BLOQ

Cənubi Qafqaz ölkələrinin xarici ticarət əlaqələri

Müqayisəli təhlil

Cənubi Qafqaz ölkələrinin xarici ticarət əlaqələri
  • Oxuma müddəti:

    22 dəqiqə

  • Qlobal səviyyədə baş verən dəyişikliklər və regional geosiyasi proseslər, Cənubi Qafqaz ölkələrinin xarici ticarət əlaqələrinin strukturuna və dinamikasına birbaşa təsir göstərməkdədir. Xarici ticarət göstəriciləri iqtisadi inkişafın səviyyəsini, ölkələrin qlobal dəyər zəncirlərinə inteqrasiya imkanlarını və istehsal potensiallarını əks etdirən mühüm göstəricilərdən biridir. Bu baxımdan, 2024-cü ildə Cənubi Qafqaz ölkələrinin ticarət göstəricilərinin müqayisəli təhlili, onların iqtisadi strukturunda baş verən dəyişiklikləri və qarşıda duran çağırışları qiymətləndirmək üçün böyük əhəmiyyət kəsb edir. Məqalədə Azərbaycanın enerji sektoruna əsaslanan ixrac modeli, Gürcüstanın logistika və tranzit funksiyası və Ermənistanın yenidənixrac fəaliyyəti fonunda formalaşan ticarət artımı təhlil olunur, eləcə də 2025-ci il üçün bu ölkələrin iqtisadi inkişaf imkanları və məhdudiyyətləri müəyyənləşdirilir.

    Azərbaycan

    2024-cü ildə Azərbaycanın xarici ticarət dövriyyəsi 47.4 milyard ABŞ dolları (bundan sonra dollar) təşkil etmişdir. Ticarət dövriyyəsinin 26.3 milyard dolları və ya 55.6%-i ixracın, 21.1 milyard dolları və ya 44.4%-i isə idxalın payına düşmüşdür (Qrafik 1) Nəticədə, 5,2 milyard dollar həcmində müsbət xarici ticarət balansı formalaşmışdır. 2023-cü il ilə müqayisə etsək xarici ticarət dövriyyəsi 8%, ixrac 23% azalmış, idxal isə 18% artmışdır.  

    Qrafik 1. Azərbaycanın xarici ticarət əlaqələrinin həcmi (milyard dollar)

    https://cssc.az/M0/2/2025/05/images/20250505_131042_1746436242_b4a3ec172f.png

    Mənbə: Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi

    Baxılan dövrdə ixracın böyük hissəsi neft və təbii qaz sektoruna aid olan məhsulların payına düşmüşdür. Belə ki, ixracın 87.2%-ni neft və qaz məhsulları, 12.8%-ni isə qeyri-neft məhsulları təşkil etmişdir. Qeyri-neft ixracının həcmi 3.36 milyard dollar təşkil etmişdir ki, bu da 2023-cü il ilə müqayisədə faktiki qiymətlərlə 0.3% artım, real ifadədə isə 13.0% azalma deməkdir (Qrafik 2).

    Məhsullar baxımından ticarətin strukturuna gəldikdə isə ixracın böyük hissəsini, təxminən 86%-ni neft və qaz məhsulları təşkil etmişdir. İxracda xam neftin payı 54.37%, təbii qazın payı 31.66%, tərəvəz və meyvə məhsullarının payı 2.67%, kimya sənayesi məhsullarının payı 1.1%, plastmas və onlardan hazırlanan məhsulların payı isə 1.4% təşkil etmişdir.

    Qrafik 2. Sektorlar üzrə ixrac həcmi (milyard manat)

    https://cssc.az/M0/2/2025/05/images/20250505_131053_1746436253_3fd92e14af.png
    Qeyri-neft ixracının isə 21%-i meyvə və tərəvəz məhsullarının, 10.99%-i plastmas və onlardan hazırlanan məhsulların, 8.75%-i kimya sənayesi məhsullarının, 5.88%-i alüminiumun, 5.3%-i pambıq lifinin, 2.8%-i isə elektrik enerjisinin payına düşmüşdür.

