XƏBƏRLƏR / Qayıdış

Xocavəndin iki kəndinə qaz xətti çəkilir

İşğaldan azad olunmuş ərazilərdə 53 yaşayış məntəqəsində qazlaşdırma işləri həyata keçirilir

Xocavəndin iki kəndinə qaz xətti çəkilir
  • Oxuma müddəti:

    1 dəqiqə

  • İşğaldan azad olunmuş ərazilərdə əhalinin doğma yurdlarına qayıdışının təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində zəruri infrastrukturun, o cümlədən təbii qaz şəbəkəsinin qurulması və genişləndirilməsi davam etdirilir.

    Görülən işlər çərçivəsində Kiş və Güneyçartar kəndlərində qaz xətlərinin çəkilişi üzrə işlər davam etdirilir. Kiş kəndində ümumilikdə 16 min 756 metr müxtəlif diametrli polietilen borular vasitəsilə qaz xəttinin çəkilməsi nəzərdə tutulur.

    “Azəriqaz” İstehsalat Birliyinin Qarabağ Regional Qaz İstismarı İdarəsinin (RQİİ) baş mühəndisi Qiyas Abdullayev jurnalistlərə açıqlamasında bildirib ki, Kiş kəndinin artıq 7018 metr qaz xətti çəkilib. Kəndə cari ildə 110 ailənin köçürülməsi planlaşdırılır.

    O deyib ki, Güneyçartar kəndində isə yeraltı və yerüstü üsulla, polad və polietilen borulardan istifadə edilməklə ümumilikdə 4519 metr qaz xəttinin çəkilməsi nəzərdə tutulub. Hazırda 1388 metrədək xəttin çəkilişi tamamlanıb, ərazidə qazıntı işləri də həyata keçirilib. Kəndə cari ildə 30 ailənin köçürülməsi planlaşdırılır.

    Qazlaşdırma işlərinin başa çatdırılması ilə hər iki kənddə yaşayış üçün yaradılan şəraitin daha da yaxşılaşdırılması və sakinlərin dayanıqlı təbii qazla təmin edilməsi nəzərdə tutulur.

    Qiyas Abdullayev, həmçinin bildirib ki, cari il ərzində işğaldan azad olunmuş ərazilərdə 53 yaşayış məntəqəsində qazlaşdırma işləri həyata keçirilir. Hazırda ümumilikdə 263,5 kilometr qaz xətti çəkilib.