Ucarda 14 maşının iştirakı ilə zəncirvari qəza baş verib
Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb YENİLƏNİB/FOTO

13:27
Bugün gecə saat 03:00 radələrində Bakı-Qazax yolunun Ucar rayonun Qulabənd kəndindən keçən hissəsində güclü duman səbəbindən görünüş məsafəsinin azalması nəticəsində bir neçə avtomobilin iştirakı ilə zəncirvari qəza baş verib.
Bunu BDYPİ-ndən bildiriblər.
Qeyd edilib ki, hadisə yerinə dərhal yol polisi və təcili tibbi yardım briqadaları cəlb olunub. Qəza nəticəsində 2 nəfər həyatını itirib, ağır xəsarət qeydə alınmayıb: "İlkin ehtimala görə qəza dumanlı yolda bir neçə nəqliyyat vasitəsinin yolun hərəkət hissəsində durması nəticəsində arxadan gələn nəqliyyat vasitələrinin vaxtında reaksiya verə bilməyərək onlara çırpılması nəticəsində baş verib".
Qəza nəticəsində 2 nəfər - Bərdə rayon sakini, 1989-cu il təvəllüdlü Günel Əlövsət qızı Allahverdiyeva və Mingəçevir şəhər sakini, 1987-ci il təvəllüdlü İlkin Allahverən oğlu Abdullayev hadisə yerində ölüb, 22 yaralı isə Göyçay xəstəxanasına gətirilib. Həmin şəxslərdən 7 nəfərinin müalicəsi hazırda xəstəxanada stasionar şəraitdə davam etdirilir.
15 nəfər ambulator müalicə üçün evə buraxılıb.
Faktla bağlı araşdırma aparılır.
***
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Ucar rayonu, Qulubənd kəndi ərazisində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşların avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.
Nazirlikdən verilən məlumata görə, məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Ucar rayon Yanğından Muhafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb edilib.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, 14 ədəd avtomobilin iştirakı ilə zəncirvari yol-qəza hadisəsi baş verib və vətəndaşlar deformasiyaya uğramış nəqliyyat vasitələrində sıxılı vəziyyətdə qalıb.
Xilasedicilər tərəfindən dörd nəfər xilas edilib, həyatını itirmiş 2 nəfərin meyiti isə aidiyyəti üzrə təhvil verilib.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.