XƏBƏRLƏR / Məhkəmə

Xaxaleva Rusiyaya verilmədi, Bakıda polis nəzarətində qaldı

Rusiyanın keçmiş hakim Yelena Xaxaleva Rusiya Baş Prokurorluğunun təqdimatına baxmayaraq ölkəsinə ekstradisiya olunmayıb

Xaxaleva Rusiyaya verilmədi, Bakıda polis nəzarətində qaldı
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Azərbaycan Baş Prokurorluğu Rusiya vətəndaşı, keçmiş hakim Yelena Xaxalevanın barəsində həbs qətimkan tədbirinin dəyişdirilməsi barədə məlumatı təsdiqləyib.

    Baş Prokurorluğun mətbuat xidmətindən Turan-ın sorğusuna cavab olaraq bildiriblər ki, Xaxalevanın həbsilə bağlı apellyasiya şikayətinə fevralın 4-də Bakı Apellyasiya Məhkəməsində baxılıb. Məhkəmə Xaxalevanın həbsi barədə qərarı ləğv edib, Bakının Xəzər Rayon Prokurorluğu isə onun polisin nəzarətinə verilməsi qətimkan tədbirini seçib.

    Bundan əlavə, Yelena Xaxalevanın ekstradisiyası ilə bağlı Rusiya Federasiyası Baş Prokurorluğunun təqdim etdiyi sənədlərə Azərbaycan Baş Prokurorluğunda baxıır.

    Xatırladaq ki, Xaxaleva yanvarın 28-də Bakı hava limanında Dubaya uçmağa hazırlaşarkən saxlanılıb.

    Krasnodarın keçmiş hakimi Xaxaleva Rusiya hakimiyyəti tərəfindən beynəlxalq axtarışa verilib. O, təqibinin siyasi motivli olduğunu deyərək, könüllü olaraq Rusiyaya qayıtmaqdan imtina edib.

    Xaxaleva əvvəlcə Gürcüstanda, sonra isə Azərbaycanda müalicə alıb.

    Xaxaleva 2021-ci ilin dekabrında Rusiyanı tərk edib və beynəlxalq axtarışa verilib. 2022-ci ildə Rusiya məhkəməsi qiyabi həbs qərarı çıxarıb. 

    Rusiyada Xaxaleva fırıldaqçılıq və saxtakarlıqda ittiham olunurdu. İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkinin tələbi ilə 2021-ci ildə ona qarşı iş açılıb.