Abbas Əraqçi Ceyhun Bayramova zəng edib
İran XİN rəhbəri hərbi qurumlarla birlikdə hadisə ilə bağlı araşdırma başlatdığını bildirib
İranın xarici işlər naziri Seyid Abbas Əraqçinin təşəbbüsü ilə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə telefon danışığı baş tutub. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilib.
Söhbət zamanı nazir Ceyhun Bayramov İrandan Naxçıvan Muxtar Respublikasına qarşı endirilən pilotsuz təyyarə hücumlarını qətiyyətlə pisləyib vng ə bu hərəkətlərə qəti etirazını bildirib.
Bildirilib ki, Azərbaycan ərazisinə edilən bu cür hücumlar beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozur və regionda gərginliyin artmasına səbəb olur.
İran xarici işlər naziri Naxçıvan Muxtar Respublikası ərazisinə edilən pilotsuz təyyarə hücumundan narahatlığını bildirib. O, İran tərəfinin hərbi qurumlarla birlikdə hadisə ilə bağlı araşdırma başlatdığını bildirib. İranlı nazir həmçinin yaralanan mülki şəxslərin tezliklə sağalmasını arzulayıb.
Bəyanatda deyilir: "İran tərəfinə bildirilib ki, Azərbaycan hücuma görə üzr istəməyi, istintaqın nəticələrinin tez bir zamanda aydınlaşdırılmasını və gələcəkdə bu cür hadisələrin təkrarlanmasının qarşısını almaq üçün bütün zəruri tədbirlərin görülməsini gözləyir".
1 dəqiqə