Reportaj / 44 Günlük Müharibə

Vətən müharibəsinin xronikası: 18 oktyabr

Müharibənin 22-ci günü

Vətən müharibəsinin xronikası: 18 oktyabr
  • Oxuma müddəti:

    1 dəqiqə

  • • Azərbaycan Silahlı Qüvvələri qədim Xudafərin körpüsünün üzərində Azərbaycan bayrağını qaldırdılar. Prezident İlham Əliyev bunu özünün rəsmi twitter səhifəsində bildirib.

    • İşğaldan azad olunan Füzuli şəhərində Azərbaycan bayrağı qaldırılıb.

    • Azərbaycan Ordusunun həyata keçirdiyi əməliyyatlar nəticəsində cəbhənin müxtəlif istiqamətlərində düşmənin 2 ədəd S-300 ZRK, 3 ədəd BM-21 “Qrad” YARS qurğusu, 2 ədəd “Smerç” yaylım atəşli raket sistemi, 5 tank, bir neçə haubitsa və zenit topları, o cümlədən avtomobil texnikaları və xeyli sayda canlı qüvvəsi məhv edilib. Ermənistan ordusunun Ağdərə, Füzuli, Hadrut, Cəbrayıl istiqamətində hücuma keçmək cəhdlərini Azərbaycan Ordusunun bölmələri qətiyyətlə dəf edib və düşmən itki verərək geri çəkilməyə məcbur olub. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    • Azərbaycan Hava Hücumundan Müdafiə bölmələri cəbhənin Cəbrayıl istiqamətində Ermənistan silahlı qüvvələrinin “Su-25” hücum təyyarəsini vurublar.

    • Düşmən cəbhənin Füzuli istiqamətində xeyli sayda hərbi texnikasını və silah-sursatını ataraq qaçıb.

    • Horadiz istiqamətində uçuşlar keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus taktiki pilotsuz uçuş aparatı məhv edilib.

    • Cəbhə bölgəsindən yüz kilometrlərlə aralıdakı Xızı rayonuna atılan raket Sitalçay qəsəbəsi ərazisində havada zərərsizləşdirilib.

    • Bölmələrimiz Füzuli rayonu ərazisində düşmənin hərbi hissəsini ələ keçiriblər.