Bayramov və Botçorişvilinın brifinqi keçirilib
Bu barədə XİN məlumat yayıb YENİLƏNİR

15:10
Azərbaycan ilə Gürcüstan strateji tərəfdaşdırlar. Biz bu tərəfdaşlığı daha da inkişaf etdirmək barədə razılığa gəlmişik.
Bu sözləri Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili azərbaycanlı həmkarı Ceyhun Bayramov ilə görüşdən sonra keçirdiyi brifinqdə söyləyib.
Onun sözlərinə görə, mövcud geosiyasi şəraitdə Gürcüstan ilə Azərbaycan arasındakı siyasi sabitlik ortaq maraqların qorunmasına xidmət edir.
Gürcü nazir qeyd edib ki, Gürcüstan regionda sabitliyin və təhlükəsizliyin qorunmasında maraqlıdır və bu istiqamətdə ardıcıl səylər göstərir.
Nazir bildirib ki, ikitərəfli görüşdə müxtəlif məsələlər müzakirə olunub və bu cür təşəbbüslər Azərbaycan, Gürcüstan və digər tərəfdaş ölkələr arasında əməkdaşlığın dərinləşdirilməsinə mühüm töhfə verir.
“Mövcud geosiyasi şəraitdə Gürcüstanda və Azərbaycandakı siyasi sabitlik ortaq maraqlarımızın qorunmasına xidmət edir. Biz ölkələrimizin milli maraqlarını nəzərə alaraq, əlaqələrimizin daha da möhkəmlənməsi istiqamətində çalışırıq”, - deyə gürcü nazir vurğulayıb.
O deyib: “Ölkələrimiz arasında qarşılıqlı etimada əsaslanan əlaqələr ikitərəfli miqyasdan çıxıb qlobal xarakteri alıb. Bizim münasibətlərimiz siyasi dialoqun da inkişafına təkan verir. Biz regiondakı mövcud vəziyyəti, eyni zamanda, qlobal prosesləri müzakirə etdik. Həmçinin təhlükəsizlik məsələləri də müzakirə olundu”, - deyə Maka Boçorişvili vurğulayıb.
***
13:13
Azərbaycan və Gürcüstanın həyata keçirdiyi birgə layihələr ümumilikdə daha geniş coğrafiyaya əhəmiyyətli töhfələr verib.
Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Tbilisidə gürcü həmkarı Maka Botçorişvili ilə birgə keçirilən brifinqdə deyib.
Onun sözlərinə görə, ötən il Gürcüstanda böyük uğurla keçirilmiş parlament seçkilərindən sonra Gürcüstan Baş nazirinin ilk rəsmi səfərinin məhz Azərbaycan Respublikasına həyata keçirməsi, eləcə də bu ilin aprel ayında Gürcüstan Prezidentinin ilk xarici səfərinin Azərbaycana baş tutması ölkələr arasında mövcud münasibətlərə verilən yüksək dəyərin və səmimi dostluq əlaqələrinin bariz nümunəsidir.
"Eyni dərəcədə intensiv və səmərəli dialoqu biz müxtəlif nazirliklər arasında da mütəmadi əsasda müşahidə edirik. Bununla yanaşı, parlamentlərimiz arasında da olduqca nümunəvi və fəal əməkdaşlıq mövcuddur", - nazir qeyd edib.
C.Bayramov vurğulayıb ki, Azərbaycan Gürcüstanın əsas investorlarından biri hesab olunur və son illər ərzində ölkə tərəfindən Gürcüstan iqtisadiyyatına 3,6 milyard ABŞ dolları həcmində investisiya qoyulub:
"Hörmətli xanım nazirin də qeyd etdiyi kimi, ölkələrimizin birgə iştirakı ilə həyata keçirilən nəhəng layihələr təkcə Azərbaycan və Gürcüstana deyil, ümumilikdə daha geniş coğrafiyaya əhəmiyyətli töhfələr verib. Bu layihələr həm ölkələrimizin, həm də xalqlarımızın rifahının yüksəldilməsi baxımından xüsusi əhəmiyyət daşıyır və onların təsir dairəsi regional sərhədləri aşaraq qlobal miqyasda hiss olunur. Bu nəhəng layihələr sırasında Bakı-Tbilisi-Ceyhan neft kəməri, Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Qars dəmir yolu və digər mühüm təşəbbüsləri xüsusilə qeyd edə bilərik.
Şübhəsiz ki, bundan sonra da ölkələrimiz arasında bu cür nəhəng layihələr davam etdiriləcək. Xüsusilə, alternativ enerji sahəsində həyata keçirilən təşəbbüsləri vurğulamaq istərdim. Bu layihə Xəzər hövzəsindən — yəni Azərbaycanın yaşıl enerji resurslarının Azərbaycan və Gürcüstan ərazisindən keçməklə Qara dəniz üzərindən Avropa bazarlarına çatdırılmasını nəzərdə tutur. Bu çərçivədə Azərbaycan və Gürcüstan bir sıra Avropa ölkələri, o cümlədən Türkiyə ilə sıx əməkdaşlıq edərək layihənin uğurla irəliləməsini təmin edirlər".
