BLOQ

Oruc tutduqda mədə və bağırsaq sistemində bərpa prosesi

Bu il Ramazan ayının 1-i Miladi təqvimlə mart ayının 11-nə təsadüf edəcək

Oruc tutduqda mədə və bağırsaq sistemində bərpa prosesi
  • Oxuma müddəti:

    3 dəqiqə

  • Oruc tutmağın insan orqanizminə çoxsaylı faydaları var. Dini baxımdan biz bu prosesə "orucluq" deyirik, lakin bunların hamısının elmi əsası var. Elmdə bu prosesin adı aralıqlı acqalma, yəni "intermittent fasting" adlanır.

    Bunu Ramazan ayının başlanması ilə bağlı Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, qastroenteroloq Emin Məmmədov deyib.

    Oruc tutmağın insan orqanizminə təsiri barədə məlumat verən mütəxəssis bildirib ki, bu sahədə çox ciddi elmi araşdırmalar var: “2019-cu, 2020-ci, 2022-ci illərdə "New England of Journal" elmi nəşrində aralıqlı acqalmanın insanın sağlamlığına, yaşlanmasına və gələcəkdə yoluxa biləcəyi xəstəliklərə qarşı effektinə dair ciddi araşdırmalar mövcuddur. Ən böyük tədqiqatlar göstərir ki, 6 saatlıq fasilələrlə qida qəbul etmək və 18 saatlıq ac qalmaq insan bədənində şəkərin keton əsaslı enerjiyə keçidini təmin edir və insanın daxili orqanlarda toplanmış lazımsız piylər parçalanmağa doğru gedir. Bundan sonra insanın stresə davamlılığı artır, insanın ömrü uzanır.

    Mütəxəssis deyir ki, bu proses xəstələnmə ehtimalını ciddi şəkildə aşağı salır, insanları xərçəngdən və artıq bədən çəkisindən qoruyur.

    E.Məmmədov bildirib ki, acqalma və orucluq xüsusilə metabolitik problemi olan insanlar üçün çox faydalı və effektivdir. Belə ki, insan ac qaldığı müddətdə autofagiya deyilən proses oyanır. Bu proses zamanı insan bədənində toplanmış ölü, zərərli hüceyrələr, orqanizmə zərər törədə biləcək xərçəng başlanğıcı hüceyrələri insan orqanizminin özü tərəfindən təmizlənməyə başlayır. Aralıqlı ac qalan zaman bu proses aktivləşir və biz orucluqda gündəlik olaraq bu prosesi izləyə bilərik. İnsan oruc tutduqda xüsusilə mədəaltı vəzidə, mədə və bağırsaq sistemində bərpa prosesləri ciddi şəkildə aktivləşmiş olur. Bu insanların şəkər balansı tənzimlənir, yüksək təzyiqdən əziyyət çəkənlər üçün də faydalı olur.

    "Çox ciddi bir nüansa diqqət yetirmək tövsiyə edilir. İnsanın mədə və ya onikibarmaq bağırsağında xora xəstəliyi, yoğun bağırsağında kolit dediyimiz iltihablı proses varsa, həmçinin şəkərli diabet xəstəliyi olan və mütəmadi dərman qəbul etməsi vacib olan insanların oruc tutmağı risk daşıya bilər. O cümlədən pankreatiti olanlara, aktiv hepatitli insanlara da oruc tutmağı məsləhət görməzdim. Çünki bu xəstələr davamlı olaraq dərman qəbul etməlidirlər. Buna görə də xroniki xəstələr, yəni uzun müddət dərman qəbul edən insanlar oruc tutmaqla bağlı əvvəlcədən həkimləri ilə məsləhətləşməlidirlər. Əks təqdirdə, dərman qəbulu rejimi pozulduqda xəstəlikdə kəskinləşmə baş verə bilər. Kəskinləşmə orucluğun insan orqanizminə zərərindən yox, dərman qəbulu rejiminin pozulması ilə bağlı əlaqələndirilir",- deyə ekspert fikrini yekunlaşdırıb.

    Xatırladaq ki, Qafqaz Müsəlmanları İdarəsinin Ramazan ayının başlanması ilə bağlı verdiyi fətvada bu il Ramazan ayının 1-i Miladi təqvimlə mart ayının 11-nə təsadüf edəcək.