    İdxalın strukturunda ən çox paya sahib olan məhsullar avadanlıqlar və onların hissələri (18.39%), nəqliyyat vasitələri və onların hissələri (11.53%), yeyinti məhsulları (11.75%), qara metallar və onlardan hazırlanan məhsullar (5.59%), plastmas və onlardan hazırlanan məhsullar (2.53%) və əczaçılıq məhsulları (2.41%) olmuşdur.

    Azərbaycanın 2024-cü il üzrə xarici ticarət göstəriciləri onu deməyə əsas verir ki, ixrac hələ də əsasən enerji sektoru üzərində qurulmuşdur və qeyri-neft sektorunun ixrac potensialı məhduddur. Qeyri-neft ixracı da məhsul baxımından çoxşahəli olmasa da, kənd təsərrüfatı məhsullarının payının yüksək olması bu sahənin inkişaf perspektivlərinin mövcudluğunu deməyə əsas verir. İdxalın artması isə daxili istehlak tələbinin genişləndiyini və müəyyən sahələrdə yerli istehsalın hələ tam formalaşmadığını göstərir. Ümumilikdə, ixrac və idxal arasındakı fərqin azalması ticarət balansına təsir etsə də, Azərbaycanın xarici ticarət göstəriciləri iqtisadi strukturun tədricən diversifikasiya edilməsinin zəruriliyini ortaya qoyur və bu istiqamətdə aparılan siyasətin davam etdirilməsinin əhəmiyyətini vurğulayır. Eyni zamanda, ticarətin müsbət balansının 3 dəfədən çox azalması makroiqtisadi risklər formalaşdırır.

    Xarici ticarətin strukturuna ölkələr baxımından baxsaq burada da təmərküzləşmənin yüksək olduğunu görmək mümkündür. Ümumilikdə, 2024-cü ildə məhsulların ən çox ixrac edildiyi ilk üç ölkənin ümumi ixracda payı 60%-ə yaxın olmuşdur. Belə ki, ixracın 41%-i İtaliyanın, 14,4%-i Türkiyənin, 4,4%-i Rusiyanın, 4,1%-i Çexiyanın, 3,3%-İ Xorvatiyanın, 2,9%-i Almaniyanın, 2,8%-i isə İsrailin payına düşmüşdür. Qeyri neft-qaz məhsullarının ixracında isə Rusiya 34,6%, Türkiyə 16,2%, Gürcüstan 8,1%, İsveçrə 6,6%, ABŞ 4,0%, Qazaxıstana isə 3,9% paya sahib olmuşdur. Ümumilikdə qeyri-neft ixracında Rusiya, Türkiyə və Gürcüstanın payı birlikdə 59%-ə yaxın olmuşdur.  

    Ölkəyə idxal olunmuş məhsulların 17,7%-i Çinin, 17,2%-i Rusiyanın, 11%-i Türkiyənin, 7,7%-i ABŞ-ın, 6,9%-i Avstraliyanın, 3,9%-i Almaniyanın, 3,0%-i isə İranın payına düşmüşdür. İdxalda ən çox paya sahib olan ilk dörd ölkə ümumi idxalın 53.6%-nə sahib olmuşdur.

    Ölkələr baxımından xarici ticarətin strukturunda təmərküzləşmənin böyük olması xam neft və qazın əsasən İtaliyaya ixrac edilməsi (oradan da digər Avropa ölkələrinə), qeyri-neft ixracında təmərküzləşmə isə kənd təsərrüfatı məhsullarının əsasən Rusiya və Türkiyəyə ixrac edilməsi ilə əlaqədardır. İdxalda isə ölkələr baxımından təmərküzləşmə ixracla müqayisədə daha azdır və burada elektronika, nəqliyyat vasitələri, yeyinti məhsullarının daha çox idxal edildiyi ölkələr üstünlük təşkil edir.

