Xəzərin dayazlaşması probleminin həlli nə yerdədir?
Rusiya Prezidenti Vladimir Putin Azərtacın sualına cavabında bu barədə də danışıb

Xəzərin dayazlaşması ilə bağlı məsələ Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qaldırılıb və mən dərhal onu dəstəkləmişəm. Çünki sözsüz ki, problem çox böyük, hətta deyərdim, qlobal xarakter daşıyır.
Bu sözləri Rusiya Prezidenti Vladimir Putin Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində dünyanın aparıcı informasiya agentliklərinin rəhbərləri ilə görüşündə "Azərtac"ın direktoru Vüqar Əliyevin sualına cavabında deyib.
Rusiya Prezidenti bildirib: “Vaxtında razılaşdırılmış tədbirlər görülməlidir. Hökumətə lazımi tapşırıqlar verilib. Bilirəm ki, Rusiya Hökuməti Azərbaycan Hökuməti ilə birlikdə bu istiqamətdə çalışır və variantlar axtarılır. Burada başlıcası odur ki, heç bir sıçrayışsız, israrla, amma daimi əsasda fəaliyyət göstərək”.
V.Putin vurğulayıb ki, Xəzərdə suyun səviyyəsinin azalmasının səbəblərini axtarmaq və geridönməz proseslərin qarşısını almaq üçün bütün tədbirləri görmək lazımdır.
Rusiya Prezidenti həmçinin deyib: "Rusiya və Azərbaycan logistika və istehsal sahəsi, xüsusən gəmiqayırma sahəsində birgə layihələr hazırlayır.
"Bizim yaxşı layihələrimiz var; "Şimal - Cənub" beynəlxalq nəqliyyat dəhlizi və logistika. Yeri gəlmişkən, istehsal sahəsində, o cümlədən gəmiqayırma sahəsində bir sıra digər yaxşı sahələr. Biz Bakı Gəmiqayırma Zavoduna sifarişlərimizi artırmağa hazırıq", - o deyib.
Putin qeyd edib ki, Azərbaycanla birgə layihələr yaxşı məzmunludur. "Yaxşı perspektivləri olan çoxlu layihələr var. Ümid edirəm ki, biz hər şeyi həyata keçirəcəyik. Ümumilikdə, Azərbaycandan danışsaq, ötən il ticarət dövriyyəmiz 7 % artıb. Hesab edirəm ki, bu, yaxşı göstəricidir", - o vurğulayıb.