Türkiyəyə gələn rus ənənəsi
İndi Türkiyənin Antalya şəhərində yaşayan araşdırmaçı-jurnalist Cahan Əliyevanın müşahidələri
Bayaqdan yolda gedirəm. Hələ ki, qulağima bircə dəfə də olsun türk sözü dəyməyib, sahilə aparan yol boyunca tək-tük türk görürəm. Hər tərəfdə ruslardır. Addımbaşı ağzına kimi dolu uşaq oyun meydançalarında ora bura qaçışan, əylənənlər belə rus balalarıdır. O qədər çoxdurlar ki, öz aralarında eynilə Moskvadakı kimi bir-birilərinə "şəhərli-kəndçi" ayrıseçkiliyi etməyə başlayıblar. Varlı rus, kasıb rus kateqoriyası da var. Varlı kasıbı uzaqdan tanıyır. Pullu rusların öz alış-veriş dükanları, restoranları, kafe və fitnes klubları belə fərqlidir. Və bura Türkiyənin turizm paytaxtı sayılan Antalyadır.
Şəhərdə 90 ölkədən gəlmə xarici ya daimi yaşayır, ya da, sadəcə, yaydan yaya gəlir. Şəhərdə yaşayan 150 min xaricinin 60 minə yaxını ruslardır.
Antalyanın böyük rayonlarından biri sayılan Konyaaltının Liman və Hurma səmtlərındə hər 4 nəfərdən 2-si rusdur. Yerlı ruslar Konyaaltına "Malaya Rossiya" deyirlər. Buranı kiçik Rusıya adlandırmaq üçün bir xeyli səbəblərdən ən böyüyü yəqin ki, Liman məhəlləsinin mərkəzində, məşhur Konyaaltı plyajının üç addimlığındakı "Matryoşka Parkı"dır.
Ukraynada müharibə başlayandan bir neçə gün sonra, sərin qış gecələrinin birində yerli ukraynalılar parkdakı matryoşkaları yerlərindən qoparıb ətrafa atmışdılar, qopara bilmədiklərinə də qan rəngi qırmızı boya töküb təmir oluna bilinməyəcək dərəcədə məhv etmişdilər. O gecədən sonra Antalyada rus-ukraynalı nifrəti yerli türklərin, bələdiyyə və polisin işini artırmışdı.
Çox keçmədən Konyaaltı bələdiyyəsi yeni matryoşkaları parkdakı əvvəlki yerlərinə düzdü, asayişi qorumaq üçün isə əraziyə polisləri çağırmışdılar.
Konyaaltının təzə meyvə-tərəvəz satılan bəzi səmt bazarlarına getsəniz, yerli əhalini ancaq piştaxta arxasında görəcəksiniz. “Очень сладкий арбуз", "кинза, кинза" deyib avazla qışqırışanlar yerli türk fermerləri, satıcılardır. Belə bazarlarda hər 10 alıcıdan sadəcə ikisi türk ola, ya olmaya. Yerdə qalanlar ruslar və ukraynalılardır. Haqlı olaraq türklər buralara bazarlığa gəlmirlər. Çünkü qiymətlər od tutub yanır. Rusların az yaşadığı rayonların kolxoz bazarlarındakı qiymətlər belə səmtlərdəki qiymətlərdən ən az üç dəfə ucuzdur.
İllərlə Türkiyədə yaşayıb türk diini biməyən rusu çəkidə aldatmaq daha asandır. Bir dəstə keşnişi 15 türk lirəsinə ala bilərsiniz. O keşnişi ki, yerli fermer sırf ruslar üçün yetişdirilb bazara çıxarır.
Türk mətbəxində olduqca nadir ya da heç istifadə olunmayan bir çox məhsulu sadəcə Antalya və Alanyada almaq mümkündür. Məsələn, nə? “Sovet sənayesi”nin istehsal etdiyi hər şey. Məsələn, qreçka. Qutusunun üstünə yaxın illərə qədər elə bu cür də yazılırdı: qreçka. İndi "Karabaşak" adı ilə satılır. Ya da smetan. Bir neçə türk şirkəti müxtəlif ticarət maraksı ilə bazara smetan istehsal edib çıxartdılar. Hamısı da uğursuz oldu. Ruslar bəyənmədi. Nəhayət marketlərə (sadəcə Antalya və Alanyada) dadı və keyfiyyətinə görə Sovet dövründəki smetanın eynisi satışa çıxdı. Bu dəfə türk istehsalçısı smetanın türkçəyə tərcüməsini də tapmışdı: "Ekşi krema". Ruslar etiraf edir ki, bu smetan Moskvadaki smetandan qat-qat ləzzətlidir.
Ruslar hər sahəyə əl atmağa can atırlar. Hər işdə özlərini sınayırlar. Hələlik Antalyada sadəcə iki sektoru qismən ələ keçiriblər: gözəllik salonları və ev alqı-satqı agentliklərini. Son iki ildə yerli xəstəxanalarda tək-tük rus həkimlərinə də rast gəlmək olar. Yerli həyata, adət və ənənələrə assimilyasiya ola bilməyən və olmaq istəməyən rusların, eləcə də urkaynalıların Antalya cəmiyyətinə vurduqlari ən böyük zərbə isə orta məktəblərə sovet ənənələri gətirməklə başladı...
Davamı var.
Araşdırmaçı-jurnalist
Cahan Əliyeva