BLOQ

"Çingiz Mustafayev haqqında bilmədikləriniz" silsiləsindən

Vahid Mustafayev Xocalı faciəsini dünyaya tanıtdıran Çingiz Mustafayevdən yazdı

"Çingiz Mustafayev haqqında bilmədikləriniz" silsiləsindən
Çingiz Mustafayev
  • Oxuma müddəti:

    6 dəqiqə

  • Azərbaycan bu gün Ukraynanın yaşadığı günləri yaşayanda biz, müstəqil jurnalistlərdə nə internet var idi, nə sosial şəbəkələr, nə də məlumatı dərhal ötürmək üçün ötürücü peyk imkanları. Bu hal sözsüz ki, düşmənin xeyrinə idi, informasiya savaşının əsgərlərinin isə şərinə. Bizim o zaman yalnız kameramız var idi, yanan, cəsur ürəyimiz və bir də ki, iki çox becid ayaqlarımız...

    Xocalı faciəsini böyük çətinliklə çəkəndən sonra Çingiz Moskvada - bütün dünya jurnalistlərinin müxbir məntəqələri olan keçmiş SSRİ paytaxtında mətbuat konfransı vermək - Ermənistanın etnik təmizləmə və Rusiya hərbçilərinin faşizmə dəstək siyasətinin nəticələrini bütün dünyaya çatdırmaq istəyirdi. Bu məqsədlə təcili surətdə yol maşınları ilə Bakıya qayıdır. Yol boyu bir neçə maşın dəyişir və paytaxta çatan kimi dərhal aeroporta, Moskvaya uçmaq üçün yola düşür. Təyyarəyə bilet tapmq o günlərdə çox çətin idi və Çingiz öz "cazibə" qüvvəsini işə salaraq özünə yer əldə edə bilir. Sözsüz ki, özü ilə apardığı əmanət haqda heç kimə danışa bilməzdi – o zamanlar qarşında dayananların kimə işlədiyini anlamaq mümkün deyildi. Lakin Xocalı qətliamından çəkdiyi dəhşətli kadrların Çingizin əlində olması barədə "sapı özümüzdən olan baltalar" artıq lazımi strukturlara xəbər vermişdilər. Bakı aeroportunda həbsdən min bir hiylə ilə qaçan Çingizi Moskvada daha böyük ulduzlu poqonlar gözləyirdilər. Bir sıra məqamlara görə indiyə qədər aça bilmədiyimiz sirri hələ də söyləyə bilməyəcəyəm. Bir onu vurğulamalıyam ki, Çingiz sağ-salamat Moskvaya çatır - onu və Xocalıda çəkdiyi videokaseti orda gözləyən aeroport milisi, KGB Mərkəzi Aparatının nəfərləri və Rusiya Dövlət Kəşfiyyat İdarəsinin (QRU) zabitləri ələ keçirə bilmir. Onun yerinə bir sıra fərqli azərbaycanlılar həbs edilir, şəxsiyyətləri araşdırılandan sonra buraxılırlar (bu fədailər sağdırlarsa, Allah onları qorusun! Böyük iş gördülər onda...). Çingizin öz həyatını qoyaq kənara (bu o qədər də vacib deyildi), lakin əlində olan, Azərbaycan tarixi üçün son dərəcə əhəmiyyətli kaseti itirməmək üçün biz, onun qardaşları (başqa heç kimə inam yox idi) videonun nüsxəsini çıxartdıq və gizlətdik.

    Azərbaycanın Moskvadaki Daimi Nümayəndiliyinə artıq beynəlxalq media mənsubları toplaşmışdı. O zaman, hətta Moskva üçün böyük hesab oluna bilən 23 media qurumundan ibarət mətbuat konfransı hazırlamışdıq. Çingiz vaxtında çatdı. Lakin mətbuat konfransına başlamazdan əvvəl müəyyən olundu ki, videomaqnitofon işləmir. Bunu da təxribat hesab etdik. Narazı tərzdə saatlarına diqqət yetirən xarici jurnalistlərin bir hissəsi artıq getməyə hazırlaşanda, texnikadan yaxşı başı çıxan Çingiz problemi özü həll etdi və nümayiş başlandı. Elə ilk kadrlardan zalda sükut bərqərar oldu. Cinsindən və ölkəsindən asılı olmayaraq, bəzi jurnalistlərin gözləri yaşardı. Xatırlayıram ki, ekrandakıları lentə alan operatorlar göz yaşlarını gızlətmək üçün üzlərini kameralarına dirəyirdilər. Bir qadın hönkürərək, özünü saxlaya bilməyib zalı tərk etdi. Hamı şokda idi. Dünyanın hər üzünü görən bu jurnalistlər belə vəhşilik görməmişdilər. Film qurtardı, Çingiz danışmağa başladı, lakin qarşısındakılar hələ də gözləri ilə gördükləri vəhşiliklərin təsirindən çıxmamışdılar. Bunu anlayan Çingiz onlarla birlikdə sükuta qapandı və bir dəqiqədən sonra sükütü pozaraq diqqəti cəlb edə bildi və o, danışmağa başladı. Artıq kimin ağlaması, yazması, çəkməsi, danışması və ya sual verməsinin fərqi o qədər də yox idi, Çingiz Qaraqaya çöllərində qəfildən güllələnən Azərbaycan uşaqları, qadın və qocalarının özü ilə gətirdiyi ruhlarını böyük, lakin zəif işıqlandırılmış zala buraxdı... və dirilərlə ruhların ünsiyyəti başladı. Çingizin sağ çiyninin arxasına yığışan, günahsız qətlə yetirilən Azərbaycanlılar bütün suallara öz yoxluqları ilə yetərincə cavab verdilər... Bütün dünya qarşısında var olan yalnız Çingiz idi və o, Şəhid və Qurbanlarımızın ağır və qəzəbli sükutu ilə ruhlanan bir Azərbaycan mütisi tək onun taleyinə yazılan bu ali vəzifəni yerinə yetirdi. Bir neçə saat içində bu xəbər bütün dünyanı çatdırıldı. Yaponiyadan tutmuş Amerikayadək, jurnalistlərin vasitəsi ilə Azərbaycanlı Şəhid və Qurbanların erməni qatillərinə heykəl ucaldan daş kimi qıcamış sükutu bağırdı.

    Çingiz başda olmaqla, Xocalı faciəsi haqda həqiqətləri dünyaya çatdıran bütün xarici jurnalistlərə minnətdarlığımı bildirirəm.

    Fürsətdən istifadə edib, bu mövzuya müraciət etdiyi və yayım imkanları daxilində Çingiz Mustafayev haqda materiala yer verdiklərinə görə AzTV rəhbərliyi və şəxsən  Billurə Mikayıllı, Rauf Haşımov və Orxan Ağazadəyə ailəmiz adından təşəkkür edirik.