Qayıdış

Ağdərənin Həsənriz kəndinə 72 nəfər də qayıtdı

Bu gün Həsənriz kəndinə köçürülən 20 ailəyə mənzillərin açarları təqdim edilib

Ağdərənin Həsənriz kəndinə 72 nəfər də qayıtdı
  • Oxuma müddəti:

    4 dəqiqə

  • 15:50

    Aprelin 11-də Ağdərə rayonunun Həsənriz kəndinə köçürülən 72 nəfərdən ibarət 20 ailəyə mənzillərin açarları təqdim edilib.

    Bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsindən xəbər verilib.

    Mərasimdə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və "Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti" publik hüquqi şəxsin rəsmiləri iştirak ediblər. Həsənriz kəndində daimi yaşayış üçün köçürülən ailələrə bərpa edilmiş fərdi yaşayış evlərində mənzillər verilib.

    Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 40 mindən çox insan yaşayır.

    ***

    13:22

    Ağdərə rayonunun Həsənriz kəndinə yola salınan növbəti köç karvanı artıq kəndə çatıb.

    Həsənriz kəndinə köçün 3-cü mərhələsində 20 ailə köçürülüb.

    Köçürülən ailələr ölkənin müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

    Qeyd edək ki, bu mərhələ də daxil olmaqla, Həsənriz kəndinə 70 ailə (238 nəfər)  köçürülüb.

    ***

    11:45

    İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış çərçivəsində Ağdərə rayonunun yenidən qurulan Həsənriz kəndinə növbəti köç karvanı yola salınıb.

    Həsənriz kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

    Bu mərhələdə kəndə 20 ailə - 72 nəfərin köçürülməsi həyata keçirilir.

    Köçürülənlərdən 11 ailə (40 nəfər) Bərdə rayonundan, 2 ailə (9 nəfər) Bakı şəhərindən, 2 ailə (8 nəfər) Goranboy rayonundan, 2 ailə (7 nəfər) Oğuz rayonundan, 1 ailə (4 nəfər) İsmayıllı rayonundan, 1 ailə (3 nəfər) Tərtər rayonundan, 1 ailə (1 nəfər) Abşeron rayonundandır.

    Laçın - 2090 nəfər (570 ailə)
    Zabux (Laçın rayonu) - 823 nəfər (217 ailə)
    Sus (Laçın rayonu) - 215 nəfər (59 ailə)
    Füzuli - 3136 nəfər (823 ailə)
    Ağalı (Zəngilan rayonu) - 871 nəfər (175 ailə)
    Suqovuşan (Ağdərə) - 591 nəfər (180 ailə)
    Talış (Ağdərə rayonu) - 90 nəfər (20 ailə)
    Həsənriz (Ağdərə rayonu) - 238 nəfər (70 ailə)
    Şuşa - 1396 nəfər (371 ailə)
    Xocalı (Xocalı rayonu) — 204 nəfər (52 ailə)
    Ballıca (Xocalı rayonu) - 650 nəfər (134 ailə)
    Cəbrayıl — 2303 nəfər (512 ailə)
    Sarıcalı (Ağdam rayonu) - 299 nəfər (76 ailə)

    Cəmi: 12 906 nəfər

    Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 40 mindən çox insan yaşayır.