Xəzər dənizinin sahillərində 2 min ölü suiti tapılıb
Xəzər suitisi Qazaxıstanın Qırmızı Kitabına daxil edilib
Qazaxıstanda Xəzər dənizinin sahillərində tapılan suitilərin sayı iki dəfə artaraq, demək olar ki, 2 minə çatıb.
“Kazinform” dövlət agentliyi xəbər verir ki, ekspertlər oktyabrın 24-dən noyabrın 18-dək sahilə baxış keçiriblər. "Bu müddət ərzində biz ümumilikdə 1989 suiti cəsədi topladıq", - məlumatda deyilir.
Bundan əvvəl müfəttişlik məlumat vermişdi ki, noyabrın 13-nə olan məlumata görə, 1034 ölü heyvan cəmdəyi aşkar edilib.
“Suitilərin ölüm səbəbi bütün laboratoriya müayinələri aparıldıqdan sonra müəyyən ediləcək. Elmi təşkilatların fikrincə, bu, bir neçə ay çəkə bilər. 2 min suitinin hamısının balıqçıların torları üzündən öldüyünü deyə bilmərik, baxmayaraq ki, bir neçə hal belə ola bilər”, - mesajda Mangistau vilayətinin balıqçılıq müfəttişliyinin rəhbəri vəzifəsini icra edən Andrey Rutskinin sözləri sitat gətirilir.
Xəzər suitisi Qazaxıstanın Qırmızı Kitabına daxil edilib. Respublika Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidməti noyabrın 14-də bildirib ki, bir versiyaya görə, ölümə səbəb sualtı zəlzələlər nəticəsində atmosferə təbii qazın atılması ola bilər.