Vəkili Vaqif Xaçaturyana bəraət istədi
Bir qədər sonra təqsirləndirlən şəxsə hökm oxunacağı gözlənilir
1991-ci il dekabrın 22-də Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Vaqif Xaçaturyanın cinayət işi üzrə məhkəmə iclası davam etdirilir.
Yasamal Rayon Məhkəməsinin inzibati binasında Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə Vaqif Xaçaturyanın hüquqlarını müdafiə edən vəkil Radmila Abılova çıxış edib.
O bildirib ki, Vaqif Xaçaturyan erməni millətindən olan Azərbaycan vətəndaşıdır. R. Abılova Vaqif Xaçaturyan üçün bəraət hökmünün çıxarılmasını istəyib. O, təqsirləndirilən şəxsin Mesəli soyqırımı zamanı orada olmadığını bildirib.
Təqsirləndirilən şəxsə son söz verilib. V. Xaçaturyan səhhəti ilə bağlı problemlərinin olduğunu bəhanə edərək cinayətləri üzərindən atamağa çalışıb. Meşəli kəndinin sakinlərinin şahidlik etməsinə baxmayaraq, Xaçaturyan hadisələrdə iştirak etmədiyini iddia edib.
Məhkəmə hökmü elan etmək üçün müşavirəyə gedib. Bir qədər sonra təqsirləndirlən şəxsə hökm oxunacağı gözlənilir.
Qeyd edək ki, daha əvvəl dövlət ittihamçısı V.Xaçatryanın 15 il müddətə azadlıqdan məhrum edilməsini istəyib.