XƏBƏRLƏR / Siyasət

Ursula fon der Lyayenin Ermənistana səfəri başa çatdı

YENİLƏNİB

Ursula fon der Lyayenin Ermənistana səfəri başa çatdı
  • Oxuma müddəti:

    4 dəqiqə

  • 15:30

    Avropa Komissiyasının sədri Ursula fon der Lyayenin Ermənistana səfəri başa çatıb. İrəvanın "Zvartnots" hava limanında qonağı baş nazir Nikol Paşinyan yola salıb.

    ***

    14:10

    Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin 2013-cü ildə olduğu kimi, Avropa İttifaqı ilə yaxınlaşma prosesindən imtina edərək Avrasiya İqtisadi İttifaqına inteqrasiya kursunu seçməsinin mümkün olmadığını bildirib.

    “Newsarmenia” xəbər verir ki, Paşinyan bunu jurnalistin sualını cavablandırarkən deyib.

    “2013-cü ildə Ermənistanın bir-iki gecə ərzində Avropa İttifaqı ilə Assosiasiya Sazişinin imzalanması üzrə artıq razılaşdırılmış prosesdən imtina edərək Avrasiya İqtisadi İttifaqı və ya Gömrük İttifaqı istiqamətində hərəkət etmək qərarı verdiyi vəziyyətin təkrarlanmasını istisna edib-etmədiyim sualına qısa və konkret cavab verirəm: bəli, bunu istisna edirəm. Bu, mümkün deyil. Xüsusilə də indi, Ermənistan xalqı respublikanın həyata keçirdiyi siyasətə, o cümlədən balanslaşdırılmış xarici siyasət kursuna dəstəyini açıq şəkildə ifadə edib”, – o qeyd edib.

    Paşinyan vurğulayıb ki, Ermənistanın Rusiya ilə münasibətlərdə böhran yaratmaq niyyəti yoxdur.

    “Daha əvvəl də bəyan etdiyimiz kimi, biz heç vaxt Ermənistan Respublikası ilə Rusiya Federasiyası arasında münasibətlərdə böhran yaratmaq məqsədi güdməmişik, indi də güdmürük və gələcəkdə də güdməyəcəyik. Biz ölkəmizin maraqları çərçivəsində hərəkət edirik və beynəlxalq tərəfdaşlarımızın heç birinin maraqlarını nəzərdən qaçırmırıq. Lakin eyni zamanda heç bir tərəfdaşın maraqları Ermənistan Respublikasının maraqlarından üstün tutula bilməz. Düşünürəm ki, bu, istənilən ölkə üçün məntiqli yanaşmadır”, – Baş nazir əlavə edib.

    ***

    13:13

    Avropa Komissiyası yaxın vaxtlarda ticarətin möhkəmləndirilməsi və şaxələndirilməsi üçün Ermənistana 18 milyon avro ayıracaq.

    Bu barədə Avropa Komissiyasının sədri Ursula fon der Lyayen İrəvanda Ermənistanın Baş naziri Nikol Paşinyanla birgə bəyanatla çıxış edərkən bildirib.

    "Yaxın vaxtlarda Ermənistan ticarətin gücləndirilməsi və şaxələndirilməsi üçün əlavə 18 milyon avro alacaq. Xüsusilə, bu vəsaitlər Ermənistan biznesinə ixrac potensialını artırmağa kömək edəcək İxracın Təşviqi Agentliyinin yaradılmasına yönəldilə bilər. Bu 18 milyon avro bizim iyunun əvvəlindəki telefon danışığımız zamanı müzakirə etdiyimiz 52 milyon avroluq yardım paketinin sonuncu (ilk 34 milyon avroluq tranşı Ermənistan iyunun ortalarında almışdı - red.) hissəsidir", - fon der Lyayen bildirib.

    Beləliklə, Ermənistana göstərilən ümumi maliyyə dəstəyi 288 milyon avroya çatacaq.

    Onun sözlərinə görə, Ermənistan hələ də Rusiya tərəfindən əhəmiyyətli iqtisadi təzyiqlə üzləşir ki, bu da, onun qiymətləndirməsinə görə, "iqtisadi məcburiyyət kimi xarakterizə oluna bilər".

    "Əmin olun: tərəfdaşlarımıza təzyiq göstərildikdə, Avropa İttifaqı həmişə köməyə gəlir", - Avropa Komissiyasının rəhbəri əlavə edib.

    Bundan əlavə, bildirilib ki, Aİ və Ermənistan bu ölkəyə büdcə dəstəyi üzrə çoxsahəli proqram çərçivəsində islahatların həyata keçirilməsində əldə olunan irəliləyişi birgə nəzərdən keçirmək məqsədilə 2026-cı ilin sonunadək İrəvanda Yüksək səviyyəli Dialoq keçirəcək.

    ***

    11:30

    Ermənistanın Baş naziri Nikol Paşinyan Avropa Komissiyasının sədri Ursula fon der Leyeni qəbul edib.

    Paşinyan bu barədə "Facebook" səhifəsində video paylaşaraq yazıb.

    Xatırladaq ki, Avropa Komissiyasının sədri Ursula fon der Leyen bu səhər İrəvana gəlib və onu Zvartnots beynəlxalq hava limanında Ermənistan Baş nazirinin müavini Mher Qriqoryan qarşılayıb.

    ***

    10:25

    Avropa Komissiyasının sədri Ursula fon der Lyayen İrəvana işgüzar səfərə gəlib.

    "Armenpress"in məlumatına görə, onu Zvartnots hava limanında Ermənistan Respublikası Baş nazirinin müavini Mher Qriqoryan qarşılayıb.

    Hökumət binasında Baş nazir Nikol Paşinyanla Avropa Komissiyasının sədri Ursula fon der Leyen arasında görüş keçiriləcək.

    Görüşdən sonra Baş nazir və Avropa Komissiyasının sədri bəyanatlar verəcək və media nümayəndələrinin suallarını cavablandıracaqlar.