BLOQ

Ramzan Kadırov "ağır xəstədir", yoxsa onu "zəhərləyiblər?"

Son vaxtlar çeçen sərkərdəsi Ramzan Kadırovun səhhətində ciddi dəyişikliklər müşahidə olunur

Ramzan Kadırov "ağır xəstədir", yoxsa onu "zəhərləyiblər?"
  • Oxuma müddəti:

    6 dəqiqə

  • Çeçenistan Prezidenti Ramzan Kadırovun atası, mərhum Əhməd Kadırovla mən hələ Birinci Çeçen müharibəsindən əvvəl - 1993-cü ildə Çeçenistan Prezidenti Dudayevin qərargahında mətbuat konfransında tanış olmuşam. Onda Əhməd Kadırov yeni yaranmış İçkeriya Respublikasının Rusiyaya cihad elan etmiş dini lideri, müftisi idi. 1994-cü ildə artıq Rusiya Çeçenistanda açıq hərbi əməliyyatlar aparanda mən Əhməd Kadırovu Şamil Basayev və Ruslan Qelayevlə birlikdə Dolinski kəndi uğrunda gedən döyüşlər zamanı gördüm (Əhməd Kadırovla ilk müsahibəni məhz azərbaycanlı reportyor Vahid Mustafayev edib-red.). Çeçenistanın muftisı və din xadimi olmasına baxmayaraq, o, döyüşlərdə iştirak edirdi. Məhz burada, amansız döyüşlər və odun-alovun içində mən ilk dəfə daim atasının yanında olan, Əhməd və Aymani Kadırovların dörd uşağından ən kiçiyini, 18 yaşlı Ramzanı gördüm. Adamın mərdliyi və yaşına baxmayaraq atasının yanında vuruşduğu məni heç də təəccübləndirmədi, axı mən Çeçenistanda idim.   

    Baxmayaraq ki, Əhməd Kadırov Birinci Çeçen müharibəsi zamanı Boris Yeltsin Rusiyasına qarşı cihad elan etmişdi, İkinci Çeçen Müharibəsində mövqeyini dəyişərək Vladimir Putin Rusiyası ilə sülh müqaviləsi imzalamış və ona beyət etmişdi.

    Çeçenistan Prezidenti Əhməd Kadırov 2004-cü ildə 9 may paradını qəbul edərkən terror aktı nəticəsində həlak olmuşdu. Lakin artıq bu ailənin yaxın dostu olan Vladimir Putin silahdaşının oğlunu tək qoymur və 2005-ci ildə Ramzan Kadırovu Baş nazir, 2007-ci ildə isə Çeçenistanın Prezidenti edir. Prezidentlər arasında təməli uzaq 90-cı illərdə qoyulan dostluq və sədaqət bu günə qədər də davam edir.

    Prezident olan gündən Ramzan Kadırov səhra komandiri formasına daha eleqant görünüş verərək böyük siyasi karyerasına başlayır. Daim Vladimir Putinə sadiq olan gənc çeçen lideri bütün karyerası boyu hər bir halda Rusiyaya və şəxsən Putinə siyasi və hərbi dəstək verib, Çeçenistanı abadlaşdırıb və xalqını konsolidasiya etmək istəyib. Bunlara baxmayaraq, Ramzan Kadırov həmişə özünəməxsus və İslam qanunlarına arxalanan siyasət aparıb və bir sıra Rusiya vəzifə sahibləri, siyasətçilər və oliqarxları ilə kəskin müxalifətdədir!

    Son vaxtlar, əsasən Rusiya-Ukrayna müharibəsi dövründə mən Ramzan Kadırovun fəaliyyətini 3 milyon abunəçisi olan https://t.me/RKadyrov_95 telegram kanal vasitəsi ilə izləyirəm. İlk baxışdan bu günlərdə qonaqlar qəbul edən və ya çıxışlar edən Çeçenistan Prezidenti əməlli başlı-kökəlib və azı 20 kq əlavə çəki alıb. Lakin mənim tanıdığım, idmanı sevən və daim aktiv həyat sürən Ramzan Kadırov buna heç vaxt imkan verməzdi.