    Gürcüstan

    Gürcüstanın xarici ticarət göstəriciləri 2023 və 2024-cü illər ərzində müsbət dinamikaya malik olmuşdur. Ölkənin ixrac, idxal və ümumi xarici ticarət dövriyyəsi artmaqda davam etmiş, lakin ticarət balansı əvvəlki illərdə olduğu kimi mənfi səviyyədə qalmışdır.

    Gürcüstanın ixracı 2024-cü ildə 7.8% artaraq 6.56 milyard dollar səviyyəsinə çatmışdır (Qrafik 3). İxracda baş verən artım əsasən qeyri-xam malların və kənd təsərrüfatı məhsullarının ixracının artması ilə bağlı olmuşdur. 2024-cü ildə ixracın artım tempi 2023-cü illə müqayisədə nisbətən aşağı olsa da, ixracın davamlı artımı xarici bazarlarda Gürcüstan məhsullarına olan tələbatın sabit olduğunu göstərir.

    2024-cü ildə idxalın həcmi 16.87 milyard dollara çatmış və 2023-cü illə müqayisədə 8.1% artmışdır (Qrafik 3). İdxalın artım tempində bir qədər yavaşlama müşahidə olunsa da ümumi artım tendensiyası qorunub saxlanılmışdır. Bu isə onu göstərir ki, Gürcüstan iqtisadiyyatında istehlak mallarına olan tələbat artmaqda davam edir.

    Qeyd edilən artımlar nəticəsində 2024-cü ildə Gürcüstanın xarici ticarət dövriyyəsi 8% artaraq 23.43 milyard dollar səviyyəsinə çatmışdır.  Xarici ticarət balansının mənfi göstəricisi isə 2024-cü ildə 10% artaraq -10.3 milyard dollar səviyyəsinə çatmışdır ki, bu da ticarət dövriyyəsinin 44%-i təşkil etmişdir (Qrafik 3). Mənfi ticarət balansının artmasının səbəbi idxalın ixracdan daha sürətli artmasıdır ki, bu da  yerli istehsalın xarici bazarlarda hələ ki kifayət qədər güclü mövqe tuta bilmədiyini göstərir. Ümumilikdə, yüksək mənfi ticarət balansı Gürcüstanın iqtisadi inkişafı baxımından əsas çağırışlardan biridir.

    Qrafik 3. Gürcüstanın xarici ticarət əlaqələrinin həcmi (milyard dollar)

    https://cssc.az/M0/2/2025/05/images/20250505_131103_1746436263_42763fd672.png

    Mənbə: Gürcüstanın Milli Statsitika Ofisi

    Ticarətin məhsullar baxımından strukturuna nəzər saldıqda məlum olur ki, 2024-cü ildə Gürcüstanın ən çox ixrac etdiyi məhsullara avtomobillər (ixracın 37%-i), dəmir ərintiləri (4.9%), spirtli içkilər (4.4%), üzüm şərabı (4.2%), qiymətli metal filizləri və konsentratları (3.6%) aid olmuşdur. İdxalda isə ən böyük paya sahib olan məhsullara avtomobillər (idxalın 20.5%-i), neft və neft yağları (7.7%), əczaçılıq məhsulları (3.7%), neft qazları və digər qaz halında olan karbohidrogenlər (2.6%), telekommunikasiya cihazları (2%) aid olmuşdur.

    Gürcüstanın xarici ticarətinin məhsullar baxımından strukturunda əsas diqqət çəkən məqam həm ixracda, həm də idxalda avtomobillərin əsas paya sahib olmasıdır. Ümumilikdə xarici ticarət dövriyyəsinin 50%-ə qədəri avtomobillərin payına düşür.  Bu isə Gürcüstanın daha çox logistika və tranzit mərkəzi kimi fəaliyyət göstərdiyini deməyə əsas verir. Ölkəyə idxal olunan avtomobillərin əhəmiyyətli hissəsi yenidən ixrac edilir və bu, ixrac göstəricilərinin yüksək olmasına səbəb olur. Xarici ticarətin bu strukturu Gürcüstan iqtisadiyyatının dəyər yaratmaq qabiliyyətinin və ölkənin daxili istehsal potensialının zəif olduğunu göstərir.

