Türkiyədə fəaliyyət göstərən və ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin, o cümlədən xarici ölkələrin səfirlərinin, hərbi attaşelərin və beynəlxalq təşkilatların təmsilçilərinin, qardaş ölkənin bəzi dövlət qurumlarının əməkdaşları ilə birlikdə dekabrın 10-da Zəngilan və Qubadlıya səfəri başlayıb.
AZƏRTAC xəbər verir ki, xarici diplomatlar Türkiyənin Ankara şəhərindən təyyarə ilə Zəngilana yola düşüblər. Ankaranın Esenboğa Hava Limanından yola salınan diplomatlar Zəngilan Beynəlxalq Hava Limanda qarşılanıb müəyyən edilmiş dislokasiya üzrə hərəkət edəcək, o cümlədən Qubadlı ərazisində olacaqlar.
Bir gün nəzərdə tutulan səfər çərçivəsində xarici qonaqlara Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq siyasətinin acı nəticələri, xalqımıza və ölkəmizə qarşı erməni vandalların həyata keçirdiyi bəşəri cinayətlər, eləcə də 44 günlük Vətən müharibəsində qazanılan rəşadətli Zəfər barədə həqiqətlər, həmçinin düşməndən geri alınan ərazilərimizdə aparılan fundamental quruculuq işləri barədə yerindəcə məlumat veriləcək.
Xatırladaq ki, Türkiyədə fəaliyyət göstərən və ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, o cümlədən xarici ölkələrin səfirləri, hərbi attaşelərin və beynəlxalq təşkilatların təmsilçiləri ilk dəfə cari ilin avqustun 26-da Qarabağa, o cümlədən Füzuli və Şuşaya səfər ediblər.
Bu səfər çərçivəsində xarici diplomatlar avqustun 27-də Şuşada işğaldan azad edilmiş ərazilərdə bərpa və yenidənqurma işləri və planlar, postmünaqişə dövründə minatəmizləmə əməliyyatları və şəhərsalma potensialından istifadə edilməsi, ümumi beynəlxalq əməkdaşlıq imkanlarına dair konfransda iştirak ediblər.