    Nə olub? Demək olmaz ki, bu günlərdə onun Çeçenistanda quruculuq zamanı olduğundan daha çox işi var və o, gecə-gündüz kabinetdən çıxmır. Telegram kanal vasitəsi ilə onun yenə də kifayət qədər aktiv həyat tərzi sürməyini müşahidə etmək mümkündür.

    Jurnalist Azamat Maytanov öz mənbələrinə istinadən iddia edib ki, Kadırov ciddi xəstə ola bilər. A.Maytanov hətta Kadırovun zəhərləndirildiyini də istisna etmir. Bu günə qədər Kadırova qarşı dəfələrlə sui-qəsdlər törədilməsinə baxmayaraq o, hər dəfə bu olaylardan ustalıqla çıxa bilib. Bəs indi nə olub? Azamat Maytanov öz telegram kanalında bu suala belə cavab verir:
    “Son vaxtlar Birləşmiş Ərəb Əmirliklərinin baş nefroloqu (böyrək xəstəlikləri həkimi – müəllif) - nefrologiya, dializ, transplantasiya, qlomerulonefrit və kəskin böyrək çatışmazlığı üzrə 30 illik təcrübəyə malik tanınmış həkim, doktor Yassin İbrahim Əl-Şahatın Qroznıya (Çeçenistanın paytaxtı) getdiyi barədə məlumat var.

    Kadırovun xəstələndiyi və böyrəklərində ciddi problem olduğu iddia edilir”. 

    Mən bir sıra digər mənbələrdən də adı yuxarıda çəkilən BƏƏ-dən olan aparıcı doktorun paytaxt Qroznıda göründüyü üçün Çeçenistan Respublikasının liderinin "ciddi böyrək problemləri"ndən əziyyət çəkdiyi barədə, hətta Ramzan Kadırovda “zəhərlənmə simptomları”nın olması barədə məlumatlarla rastlaşmışam. 

    Bu məlumatları tanınmış “Menatep” bankının və YUKOS neft şirkətininn həmtəsisçisi olmuş, Rusiya Yəhudi Konqresinin prezidenti, lakin 2003-cü ildə YUKOS-un prezidenti Mixail Xodorkovski həbs olunarkən İsrailə köçən rus-israilli iş adamı Leonid Nevzlin də təsdiqləyir. Nevzlin özünün Twitter hesabında yazır: “Mənim mənbələrim bunu təsdiqləyir, Kadırov BƏƏ-də müalicə olunub. Lakin işlə əlaqədar o, Qroznıya qayıdanda onun yanına xüsusi olaraq Əbu-Dabidən “Burjeel Hospital”ın nefrologiya departamentinin rəhbəri Dr. Yassin Ibrahim Al-Şahat gəlir”.

    Maraqlıdır, bəs niyə Ramzan Kadırovun şəxsi həkimləri bütün dünyaya öz nefroloq və böyrək xəstəliklərinin müalicəsi ilə tanınan Rusiyanın N.N.Burdenko adına Baş Hərbi Klinik Hospitala müraciət etməyiblər?

    Bəlkə doğrudan da Rusiya üçün bu ağır və hələ də donu açılmamış qışda Çeçenistana da şimaldan soyuq küləklər gəlir? Çeçenistan Prezidentinə qarşı sui-qəsd varsa, onun mənbəyi niyə Rusiya olmalıdır? Axı Rusiya Prezidenti Vladimir Putinin Ramzan Kadırov kimi sadiq silahdaşlarına bu gün ciddi ehtiyacı var və Çeçenistan Prezidenti onu hər an və hər yerdə dəstəkləyir. Amma, bildiyimiz kimi, Rusiya çox böyükdür və yalnız Putinin kabinetindən ibarət deyil. Ola bilsin ki, bu, Rusiyada mərkəzdənayrılma meylləri daşıyan dairələrin işidir. Onlar yaxşı anlayırlar ki, Vladimir Putinin ətrafında Ramzan Kadırov və onun xüsusi hərbi dəstələri kimi sadiq və peşəkar birləşmələr olanadək onu laxlatmaq çox çətin olacaq! 

    Hər halda, nə yuxarıda adı çəkilən telegram kanalda, nə də birbaşa Çeçenistan Prezident Aparatının birbaşa müraciətlərində Ramzan Kadırovun bu vəziyyətə gələrək şişməsi barədə bir açıqlama var.