    Gürcüstanın xarici ticarətinin ölkələr baxımından struktutuna baxdıqda isə məlum olur ki, ən böyük paya sahib olan ticarət tərəfdaşları Türkiyə (dövriyyənin 13.8%-i), Rusiya (10.8%), ABŞ (9.3%) və Çindir (8.1%). Ümumilikdə ticarət dövriyyəsinin 42%-i bu ölkələrin payına düşür. Azərbaycanın Gürcüstanın xarici ticarə dövriyyəsində payı isə 5.6% səviyyəsində olmuşdur. Ayrılıqda ixrac və idxalı nəzərdən keçirsək görərik ki, 2024-cü ildə məhsulların ən çox ixrac edildiyi ölkələrə Qırğızıstan (19.6%), Qazaxıstan (13.1%), Azərbaycan (11%), Rusiya (10.4%) və Ermənistan (9.4%) aid olmuşdur. İdxalda ən çox paya sahib olan ölkələr isə Türkiyə (16.4%), ABŞ (12.1%), Rusiya (11%), Çin (9.6%), Almaniya (7.8%), Azərbaycan (3.5%) olmuşdur.

    Gürcüstanın xarici ticarətinin ölkələr baxımından strukturuna nəzər saldıqda, ölkənin iqtisadi əlaqələrinin həm regional, həm də qlobal miqyasda balanslı şəkildə qurulduğu görünür. Ticarət dövriyyəsinin 42%-nin Türkiyə, Rusiya, ABŞ və Çin kimi ölkələrə aid olması Gürcüstanın coğrafi mövqeyindən istifadə edərək müxtəlif iqtisadi bloklarla əməkdaşlıq etdiyini göstərir. İxracda MDB ölkələrinin üstünlük təşkil etməsi isə Gürcüstanın tranzit və yenidən ixrac imkanlarından yararlandığını deməyə əsas verir.

    Azərbaycanın Gürcüstanın həm ixracında (11%), həm də idxalında (3.5%) əhəmiyyətli paya malik olması iki ölkə arasında iqtisadi əməkdaşlığın əsaslı şəkildə inkişaf etdiyini və qarşılıqlı xarakter daşıdığını sübut edir. Xarici ticarətin ölkələr üzrə strukturu, Gürcüstanın iqtisadi siyasətində diversifikasiya meyillərinin gücləndiyini, regional inteqrasiyanın və beynəlxalq ticarət şəbəkələrinə daxil olma səylərinin davam etdiyini deməyə əsas verir.

    Ermənistan

    2024-cü ildə Ermənistanın xarici ticarət dövriyyəsi 2023-cü il illə müqayisədə 41.5% artaraq 30.2 milyard dollar səviyyəsinə çatmışdır (Qrafik 4). Bu artım, həm ixracın, həm də idxalın nəzərəçarpacaq dərəcədə artması ilə bağlı olmuşdur. Belə ki, bu dövrdə ixrac əvvəlki il ilə müqayisədə 53.1% artaraq 13.1 milyard dollardan çox olmuşdur. İdxal isə 2024-cü ildə 33.8% artaraq 17.1 milyard dollara çatmışdır. Bu da daxili istehlakın artdığını deməyə imkan verir.

    Qeyd edilən artım dinamikasına baxmayaraq, Ermənistanın xarici ticarət balansı mənfi zonada qalmaqda davam etmişdir. 2023-cü ildə -3,9 milyard dollar olan ticarət defisiti, 2024-cü ildə 2,56% artaraq -4 milyard dollara yüksəlmişdir (Qrafik 4). Bu, idxalın hələ də ixracdan əhəmiyyətli dərəcədə üstün olduğunu göstərir.

