Xankəndidə ictimai təhlükəsizliyə polisimiz nəzarət edir
Bunu Azərbaycan Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Elşad Hacıyev bildirib
"Hazırda Xankəndidə ictimai təhlükəsizliyə nəzarəti Azərbaycan polisi həyata keçirir”.
Bunu Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Elşad Hacıyev bazar ertəsi BBC Azərbaycancaya bildirib.
Onun sözlərinə görə, 19-20 sentyabr antiterror tədbirlərindən sonra Qarabağ iqtisadi rayonunda ictimai qaydalara və ictimai təhlükəsizliyə nəzarət Daxili İşlər Nazirliyinin əməkdaşlarının səlahiyyətlətinə daxildir.
Azərbaycan Prezident Adminstrasiyası bazar günü açıqlayıb ki, Dövlət Miqrasiya xidməti Xankəndidə əhalinin reinteqrasiya prosesinə başlayıb. "Reinteqrasiya prosesinə qoşulmaq məqsədilə ilkin qeydiyyat üçün müraciətlərin qəbulu Dövlət Miqrasiya Xidmətinin əməkdaşları tərəfindən Xankəndi şəhərində yerləşən keçmiş “polis” binasında aparılır", - məlumatda deyilir.