Reportaj

Vətən müharibəsinin xronikası: 1 oktyabr VİDEO

Müharibənin 5-ci günü

Vətən müharibəsinin xronikası: 1 oktyabr VİDEO
  • Oxuma müddəti:

    2 dəqiqə

  • * Vətən müharibəsinin beşinci gününün sonunadək düşmən bütün cəbhə boyunca tutduğu mövqelərdən geri çəkilməyə məcbur edilib. Ermənistan ordusunun müxtəlif istiqamətlərdə hərəkət edən hərbi kolonları bölmələrimiz tərəfindən dəqiq atəşlə məhv edilib. Vətən müharibəsi başladığı gündən bəri düşmənin 200-dək tank və digər zirehli texnikası, 228 ədəd artilleriya, yaylım atəşli raket sistemləri, minaatanları, 30 ədəd hava hücumundan müdafiə vasitələri, 6 komanda-idarəetmə və komanda-müşahidə məntəqəsi, 5 silah-sursat anbarı, 110-dan çox avtomobil texnikası, 1 ədəd “S-300” zenit-raket kompleksi sıradan çıxarılıb.

    Bu barədə hərbi informasiya mərkəzində keçirilən brifinqdə məlumat verilib.

    * Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Prezidenti İlham Əliyevə telefonla zəng edib və Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində silahlı qarşıdurma ilə bağlı yaranmış vəziyyətlə maraqlanıb. Dövlətimizin başçısı Belarus Prezidentini Ermənistan tərəfinin törətdiyi təxribatlar və buna cavab olaraq Azərbaycan Ordusunun əks-hücum əməliyyatları barədə məlumatlandırıb.

    * Ermənistan silahlı qüvvələri Azərbaycanın yaşayış məntəqələrini növbəti dəfə ağır artilleriyadan atəşə tutub. Nəticədə mülki əhali arasında həlak olanların sayı 19-a, xəsarət alanların sayı 55-ə çatıb. Bu barədə Azərbaycan Respublikasının Baş Prokurorluğu məlumat yayıb.

    * Azərbaycan Ordusunun sentyabrın 27-dən başlayaraq əks-hücum əməliyyatları nəticəsində işğaldan azad etdiyi ərazilərdən ilk görüntülər yayılıb. Görüntülərdə Azərbaycan Silahlı Qüvvələrinin hərbçilərinin həmin ərazilərdə möhkəmləndiyi əks olunub. Kadrlardan görünür ki, orda məhv edilən xeyli sayda düşmən texnikası, silah-sursatı qalıb.

    * Ermənistan ordusunun bölmələri Tərtər şəhərini, Ağdamın Gül Baharlı kəndini, Füzulinin Horadiz şəhərini və Arayatlı kəndini, Goranboy rayonunun Tapqaraqoyunlu kəndini, Aşağı Ağcakənd qəsəbəsini və digər yaşayış məntəqələrini ağır silahlardan atəşə tutublar. Bu müharibə cinayətləri nəticəsində onlarla ev və infrastruktur obyekti dağılıb, yaxud ziyan çəkib.