Xankəndidə 28 min nəfər yaşayır
Bunu Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov deyib
Keçmiş məcburi köçkünlərin Xankəndiyə qayıtması prosesi fəal şəkildə davam edir və bu gün şəhərdə artıq 28 min nəfər yaşayır.
Bu barədə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov diplomatik korpus nümayəndələrinə onların Xankəndi şəhərindəki Mədəniyyət Mərkəzinə səfəri zamanı danışıb.
O qeyd edib ki, hazırda Xankəndidə 3 mindən çox tələbə təhsil alır: "Bu, əhalinin ümumi sayının 10 %-dən çoxunu təşkil edir".
Onun sözlərinə görə, şəhərdə yeni yaşayış binaları və parklar tikilir, müasir tələblərə cavab verən yollar çəkilir.
"Eyni zamanda, şəhərin görünüşünə və müasir şəhərsalma standartlarına uyğun olmayan yöndəmsiz tikililərin sökülməsi prosesi sürətlənib. Bununla yanaşı, yeni tələblərə cavab verən müasir binaların tikintisi üzrə layihələndirmə işlərinə başlanılıb", - o əlavə edib.
1 dəqiqə