunun gələcəyi baxımından ümidverici və vacib inkişafdır. Bu razılaşma Cənubi Qafqazda uzun müddətdir davam edən gərginliyə son qoymaqla yanaşı, bölgədə sabitlik və təhlükəsizlik mühitini möhkəmləndirəcək, tərəfdaşlıq və əməkdaşlıq üçün yeni imkanlar yaradacaq".

    Hulusi Akar bölgədə dayanıqlı sülhün təmin olunmasının yalnız hərbi və siyasi baxımdan deyil, həm də iqtisadi, sosial və mədəni sahələrdə inkişafın əsas şərtlərindən biri olduğunu xüsusi vurğulayaraq bildirib: “Türkiyə hər zaman regional sabitliyin və qarşılıqlı hörmətə əsaslanan sülhün tərəfdarı olub, bundan sonra da bu mövqeyinə sadiq qalacaq. Türk dünyasında birliyin və həmrəyliyin artması yalnız mədəni və tarixi baxımdan deyil, həm də təhlükəsizlik, strateji baxımdan qlobal əhəmiyyət daşıyır”.

    ***

    12:25


    Bakıda TÜRKPA-ya üzv ölkələrin parlamentlərinin müdafiə və təhlükəsizlik üzrə komitələrinin sədrlərinin ikinci iclası keçirilir.

    İclasda “Türk dövlətləri arasında təhlükəsizlik və müdafiə üzrə əməkdaşlığın gücləndirilməsi: parlamentlərin rolu” mövzusu müzakirə edilir.

    ***

    11:37

    Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) üzv parlamentlərinin müdafiə və təhlükəsizlik üzrə komitələri sədrlərinin ikinci iclasının iştirakçıları aprelin 15-də Bakıda Zəfər parkını ziyarət ediblər.

    “Türk dövlətləri arasında təhlükəsizlik və müdafiə üzrə əməkdaşlığın gücləndirilməsi: parlamentlərin rolu” mövzusunda keçiriləcək iclasda iştirak etmək üçün Bakıya gələn nümayəndə heyəti Zəfər abidəsinin önünə tər gül dəstələri qoyub, Vətən müharibəsində həlak olanların xatirəsini dərin ehtiramla anıblar.

    Qonaqlara Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi Zəfərin yaddaşlarda yaşadılması, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaradılmış Zəfər parkı barədə ətraflı məlumat verilib.

    Bildirilib ki, ərazisi 10 hektara yaxın olan parkın girişində 44 günlük Vətən müharibəsinin rəmzi kimi hündürlüyü 44 metr, eni 22 metr, sütunlarının sayı 44 olan Zəfər tağı inşa edilib.

    Xatırladaq ki, parkın açılışı 2024-cü il noyabrın 8-də Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə olub.

    Daha sonra TÜRKPA-ya üzv parlamentlərin Müdafiə və təhlükəsizlik üzrə komitələri sədrlərinin ikinci iclasının iştirakçıları Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər.

    Ziyarətçilər Ümummilli Liderin xatirəsini ehtiramla anıb, məzarı üzərinə tər güllər düzüblər.