XƏBƏRLƏR / Münaqişə

Ukrayna dronları Rusiyaya ən böyük hücum təşkil edib FOTO

Bunu Rusiya Müdafiə Nazirliyi və Ukrayna prezidenti Zelenski təsdiq edib

Ukrayna dronları Rusiyaya  ən böyük hücum təşkil edib FOTO
  • Oxuma müddəti:

    2 dəqiqə

  • Ötən gecə Rusiya regionları Ukrayna dronlarının ən böyük hücumlarından birinə məruz qalıb.

    Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, hava hücumundan müdafiə sistemləri Ukraynanın 354 təyyarə tipli PUA-sını vurub.

    Dronların Belqorod, Bryansk, Voronej, Kaluqa, Kursk, Leninqrad, Novqorod, Orel, Pskov, Rostov, Smolensk, Tver və Tula vilayətləri, Moskva vilayəti, Krasnodar diyarı, Krım Respublikası və Azov dənizi üzərində vurulduğu bildirilib.

    İlkin məlumatlara görə, Sankt-Peterburqda Rusiyanın şimal-qərbindəki ən böyük neft daşıma kompleksi olan Sankt-Peterburq Neft Terminalına zərbə endirilib. PUA-nın hücumundan sonra obyektdə yanğın baş verib.

    Kronştadtdakı liman infrastrukturuna da hücum edildiyi bildirilib.

    Dronların Estoniyanın ərazi sularından Finlandiya körfəzi üzərində son dərəcə aşağı hündürlüklərdə uçuraraq Peterburqa zərbə endirdiyi bildirilib.

    Xatırladaq ki, bu gün Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu fəaliyyətə başlayır. Forumun ilk günündə Ukrayna şəhərə və Leninqrad vilayətinə dron hücumu həyata keçirib.

    Sankt-Peterburqda PUA hücumu ilə əlaqədar mobil internet kəsintiləri müşahidə olunub.

    Qubernator Aleksandr Beqlov hücumun ziyana və tələfata səbəb olduğunu bildirib.

    TASS agentliyinin məlumatına görə, Sankt-Peterburqun Pulkovo hava limanında hücum səbəbindən 29 reys iki saatdan çox təxirə salınıb və doqquz reys alternativ aerodromlara yönləndirilib.

    Ukraynas prezidenti Volodimir Zelenski Sankt-Peterburq və Kronştadta endirilən zərbələri təsdiqləyib.

    Tambov vilayətinin Miçurinsk şəhərindəki Proqress zavoduna da hücum edilib. Müəssisə təyyarə və raket idarəetmə sistemləri üçün avadanlıq istehsal edir.

    İlkin məlumatlara görə, PUA hücumundan sonra obyektdə yanğın baş verib.

    Smolensk vilayətində PUA-nın qalıqlarının düşməsi nəticəsində Rusiya Fövqəladə Hallar Nazirliyinin iki əməkdaşı həlak olub, daha iki yanğınsöndürən və bir mülki şəxs yaralanıb.