"Xəzər beşliyi" dialoq formatı yaradılır
Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Xəzər beşliyi”nin xarici işlər nazirlərinin görüşü zamanı bildirib
5 Xəzəryanı ölkə - Rusiya, Azərbaycan, Türkmənistan, Qazaxıstan və İran xarici işlər nazirləri səviyyəsində yeni dialoq formatına başlayırlar".
RİA xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Xəzər beşliyi”nin xarici işlər nazirlərinin görüşü zamanı bildirib.
"Bugünkü görüş xüsusi xarakter daşıyır, biz, əslində, Aşqabadda keçirilən sammitdə razılaşdırılmış mandat çərçivəsində fəaliyyət göstərəcək yeni, müntəzəm nazirlər dialoquna başlayırıq. Bu mandat, xüsusilə, ikitərəfli münasibətlərə dair məsələlərin nəzərdən keçirilməsini nəzərdə tutur. Beştərəfli əməkdaşlığı inkişaf etdirmək və onun formatlarını təkmilləşdirmək, sammitlərin qərarlarının həyata keçirilməsi üçün əlaqələndirilmiş tədbirlərin işlənib hazırlanması, onların gündəliyi və yekun sənədlərinin hazırlanması nəzərdə tutulur”, - Lavrov deyib.
O qeyd edib ki, Xəzər dənizində əməkdaşlıq yüksək səviyyəyə çatıb, lakin beştərəfli qarşılıqlı fəaliyyətin keyfiyyətinin yüksəldilməsi və onun beynəlxalq hüquqi əsaslarının möhkəmləndirilməsi üçün əlavə səylər tələb olunur. Lavrovun sözlərinə görə, xüsusilə Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılması planları nəzərə alınsa, Xəzər dənizi regionu böyük inkişaf potensialına malikdir. Bundan əlavə, Xəzəryanı ölkələr ekoloji təhlükəsizlik, Xəzər dənizinin dayazlaşması və onun bioloji resurslarının qorunması sahəsində ciddi problemlərlə üzləşirlər:
"Biz hesab edirik ki, katibliklər kimi bürokratik sxemlər olmadan əməkdaşlıq, dialoq forumu olan Xəzər Şurasının yaradılması ilə işimizin səmərəliliyini artırmaq olar. Biz bu təşəbbüsün müzakirəsini səbirsizliklə gözləyirik", - deyə nazir nitqini yekunlaşdırıb.