    Ümumilikdə, 2024-cü il Ermənistanda xarici ticarətin müsbət dinamikası ilə xarakterizə olunmuşdur. Lakin, idxalın ixracdan əhəmiyyətli dərəcədə çox olması ölkənin xarici ticarət balansında tarazlığı hələ tam bərpa edə bilmədiyini göstərir.

    Qrafik 4. Ermənistanın xarici ticarət əlaqələrinin həcmi (milyard dollar)

    https://cssc.az/M0/2/2025/05/images/20250505_131113_1746436273_efa7eb4061.png
    Ermənistanın xarici ticarətinin ölkələr baxımından strukturuna baxdıqda görə bilərik ki, 2024-cü ildə də Rusiya Ermənistanın əsas ticarət tərəfdaşı olmuşdur və iki ölkə arasında ticarət dövriyyəsinin həcmi əvvəlki il ilə müqayisədə 56.5% artaraq 12.4 milyard dollara çatmışdır. Bu da Ermənistanın ümumi ticarət dövriyyəsinin 41%-nə bərabər olmuşdur. Rusiya ilə ticarət əlaqələrində diqqət çəkən əsas məqam Rusiyaya ixracın azalması, idxalın isə əsaslı şəkildə artmasıdır. Belə ki, baxılan dövrdə Ermənistandan Rusiyaya ixrac 11% azalaraq 3.1 milyard dollara bərabər olmuşdur. İdxal isə 2 dəfədən çox artaraq 9.4 milyard dollar səviyyəsinə çatmışdır. Bu dinamika Ermənistanın Rusiyadan idxalda asılılığının daha da artdığını göstərir.

    2024-cü ildə Ermənistanın xarici ticarətində digər diqqət çəkən məqam isə Birləşmiş Ərəb Əmirlikləri ilə ticarət dövriyyəsinin 2.3 dəfə artaraq 5.3 milyard dollara çatmasıdır. Bu dinamikanın formalaşmasında Ermənistandan BƏƏ-yə ixracın 2.4 dəfə artaraq 5.2 milyard dollara çatması əsas rolu oynamışdır. BƏƏ Ermənistandan əsasən qiymətli metallar və daşlar idxal etmişdir. Bu dinamikanın nəticəsi olaraq Ermənistanın ixracında BƏƏ ən çox paya sahib olan ölkəyə çevrilmişdir.

    Ermənistanın digər əsas ticarət tərəfdaşı olan Çin ilə ticarət dövriyyəsi 2024-cü ildə 34.4% artaraq 2.8 milyard dollara çatmışdır. Ermənistanın Çinə ixracı 2 dəfədən çox artaraq 1,1 milyard dollar olmuş, Çindən idxal isə 4.2% artaraq 1,7 milyard dollar səviyyəsinə çatmışdır.   

    Ermənistanın Avropa İttifaqı (Aİ) ilə ticarət əlaqələrində 2024-cü ildə azalma müşahidə edilmişdir. Aİ-dən idxal 7.7% azalaraq 2.15 milyard dollar səviyyəsinə düşdüyü halda, Aİ-yə ixrac 40%-dən çox azalaraq 444 milyon dollara bərabər olmuşdur. Nəticədə, ticarət dövriyyəsinin həcmi 2.6 milyard dollar təşkil etmişdir.

