Abşeron rayonunun Xırdalan şəhərində 22 yaşlı qadın binadan atılıb.
Bu barədə Abşeron Rayon Prokurorluğu məlumat yayıb.
Məlumatda deyilir ki, bu gün saat 07 radələrində 2002-ci il təvəllüdlü Ayşən Kazımovanın Abşeron rayonu Xırdalan şəhəri ərazisində hündürmərtəbəli binadan yıxılması barədə rayon prokurorluğuna məlumat daxil olub.
Araşdırma zamanı 2002-ci il təvəllüdlü Hüseyn Kazımovun aralarında yaranmış mübahisə zamanı arvadı Ayşən Kazımovanı yaşadıqları mənzilin pəncərəsindən yerə atması nəticəsində sonuncunun çoxsaylı bədən xəsarətləri almasına əsaslı şübhələr müəyyən edilib.
DİN-in məlumatına görə, Ayşən Kazımova xəstəxanada ölüb.
Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsilə cinayət işi başlanıb. Hüseyn Kazımov iş üzrə şübhəli şəxs qismində tutulub.
Cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.