BLOQ

Xalq artisti Ramiz Məlik vəfat etdi FOTO

Aktyorla vida mərasimi saat 13:00-da Heydər Məscidində baş tutub

Xalq artisti Ramiz Məlik vəfat etdi FOTO
Ramiz Məlik
  • Oxuma müddəti:

    2 dəqiqə

  • Azərbaycan Respublikasının Xalq artisti, tanınmış teatr və kino aktyoru Ramiz Məlik 80 yaşında vəfat edib.

    Akademik Milli Dram Teatrının mətbuat katibi Cavid Zeynallı xəbəri təsdiqləyib.

    Qeyd edək ki, Ramiz Məlik uzun müddət idi ki, xərçəngdən əziyyət çəkirdi və onun ölümünə də onkoloji xəstəlik səbəb olub.

    Ramiz Məlikov 4 avqust 1943-cü ildə Bakıda doğulub. 1963-cü ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olub. Rza Təhmasib, Tofiq Kazımov, Məlik Dadaşovdan dərs alıb. 1967-ci ildə həmin ali təhsil ocağının məzunu olub. 1967-ci ildə Akademik Milli Dram Teatrının truppasına işə götürülüb. Aktyorluq etməklə yanaşı, Əkrəm Əylislinin "Yastı təpə" (quruluşçu rejissor Tofiq Kazımov), Leonard Frankın "Yad adam" (quruluşçu rejissor Oruc Qurbanov), İlyas Əfəndiyevin "Xurşidbanu Natəvan" (quruluşçu rejissor Mərahim Fərzəlibəyov) və s. pyeslərinin tamaşaya hazırlanmasında rejissor və rejissor assistenti kimi çalışıb.

    Ramiz Məlik Azərbaycan Dövlət Televiziyası və Akademik Milli Dram Teatrının onlarla tamaşasında müxtəlif rollarda çıxış edib.

    "İnanmırsansa" tammetrajlı televiziya tamaşasında Adil obrazında

    Eyni zamanda onlarla filmdə yaddaqalan obrazlar oynayıb.

    "O qızı tapın" filmində Ziya rolunda

    Ramiz Məlik 1984-cü ildə Azərbaycan SSR Dövlət mükafatına layiq görülüb. 1 dekabr 1982-ci ildə "Azərbaycan SSR əməkdar artisti", 24 may 1998-ci ildə isə "Azərbaycan Respublikasının Xalq artisti" fəxri adları ilə təltif olunub. Azərbaycan Teatr Xadimləri İttifaqının təsis etdiyi "Sənətkar" medalına, 2010-cu ildə isə Cəfər Cabbarlı mükafatına layiq görülüb.

    29 oktyabr 2019-cu ildə Azərbaycanda teatr sənətinin inkişafındakı xidmətlərinə görə 2019-cu ildə "Şöhrət" ordeni ilə təltif olunub. Prezident təqaüdçüsüdür.

    14 avqust 2023-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Azərbaycanda teatr sənətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.

    Ramiz Məliklə vida mərasimi Heydər Məscidində baş tutacaq.

    Mərasim saat 13:00-da keçiriləcək.

    Mərhum 2-ci Fəxri Xiyabanda dəfn olunacaq.