***
12:55
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Gürcüstanın xarici işlər naziri Maka Botçorişvili arasında geniş tərkibdə görüş olub.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Görüş zamanı Azərbaycan-Gürcüstan dostluq və strateji tərəfdaşlıq münasibətlərinin cari vəziyyəti və inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Tərəflər ölkələrimiz arasında yüksək səviyyəli siyasi dialoqun, qarşılıqlı səfərlərin və siyasi məsləhətləşmələrin münasibətlərin daha da dərinləşməsinə verdiyi töhfəni vurğulayıblar.
Nazirlər enerji, nəqliyyat, ticarət, turizm və təhsil sahələrində əməkdaşlığın daha genişləndirilməsi imkanlarını müzakirə ediblər. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Qars və Cənub Qaz Dəhlizi kimi birgə həyata keçirilən layihələrin, habelə yaşıl energetika və rəqəmsal kommunikasiya sahəsində irəli sürülmüş təşəbbüslərin və layihələrin strateji əhəmiyyəti qeyd olunub. Şərq-Qərb Orta Dəhlizin ölkələrimiz və Mərkəzi Asiya arasında əməkdaşlıq əlaqələrinə müsbət töhfəsi vurğulanıb.
İki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin inkişafı, ticarət dövriyəsində artan dinamika məmnuniyyətlə qeyd olunub.
Həmçinin, humanitar sahədə əməkdaşlığın inkişafı, mədəniyyət mübadilələrinin təşviqinin vacibliyi vurğulanıb.
Tərəflər beynəlxalq platformalarda, o cümlədən regional təşəbbüslər çərçivəsində Azərbaycan və Gürcüstan arasında qarşılıqlı dəstəyə əsaslanan əməkdaşlığın davam etdirilməsinin önəmini qeyd ediblər.
Ölkələrimizin iştirakı ilə üçtərəfli və çoxtərəfli formatlar çərçivəsində birgə fəaliyyətin, ortaq səylərin əhəmiyyəti nazirlər tərəfindən vurğulanıb. Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə yüksək səviyyəli əlaqələrinin, Azərbaycan-Gürcüstan-Mərkəzi Asiya regional tərəfdaşlığı üçün əsas təşkil etdiyi diqqətə çatdırılıb.
Görüşdə regionda və onun hüdudlarından kənarda baş verən proseslər, o cümlədən qarşılıqlı maraq doğuran təhlükəsizlik məsələləri müzakirə olunub.
Nazir Ceyhun Bayramov qarşı tərəfi ölkəmiz tərəfindən işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, habelə Azərbaycan ilə Ermənistan arasında normallaşma prosesi barədə ətraflı məlumatlandırıb. Gürcüstanın normallaşma prosesinə verdiyi töhfə, 2022-ci ildən etibarən bir sıra görüşlərə ev sahibliyi etməsi məmnuniyyətlə xatırlanıb.
Sülh prosesində əhəmiyyətli irəliləyişə baxmayaraq, Ermənistan konstitusiyasında Azərbaycanın ərazi bütövlüyünə qarşı davam edən ərazi iddialarının yekun sülh sazişinin imzalanması üçün maneə olaraq qaldığı diqqətə çatdırılıb.
Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
***
12:50
Tbilisidə rəsmi səfərdə olan xarici işlər naziri Ceyhun Bayramovla həmkarı Maka Boçorişvili arasında ikitərəfli görüş başa çatıb.
Görüş Gürcüstan XİN-in binasında baş tutub.
Nazirlər bir qədər sonra mətbuata birgə açıqlama ilə çıxış edəcəklər.
Ceyhun Bayramov səfər çərçivəsində Gürcüstan Prezidenti Mixeil Kavelaşvili, Baş nazir İrakli Kobaxidze və parlament sədri Şalva Papuaşvili ilə də görüşəcək.
Nazir həmçinin Tbilisidəki Qəhrəmanlar Meydanı memorialını və Heydər Əliyevin büstünü ziyarət edərək əklil qoyacaq.
***
11:07
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Gürcüstanda səfərdədir.
Azərbaycanın xarici siyasət idarəsinin rəhbərini Gürcüstanın xarici işlər naziri Maka Botçorişvili qarşılayıb.
Hazırda tərəflər arasında görüş keçirilir.
Ceyhun Bayramovun səfəri çərçivəsində Gürcüstan Prezidenti Mixeil Kavelaşvili, Baş nazir İrakli Kobaxidze və Parlamentin sədri Şalva Papuaşvili ilə də görüşləri planlaşdırılıb.
Nazir, həmçinin Gürcüstanın birliyi uğrunda həlak olmuş qəhrəmanların xatirəsinə ucaldılmış memoriala əklil qoyacaq və Azərbaycanın ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət edərək, ona ehtiramını ifadə edəcək.
Bundan əlavə, 2025-ci il iyulun 21-də Tbilisidə Gürcüstan və Azərbaycanın Xarici İşlər Nazirlikləri arasında nazir müavinləri səviyyəsində növbəti siyasi məsləhətləşmələr raundu keçirilib.
***
09:04
Xarici işlər naziri Ceyhun Bayramov iyulun 22-də Gürcüstana rəsmi səfərə yola düşüb.
Bu barədə XİN məlumat yayıb.
Səfər çərçivəsində nazir Ceyhun Bayramovun Gürcüstanın xarici işlər naziri Maka Botçorişvili, habelə digər yüksək səviyyəli rəsmilərlə görüşlərinin keçirilməsi nəzərdə tutulub.