Vətən müharibəsinin xronikası: 4 oktyabr
ANS komandasının 4 il əvvəl cəbhədən hazırladığı REPORTAJ
Müharibənin 8-ci günü
* Azərbaycan Ordusu Cəbrayıl şəhərini və Cəbrayıl rayonunun bir neçə kəndini işğaldan azad edib. Prezident, Ali Baş Komandan İlham Əliyev ordumuzun uğurlu döyüş əməliyyatları barədə xəbəri rəsmi tviter səhifəsində paylaşıb.
* Prezident İlham Əliyev Cəbrayıl şəhərinin və Cəbrayıl rayonunun doqquz kəndinin işğaldan azad olunması ilə bağlı Azərbaycan xalqına müraciət edib.
* Azərbaycan Prezidenti İlham Əliyev “Əl-Ərəbiyə” televiziya kanalına müsahibə verib.
* Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun 2010-cu il iyunun 18-də xeyli sayda düşmən qüvvəsini məhv etdiyi posta Azərbaycan Bayrağı sancılıb.
* Suqovuşan-Ağdərə istiqamətində gedən döyüşlər zamanı düşmənin 77-ci tank taborunun 4 tankı vurulub, 3 tankı isə qənimət götürülüb. Ermənistan silahlı qüvvələrinin Ağdərə istiqamətində yerləşən 5-ci dağ atıcı alayının müdafiə sahəsinə ordumuz tərəfindən endirilən artilleriya zərbələri nəticəsində 4 avtomobil texnikası məhv edilib. Alayın bir neçə bölməsinin şəxsi heyəti döyüş mövqeyini tərk edərək qaçıb. Düşmən çoxlu sayda itki verib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
* Ermənistan silahlı qüvvələri Gəncə şəhərini raket atəşinə tutub. Nəticədə bir nəfər həlak olub, 32 nəfər xəsarət alıb. İnfrastruktura və tarixi tikililərə ciddi ziyan dəyib. AZƏRTAC-ın müxbirləri hadisə yerinə gedərək çəkiliş aparıb.
* Baş Prokurorluğun məlumatına əsasən, Ermənistan silahlı qüvvələrinin atəşi nəticəsində Beyləqan şəhərində iki dinc sakin həlak olub, iki nəfər isə xəsarət alıb.
* Düşmən Xızı və Abşeron bölgəsinə iki ədəd 300 kilometr məsafəli orta mənzilli raket atıb.
* Azərbaycanın Baş prokuroru Ermənistan silahlı qüvvələrinin mülki əhaliyə qarşı törətdiyi cinayətlərlə bağlı beynəlxalq təşkilatların rəhbərlərinə müraciət ünvanlayıb.
* Suqovuşana Azərbaycan Bayrağı asılıb.
* Müdafiə Nazirliyi düşmənə endirilən zərbələrin videogörüntülərini yayıb.
* Ermənistan ordusunun bölmələri Horadiz və Beyləqan şəhərlərini, Bərdə rayonunun Şahvəlilər, Ağcabədi rayonunun Sarıcalı və Taynaq, Ağdam rayonunun Alıbəyli, Tərtər rayonunun Azad Qaraqoyunlu kəndlərini və cəbhəyanı ərazilərdəki digər yaşayış məntəqələrini ağır silahlardan və artilleriya qurğularından atəşə tutub. Onlarla ev və mülki infrastruktur obyekti dağılıb.