Ağdam rayonunda 2000-dən çox ailə məskunlaşıb
Bunu Ağdam, Füzuli və Xocavənd rayonlarında Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov deyib
Ağdam şəhərindəki ikinci yaşayış kompleksində, Kəngərli, Sarıcalı və Xıdırlı kəndlərində əhalinin məskunlaşması həyata keçirilib. Hazırda Ağdam rayonunda ümumilikdə 2000-dən çox ailə yaşayır. Onlardan təxminən 932 ailə Ağdam şəhərində, 1110 ailə isə üç kənddə məskunlaşıb.
Bunu Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov jurnalistlərə açıqlaması zamanı deyib.
Emin Hüseynov bildirib ki, bu ilin sonuna qədər Ağdam rayonunda məskunlaşan ailələrin sayı 5000-ə çatacaq: “Beləliklə, əhalinin sayı daha 10 min 450 nəfər artacaq və 21 min nəfərə çatacaq. Bu, Ağdam şəhərinin tikilməkdə olan dördüncü və beşinci yaşayış komplekslərinin açılışı və ora əhalinin köçürülməsi, eyni zamanda, Eyvazxanbəyli və Baş Qərvənd kəndlərinin də tikintisinin yekunlaşması hesabına baş verəcək. Bu proses gələn il də davam edəcək. Gələn il artıq ikinci dövlət proqramı fəaliyyətə başlayacaq, 2027-2030-cu illəri əhatə edən ikinci dövlət proqramı çərçivəsində də əlavə 30-40 min insanın qrafikə uyğun şəkildə Ağdam rayonuna köçü planlaşdırılır”.
1 dəqiqə