Müsəlman Şərqində inqilabın mədəni vəzifələri
Rəsulzadə – 140: “II Beynəlxalq Rəsulzadə Qiraətləri”
“II ... Qiraətlər”in elmi-tədqiqat məqalələrinin təqdimatını burada saxlayıb, kitabın IV - “Sənədlər” fəsli haqqında ən ümumi şəkildə məlumat vermək istəyirəm. “I ...Qiraətlər”də olduğu kimi, bu topluda da Rəsulzadəyə aid müxtəlif ölkələrin arxivlərində saxlanılan, onun şəxsiyyəti və fəaliyyəti haqda az məlum olan, yaxud ilk dəfə açıqlanan faktlar, hadisələrə dair sənədlər təqdim olunur. Məs. rusiyalı tarixçi Salavat İshakov M.Ə.Rəsulzadənin 1920-1922-ci illər Moskvada sürgün həyatına dair əsasən yeni arxiv materiallarına əsasında yazdığı tədqiqatına həmin sənədlərin bir hissəsinin foto-surətlərini, eləcə də Məhəmməd Əmin bəyin həmin dövr Moskvada çıxan "Жизнь национальностей” və Petroqraddan gizlin olaraq gəldiyi Finlandiyada qaldığı müddətdə Helsinqforun (Helsinki) "Svenska Pressen" qəzetlərində "Müsəlman Şərqində inqilabın mədəni vəzifələr” və “Karl Marks aypara altında” adlı məqalələrini əlavə etmişdir. Bütün bu sənədlər və məqalələr ilk dəfə nəşr olunur.
Bu topluda həmçinin Türkiyə tarixçisi Mehmet Akif Erdoğrunun, Dilqəm Əhmədin, Polşa tədqiqatçısı Şəhla Kazımovanın təqdimatında Türkiyə və Polşa arxivlərində saxlanılan və M.Ə.Rəsulzadəyə aid olan yeni sənədlər və şəkillər müəllif şərhləri ilə birgə yer almışdır.
Tarix üzrə PhD, dosent Şəlalə Bağırova da “Məhəmməd Əmin Rəsulzadənin həbsi haqqında (Bir istintaq işi sənədlərinin izi ilə)” başlığı altında hərbi senzorla kobud rəftarına görə Rəsulzadənin 19 may-16 iyul 1915-ci il tarixlərində həbsi ilə bağlı istintaq işinin sənədlərini geniş şərhlə təqdim edir.
Bu sənədlərdən aydın olur ki, Xalq məktəbləri Direktoru haqqında bir yazısının “Yeni İqbal” qəzetində dərcinə qoyulan qadağaya görə M. Ə.Rəsulzadə may ayının 11-də Bakı Poçt-Teleqraf Kontorunun binasında yerləşən hərbi senzorlar kabinetinə gəlmiş, senzor İmamverdibəyova sözü gedən yazını qəzet səhifəsindən çıxardığı üçün ağır sözlər demişdir. Həmin gün axşam 8 radələrində M.Ə.Rəsulzadə hərbi senzor, qraf Ledoxovskinin mənzilinə getmiş və məqaləsinin çapının qadağasına etirazını bildirmişdir. Qraf Ledoxovskinin bu qadağanın onun sərəncamı ilə verildiyi cavabı qarşısında Rəsulzadə də “səsini qaldırmış və qrafla yüksək tonlarda və kobud danışmağa cəsarət etmişdir”. Məsələ böyümüş, DİN Bakı Şəhər İdarəsi rəisi polkovnik Martınova çatmışdır. Lakin Şəhər idarəsinə çağırılan Rəsulzadə Martınovun hərbi senzorlar – qraf Ledoxovski və İmamverdibəyovdan üzr istəmək təklifindən nəinki imtina etmiş, “əksinə ən “hörmətsiz” ifadələrlə özünə bəraət qazandırmağa” çalışmışdır. Bu halda Martınov Rəsulzadənin elə oradaca həbsə alınması barədə əmr vermiş, Bakı Polismeysterinə hərbi vəziyyətin hökm sürdüyü ərazilərdə jurnalistin fəaliyyətinin diqqətlə araşdırılması, evində axtarış aparılması tapşırılmışdır.
Ş.Bağırova istintaq işində olan sənədlər üzrə hadisələrin gedişini diqqətlə izləyir, Bakı Dairə Məhkəməsi Prokurorunun Rəsulzadənin Qafqaz diyarı hüdudlarından kənara sürgün edilməsinə razılıq verdiyini göstərir. Lakin məlum olur ki, M.Ə.Rəsulzadənin taleyi Bakıda yox, Tiflisdə, həm də ən yüksək səviyyədə həll edilib. Belə ki, Qafqaz Hərbi Dairəsi Baş Komandanı general-leytenant Volskiy “Yeni İqbal” qəzetinin əməkdaşı M.Ə.Rəsulzadənin hərbi vəziyyət davam edənə qədər Qafqaz diyarı hüdudlarında yaşamasının qadağan edilməsinə kifayət qədər səbəb göstərilmədiyi üçün bu inzibati cəzanı əsassız sayır və Rəsulzadə haqqında istintaq işinə xitam verilməsi və onun həbsdən azad edilməsi haqda əmr verir.
