Milli kimliyimizi qorumalıyıq
Bizimkilər görüntüdən başqa azərbaycançılığı və ya türklüyü uşağa aşılamır
Qərb dünyasında yeni nəsil formalaşır. Onlar olduqca savadlı və ədəbli kəsimdir. Kimdir onlar, soruşsanız, Amerikaya yerləşən ikinci və üçüncü nəsil hindistanlılardır deyərdim.
Amerikada sayları sürətlə artmaqda olan hindistanlıların 68 faizi universitet məzunudur. Onlar ən çox tibb, informasiya texnologiyaları, biznes sahəsində güclü mövqe tutublar. Hətta deyərdim, onların savadı digər miqrantlar üçün rəqabəti çətinləşdirir. Doğrusu, içi bizim azərbaycanlılar qarışıq, çoxları onları bəyənmir. Çətin başa düşülən ləhcələri ilə onları qavramaq heç də asan deyil. Amma çinlilərə baxanda onların danışığı nisbətən yumşaqdır. Hindistanlılar Amerikada texnoloji şirkət quran ən böyük köçmən qrupudur. Onlar bu sahədə ingilis, çin, yapon və tayvanlıları geridə qoyurlar. Biz türklər isə bu sahəyə yeni addımlayırıq. (gələn isə yeni gələnlərə “Bu sahəyə gəlmə” deyir.
Soruşa bilərsiniz, nədir hindistanlıları güclü edən? Cavabım əməyə olan qeyrətdir! Çıxdıqları bütün yollarda qərarlı olan hindistanlılar məlumdur. 40 ildir eyni hədəfə doğru gedirlər - təhsil səviyyəsini yüksəltməyə. Çətin şərtlərdə işləmək də onları qorxutmur. Elə bu səbəblə NASA-da çalışan 10 elm adamından 4-ü, Amerikada işləyən doktorların 41 faizi, Microsoft ve IBM-də çalışanlarının 1/3-i hindistanlıdır.
Məni bu yazını yazmağa təsirləndirən isə zəhmətdən keçən o birinci nəsil hindistanlıların Amerikada böyütdüyü möhtəşəm uşaqlardır. Onlar elə uşaq böyüdürlər ki, heyran qalmamaq mümkün deyil.
Hindistanlıların sıx məskunlaşdığı ərazilərdə məktəblərin reytinqi onların sayəsində yüksək olur. Çünki hamısı oxuyur. İkincisi isə, o uşaqlar mühacir ana-atalarından fərqli olaraq ingilis dilində mükəmməl danışır. Ən əsası isə, gözəl ailə tərbiyələrinə amerikan mədəniyyətinin müsbət tərəflərini qatıblar. Yeni bir insan yaradıblar. O insan savadlı, alicənab, kök mədəniyyətini qoruyub hər kəsi özünə heyran edən ədəbli bir insandır.
Onlarla rastlaşanda mütləq söhbət başladıram. Hər dəfə yeni bir insan kəşf edib heyran oluram. Heç biri milli kimliyini unutmamış, hind olması ilə qürur duyan ədəbi və savadı ilə cazib olan İNSAN. Hələ üstəlik, Amerikada ən gözəl universitetlərə qəbul alan da bu yeni nəsil balalardır. İxtisaslı mütəxəssis olurlar. Onların ağılları amerikalılar üçün cazibdir. Səviyyəli amerikalının yanında hind əsilli qadın və ya kişi görmək getdikcə çoxalır (ailə qururlar).
İT sənayesi ilə yanaşı, tibb dünyasını da məhz bu yeni nəsil fəth etməkdə davam edir. Bir neçə dönəmdən sonra Amerikanı Hindistan əsilli amerikalının idarə edəcəyini açıq görürəm. (vitse-prezidentin hindistan kökənli olması buna bir daha sübutdur). Mənim hind mədəniyyətinə heyranlığım hər gün artır.
Bizlər isə toplum olaraq onlar kimi uşaq böyüdə bilməyəcəyik. Niyə, soruşsanız, cavab belə olardı: bizimkilər öz mədəniyyətini qorumur, üzdə olan az qisim görüntüdür. Qərbli kimi qərbli, şərqli kimi şərqli deyilik. İkisindən də olmaq gözəldir. Amma milli kimliyini qorumaq şərti ilə.
İslamın əslində bir mədəniyyət olduğunu dərk edənlər türk kimliyi ilə dünyada daha gözəl mövqe tuta, uşaq tərbiyə edə bilər. Bizimkilər görüntüdən başqa azərbaycançılığı və ya türklüyü uşağa aşılamır. Əldə şərab gözəl görünür, amma beyinləri dumanlandıran elm olsa gərək.