BLOQ

Vətən müharibəsinin xronikası: 7 oktyabr

Müharibənin 11-ci günü

Vətən müharibəsinin xronikası: 7 oktyabr
  • Oxuma müddəti:

    2 dəqiqə

  • Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müdafiə Nazirliyinin Mərkəzi Komanda Məntəqəsində operativ müşavirə keçirilib.

    Cəbhənin müxtəlif istiqamətlərində gedən döyüşlər zamanı Azərbaycan Ordusunun endirdiyi zərbələr nəticəsində düşmən xeyli itki verib. Düşmənin 10-dək tankı, 6 ədəd D-20 topu, 1 ədəd “Akasiya” özüyeriyən artilleriya qurğusu, 30-dək avtomobil texnikası və xeyli sayda canlı qüvvəsi məhv edilib. Ermənistan ordusunun müdafiə xətlərində yerləşən bölmələrinin bir qrup əsgəri döyüş mövqelərini özbaşına tərk edərək fərarilik ediblər. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    Müdafiə Nazirliyi Ermənistan ordusunun məhv edilmiş döyüş texnikasının siyahısını açıqlayıb: sentyabrın 27-dən oktyabrın 7-dək düşmənin 250-dək tank və digər zirehli texnikası, 270-dək artilleriya, yaylım atəşli raket sistemləri və minaatanı, 60-dək hava hücumundan müdafiə vasitəsi, 11 komanda-idarəetmə və komanda-müşahidə məntəqəsi, 8 silah-sursat anbarı, 150-dək avtomobil texnikası və 1 ədəd “S-300” zenit-raket kompleksi məhv edilib.

    Müdafiə Nazirliyi Ermənistan hərbçilərinin döyüş meydanında qoyub qaçdıqları texnikanın, həmçinin düşmən ordusuna məxsus bir neçə döyüş texnikasının məhv edilməsinin videogörüntülərini paylaşıb.

    Oktyabrın 7-si saat 18:00-a olan məlumata görə, Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi ağır artilleriya qurğularından və raket sistemlərindən intensiv atəşə tutması nəticəsində həlak olmuş mülki şəxslərin sayı 30-a, xəsarət alanların sayı isə 143-ə çatıb, 427 evə və 66 mülki obyektə ciddi ziyan dəyib.

     Baş Prokurorluq Ermənistanın qadağan olunan bombadan istifadə edərək Bakı-Tbilisi-Ceyhan boru kəmərini hədəfə alması ilə bağlı məlumat yayıb.

     Azərbaycan Bayrağı Cəbrayılın mərkəzində dalğalanır.