Beləliklə, özünün qəzetçilik və naşirlik fəaliyyətində bəlkə bundan da ağır hallar və vəziyyətlərlə üzləşmiş, təqib olunmuş, ölkəni tərk etməyə məcbur olmuş Məhəmməd Əmin bəy ilk baxışda o qədər də mühüm görünməyən, bəlkə də daimi keçirdiyi əsəb və gərginlikdən doğan bir coşqu ilə atdığı bir addıma görə qarşıdakı həyatını dəyişə biləcək ciddi təhlükədən, ailəsini, dostlarını, məsləkdaşlarını, nəhayət Azərbaycanı tərk etmək məcburiyyətindən qurtulur.
Tarixçi alim burada hərbi əməliyyatlar teatrı sayılan məkanda və hərbi vəziyyətin hökm sürdüyü bir zamanda Qafqaz Hərbi-Dairəsi Komandanlığının inzibati xarakterli bir mülki hadisənin bu qədər böyüdülməsinə və təqsirləndirilən şəxsə ağır cəza tələbinə baxmayaraq istintaq işinə hər halda diqqətlə və ədalətlə yanaşdığını qeyd edir.
“Sənədlər” fəslində daha bir maraqlı təqdimat müstəqil araşdırmaçı Yusif Həmzəyev-Yusif İsmayıl tərəfindən edilmişdir.
“Məhəmməd Əmin Rəsulzadə haqqında ilk bioqrafik oçerk” adlı bu yazıda Rəsulzadənin ilk tərcümeyi-halının amerikalı tədqiqatçı, sonralar tanınmış diplomat Çarlz Uorren Hostler (1919–2014) tərəfindən yazıldığı və dərc edildiyi bildirilir. Hələ Corctaun Universitetində oxuduğu vaxtlarda türk xalqları və türk dünyasının geosiyasi mövqeyini araşdırmağa başlayan Ç.U.Hostler türk xalqlarının azadlıq hərəkatı, onların liderlərinin mühacirətdə Sovet İttifaqına qarşı apardığı mübarizənin tarixi ilə maraqlanmış, öz tədqiqatlarının gedişində ilk olaraq həmin tarixi şəxsiyyətlərin bioqrafiyasını işıqlandırmağı zəruri bilmişdir. Bu məqsədlə Ç.U.Hostler 1954-cü ildə Ankaraya gələrək burada Məhəmməd Əmin Rəsulzadə ilə görüşmüş və araşdırmaları üçün ondan materiallar toplamışdır. Bu materiallar əsasında yazılmış “Məhəmməd Əmin Rəsulzadə haqqında bioqrafik oçerk” 3 ildən sonra, 1957-ci ildə ABŞ-da "Turkism and the Soviets" (Türkçülük və Sovetlər) adlı kitabda nəşr olunmuşdur.
Kitabın əsas adının açıqlaması kimi verilən “The Turks of the World and Their Political Objectives” (Dünya türkləri və onların siyasi məqsədləri) ikinci başlıqdan göründüyü kimi müəllif öz qarşısına Türkiyə, Rusiya və Qərb mənbələri əsasında türk dünyasını və beynəlxalq münasibətlərdə onun yerini müəyyən etmək kimi məqsəd qoymuşdur. Əsərdə bu nəhəng etnik qrupu dünya miqyasında əhəmiyyətli edən iki əsas amilə diqqət yetirilir: onların yaşadıqları ərazilərin strateji mövqeyi; onların eyni kökü və eyni məqsədləri.
Ç.U.Hostler türk xalqlarının Sovet İttifaqı və kommunizm problemləri ilə bağlı məsələləri tədqiqatının hədəfi kimi seçmişdir. Onun bu xalqların ən görkəmli liderlərinə, o cümlədən Məhəmməd Əmin Rəsulzadəyə, onun mübarizə yoluna marağı da buradan qaynaqlanmışdır.
Təqdimatda kitabın müəllifi Ç.U.Hostlerin özünün də çox maraqlı həyat tarixçəsini işıqlandırılır, onun və kitabının şəkilləri, eləcə də oçerkin Azərbaycan dilində tərcüməsi verilir. Y.Həmzəyevə görə Amerikalı müəllifin qələmə aldığı bu bioqrafik oçerk Məhəmməd Əmin Rəsulzadə haqqında xarici araşdırmaçı tərəfindən yazılan ilk tədqiqatlardan biri, Ç.U.Hostler özü isə Rəsulzadənin ilk xarici bioqrafı sayıla bilər.