    Son illərdə, xüsusilə Rusiya-Ukrayna müharibəsi başladıqdan sonra Ermənistandan sanksiyalara məruz qalmış məhsulların Rusiyaya yenidən ixracı aktiv şəkildə həyata keçirildiyindən bu ölkəyə ixracda kəskin artımlar müşahidə edilirdi. 2024-cü ildə isə buna əks trend qeydə alınmışdır. Belə ki, ixrac səviyyəsi azaldığı halda Rusiyadan idxal kəskin artmışdır. Ermənistanın Rusiyaya ixracının azalması əsasən Ruisya istiqamətində yenidən ixrac prosesinin zəifləməsi ilə əlaqədar olmuşdur. Bu azalma prosesi isə 2024-cü ildə Ermənistanın Rusiyadan digər ölkələrə məhsulların yenidən ixracını həyata keçirməsində aktiv iştirak etməsi ilə əvəz edilmişdir. Belə ki, ​2024-cü ildə Ermənistan ilə BƏƏ arasında ticarət həcmlərinin kəskin artması Qərbin Rusiyaya tətbiq etdiyi sanksiyalar fonunda, Rusiya qızılının və almazının üçüncü ölkələrə, xüsusilə BƏƏ-yə çatdırılmasında Ermənistanın tranzit ölkə kimi böyük rol oynaması ilə əlaqədar olmuşdur. Məsələn, 2024-cü ilin ilk yarısında Ermənistan təxminən 66 ton qızıl idxal etmişdir ki, bunun da demək olar ki, hamısı Rusiyadan idxal edilmişdir. Bu qızılın da böyük hissəsi BƏƏ-yə ixrac edilmişdir. Bu proseslər nəticəsində Rusiyadan Ermənistana idxal və BƏƏ-yə isə ixrac kəskin şəkildə artmışdır və bu xarici ticarətin strukturuna ciddi şəkildə təsir etmişdir. Bu vəziyyət, Ermənistan iqtisadiyyatında qısa müddətli dövrdə artımlara səbəb olsa da, uzunmüddətli perspektivdə struktur problemlərini və xarici təzyiqlərə məruz qalma risklərini artırır. ​

    2024-cü ildə Ermənistanın xarici ticarət əlaqələrinin məhsullar baxımından strukturuna nəzər saldıqda görərik ki, Ermənistanın ixracında ən çox paya sahib olan məhsullara qiymətli daşlar və metallar (ixracın 62%-i), elektron avadanlıqlar (8.2%), filiz şlakları (7.1%), tütün məhsulları (3.4%), spirtli içkilər (3%) aid olmuşdur. Bu məhsullar ümumilikdə ixracın 83.7%-ni təşkil etmişdir. Qeyd edək ki, baxılan dövrdə qiymətli daşlar və metallar qrupuna daxil olan məhsulların ixracı 2.5 dəfədən çox artmışdır.

    Ermənistanın idxalında ən çox paya sahib olan məhsullara da ilk növbədə qiymətli daşlar və metallar (idxalın 44%-i), elektron avadanlıqlar (9.5%) aid olmuşdur. İdxalda böyük paya sahib olan digər məhsul qruplarına isə mineral məhsullar (6.4%), avadanlqılar, nüvə reaktorları (6.3%), nəqliyyat vasitələri (3.7%) aiddir. Baxılan dövrdə qiymətli daşlar və metallar qrupuna daxil olan məhsulların idxalı 3.2 dəfəyə qədər artmışdır.

    Göründüyü kimi 2024-cü ildə istər Ermənistana ən çox idxal edilən, istərsə də Ermənistandan ən çox ixrac edilən məhsul məhz qiymətli daşlar və metallar olmuşdur. Bundan əlavə bu məhsulların həm idxalında, həm də ixracında kəskin artım müşahidə edilmişdir. Bu trendin yaşanması, yuxarıda da qeyd etdiyimiz kimi, Rusiyadan idxal edilən və sonradan BƏƏ-yə ixrac edilən almaz və qızıl məhsulları ilə əlaqədardır. Oxşar trend elektronika məhsullarına da aiddir. Belə ki, elektron avadanlıqlar həm ixracda, həm də idxalda ikinci ən böyük paya sahib olan məhsul olmuşdur. Bu da onu göstərir ki, bu məhsullar da əsasən Ermənistanda istehsal edilmir, yenidənixrac şəklində ixrac edilir.  

