BLOQ

Səmamızın sirləri, qəzanın sirləri

Mənfiləri müsbətə çevirmək dahilərə məxsusdur

Səmamızın sirləri, qəzanın sirləri
  • Oxuma müddəti:

    6 dəqiqə

  • Bakı-Qroznı xəttində baş vermiş məlum təyyarə qəzası çox vacib bir mövzunu - Azərbaycan hava ərazisinin geopolitik çəkisini bir daha dünyaya sərgilədi. Dünyanı tən ortadan yaran meridian xətt, qövs Şimal Qütbündən startını götürüb, Dərbəndədək Rusiya hava ərazisindən keçir. Sonra Azərbaycanda öz orta, mərkəz nöqtəsini tapır. İran hava ərazisində davam edərək körfəzdə sona çatır.


    VACİB DETAL: Bu qövsün mərkəzi, ürəyi Azərbaycandadır. Geopolitikada oxşar mərkəz coğrafi nöqtələrə “Hartland” (ing. Heartland; heart - ürək + land - torpaq) də deyirlər.


    İranla Rusiya Batı (Qərb) ilə qarşıdurmadadırlar. Hava əraziləri də Qərb təyyarə marşrutları üçün yarıqapalı şəkildədir. Etibarlı deyil. Qalır Gürcüstan-Azərbaycan hava ərazisi. Hə... Burada Qərbin hava marşrutu tam azaddır. Kim bu hava qövsunə tam nəzrət etsə... Cümlənin axırını bilərəkdən axıradək bütöv yazmıram. Susuram bu vacib məqamda.

    Hələ 2010-cu ilin yanvarında Rusiyanın “Regnum” xəbər agentliyinə verdiyimiz geniş müsahibədə biz bu hava dəhlizinin, qövsün geopolitik əhəmiyyətini xüsusi olaraq vurğulamışdıq. Sətiraltı demişdik: “Ölkələrin ən əhəmiyyətli silahı odlu silah deyil. Geopolitik silahdır. Azərbaycanda bu cür geopolitik silah mövcuddur. Adı, “Haushoffer qövsü”dür”.

    Xatırladıram. Unutmayın!

    Dünya geopolitik lüğətində “Haushoffer qövsü” ifadəsi təzədir. Mənim səyimlə bu vacib geopolitik silahımız dünya mətbuatında tirajlanıb. Dönüb brendə. Azərbaycan brendinə. Biz bu silahımızdan vaxtaşırı istifadə edə bilərik. Əslinə qalarsa, bu qövs səmadakı bizim Zəngəzur dəhlizimizdir.

    Çağdaş dünyada ölkələrin hava ərazisi şkalalar üzrə üç yerə bölünür.

    Azərbaycanın hava ərazisi indi tranzit baxımından əvəzsizdir. Qərb-Şərq arasında bütün uçuşlar indi bizim səmamızdan keçir. 
    Ölkə Prezidenti İlham Əliyev, sözsüz, bu qövsün əhəmiyyətini bilir. 2023-cü ilin 30 aprelində Əliyevin “Boeing Commercial Airplanes” şirkəti rəhbəri Stenli Dillə vacib görüşü də bunula bağlı olub. 
    "Boeing" şirkətinin maraqları bölgəmizdə təkcə Azərbaycan hava ərazisi, hətta məlum Haushoffer qövsü ilə tamamlanmır, sözsüz.
    Azərbaycandan başlayıb, Turanda davam edən ucsuz-bucaqsız hava ərazisi də, məncə, "Boeing" üçün çox əhəmiyyətlidir. 
    Turanın, bəli, quru ərazisində təbii sərvətlər, gizlətməyək, artıq çoxdan supergüclərə, Çinə satılsa da, hava ərazisi hələ də biznes mövzusu deyil. Azərbaycan, İlham Əliyev Qazaxstan Prezidenti Tokayevlə birgə bu hava ərazisini biznes projeyə çevirmək qərarındadırlar. "Boeing" ilə görüş də bu ssenari çərçivəsindədir.

    Səmanın açarları ötən əsrdən üzübəri “Airbus” və “Boeing” şirkətlərinə məxsusdur. Aralarında möhkəm rəqabət gedir. Qəzaya uğramış təyyarələrin qara qutuları uğrunda əsl Şerlok Holms araşdırmaları, məcaraları yaşanılır. Elə lap indiki kimi.

    Bazardakı boşluqlarda  "Embraer" və "Bombardier" kimi kiçik şirkətlər öz bəxtlərini sınayırlar. Bəzən qəzaya da uğrayırlar. İndiki kimi.

    “Airbus” öz coğrafiyasına Çini də qatıb. "Boeing" isə Yaponyada öz istehsalını artırmaqdadır. Bu qarşıdurmada "Airbus" avro məzənnəsini artırır, "Boeing" isə dolların. Yəni qarşıdurmanın dünya maliyyə bazarlarına, dollar-avro məzənnəsinə, seçiminə birbaşa dəxli var.

    Turan səmasındakı "Boeing" dominantlığına, seçiminə qarşı Fransa SAS aerokosmik sənayesi qəribə gediş edib. Mülkü təyyarələrin bazarını başına buraxıb burada. Bazara öz hərbi “Dassault Rafale” təyyarələrini təqdim edib.

    Bu gün Qroznıya uçan təyyarənin məhz Qazaxstanda yerə dəyməsi də Bakı ilə Astananın hava dialoqunu, maraqlarını artıracaq.
    Nə qədər təəccüblü görsənməsə də.

    Mənfiləri müsbətə çevirmək dahilərə məxsusdur

    Azərbaycan hava ərazisi bu gün dünya mediasında müzakirəyə çıxarılıbsa, fürsəti əldən verməyək.Üzərimizdən keçən hava yollarının əhəniyyətini vurğulayaq.

    Qəza nəticəsində bu hava dəhlizi bir müddət Qərb üçün qapalı qalacaq. Qədrimizi də bu vaxt biləcək Qərb. Mənfiləri müsbətə çevirmək dahilərə məxsusdur. Qəza nəticələrini öz xeyrimizə döndərək. Qəzanın sirlərini öyrənənə qədər əvvəlcə başımız üzərindəki səmanın sirlərini dəqiq öyrənək. Bilək.

    Dünya bu gündən hava ərazimizin geopolitik əhəmiyyətini dəyərləndirəcəkmi? Bilmirəm.

    Ukrayna-Rusiya müharibəsinin bir qəlpəsi Xəzərə, Güney Qafqaza, Azərbaycana da dəydi. Həlak olanlar var. Müharibənin ərazisi genişləndi. Hava ərazimiz təhlükəli oldu.


    Hava dəhlizimiz daha çox önəm qazanacaq bu faciə nəticəsində. Bütün Qərb-Şərq hava trafiki qısaqapanma keçirə bilər.

    Hava ərazimiz, məncə, qəzaya görə bir müddət bağlanacaq. Dünya Azərbaycan səmasının əhəmiyyətini, Azərbaycanın çəkisini bu vaxt yenidən özü üçün aşkarlayacaq. NO KOMMET necə deyərlər. “Hartland” Azərbaycandadır.