    Qeyd edilənlər, onu deməyə əsas verir ki, 2024-cü ildə Ermənistanın xarici ticarətdə müşahidə edilən böyük artım süni xarakter daşıyır. Yenidənixrac fəaliyyəti əlavə dəyər yaratmadığı və istehsal zəncirinə inteqrasiya etmək imkanı formalaşdırmadığı üçün ölkə iqtisadiyyatına uzunmüddətli perpsektivdə ciddi dividend qazandıra bilməz.

    Nəticə

    Azərbaycan, Gürcüstan və Ermənistanın 2024-cü il üzrə xarici ticarət göstəricilərinin müqayisəli təhlili bu ölkələrin iqtisadi strukturlarında fərqli inkişaf meyillərinin mövcud olduğunu göstərir. Azərbaycan neft və qaz sektoru hesabına regionun ən böyük ixrac həcminə malik ölkəsi olmaqla, xarici ticarət dövriyyəsi və müsbət ticarət balansı baxımından açıq üstünlüyə malikdir. İxracın 87.2%-nin enerji məhsullarından ibarət olması, bu sahənin hələ də iqtisadi inkişafın aparıcı qüvvəsi olduğunu göstərsə də, qeyri-neft sektorunun tədricən genişlənməsi və kənd təsərrüfatı məhsullarının ixracda artan rolu iqtisadi strukturun diversifikasiyası istiqamətində mühüm potensialın olduğunu deməyə əsas verir.

    Gürcüstan və Ermənistanla müqayisədə Azərbaycanın daha əlverişli mövqeyi onun iqtisadi dayanıqlığı, geniş enerji ehtiyatları və xarici bazarlara çıxış imkanları ilə bağlıdır. Gürcüstanın xarici ticarət göstəriciləri artım meyilləri göstərsə də, yüksək mənfi ticarət saldosu və daxili istehsalın məhdudluğu bu ölkənin xarici asılılığını artırmaqdadır. Avtomobil ticarətinin həm ixracda, həm də idxalda üstünlük təşkil etməsi isə ölkənin logistika və tranzit mərkəzi kimi funksional rolunu gücləndirir, lakin real sektorda dəyər yaradan iqtisadi fəaliyyətlərin həcminin məhdud olduğunu göstərir. Ermənistan isə 2024-cü ildə yüksək ticarət artımına nail olsa da, bu artım əsasən qiymətli metalların və elektronika məhsullarının yenidənixracına əsaslandığından, iqtisadi dayanıqlıq baxımından ciddi risklər daşıyır. Bu cür fəaliyyətlər əlavə dəyər yaratmadığı üçün ölkə iqtisadiyyatını uzunmüddətli dividendlər ilə təmin etmir.

    2025-ci ildə hər üç ölkənin qarşısında duran əsas çağırış iqtisadi strukturun şaxələndirilməsi və ixracda əlavə dəyər yaradan məhsulların payının artırılması olacaqdır. Azərbaycan üçün ən vacib məsələ qeyri-neft sektorunun modernləşdirilməsi, sənaye və emal sahələrinin inkişaf etdirilməsi, ixracın strukturunun məhsullar baxımından şaxələndirilməsidir. Gürcüstan üçün daxili istehsal gücünün artırılması və ticarət balansının optimallaşdırılması, Ermənistan üçün isə mövcud ticarət artımını daha dayanıqlı və real iqtisadi əsaslara söykənən modellərlə əvəz etmək zəruridir. Bütün bunlarla yanaşı, region ölkələri üçün cari ildə ticarət tərəfdaşlığının şaxələndirilməsi, regional iqtisadi əməkdaşlıq formatlarının gücləndirilməsi və beynəlxalq dəyər zəncirlərinə inteqrasiyanın artırılması strateji əhəmiyyət kəsb edəcəkdir.


    Cənubi Qafqaz Tədqiqatlar Mərkəzi