Növbəti köç karvanı Ballıca və Təzəbinə kəndlərinə çatıb
Bu gün kəndlərə 179 nəfər köçürülüb YENİLƏNİB

15:12
Oktyabrın 10-da Xocalı rayonunun Təzəbinə və Ballıca kəndlərinə növbəti köç olub. Bu mərhələdə iki kəndə ümumilikdə 43 ailə qayıdıb.
Açarların təqdim edilməsi mərasimində Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri iştirak ediblər.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, bu gün Xocalının Təzəbinə kəndinə 126 nəfər olmaqla, 28 ailə, Ballıca kəndinə isə 15 ailə - yəni, 53 nəfər köçürülüb. Hər iki kənddə sakinlərə mənzillərin açarları təqdim olunub.
Tədbirdə çıxış edən Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktorunun müavini Mahmud Əfəndiyev sakinləri doğma torpaqlara qayıdış münasibətilə təbrik edib. Bildirib ki, burada sakinlərin məşğulluğu məsələsinə xüsusi diqqət yetirilir, onlar dövlət və özəl sektorda işlə təmin olunur. Sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün də bütün zəruri şərait yaradılır.
***
13:40
Xocalı rayonuna yola salınan növbəti köç karvanı Ballıca və Təzəbinə kəndlərinə çatıb.
Bu kəndlərə köçürülənlər ölkənin müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Bu mərhələdə Ballıca kəndinə 15 ailə - 53 nəfər, Təzəbinə kəndi isə 28 ailə - 126 nəfər köçürülüb.
***
12:34
İşğaldan azad olunmuş ərazilərə Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq Böyük Qayıdış davam etdirilir. Oktyabrın 10-da respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Ağdamdan Xocalının Təzəbinə və Ballıca kəndlərinə yola salınıb.
Bu mərhələdə Ballıca kəndinə 15 ailə - 53 nəfər, Təzəbinə kəndi isə 28 ailə - 126 nəfər köçürülür.
Erməni işğalından azad edilmiş ərazilərə qayıdanların ümumi sayı:
Laçın - 2090 nəfər (570 ailə)
Zabux (Laçın rayonu) - 823 nəfər (217 ailə)
Sus (Laçın rayonu) - 215 nəfər (59 ailə)
Bəylik (Laçın rayonu) - 316 nəfər (79 ailə)
Füzuli - 3136 nəfər (823 ailə)
Ağalı (Zəngilan rayonu) - 871 nəfər (175 ailə)
Suqovuşan (Ağdərə) - 591 nəfər (180 ailə)
Talış (Ağdərə rayonu) - 90 nəfər (20 ailə)
Həsənriz (Ağdərə rayonu) - 681 nəfər (188 ailə)
Şuşa - 1396 nəfər (371 ailə)
Xocalı (Xocalı rayonu) — 347 nəfər (86 ailə)
Ballıca (Xocalı rayonu) - 945 nəfər (210 ailə)
Cəbrayıl — 2866 nəfər (659 ailə)
Sarıcalı (Ağdam rayonu) - 771 nəfər (185 ailə)
Kəngərli (Ağdam) - 1128 nəfər (267 ailə)
Xanyurdu (Xocalı) - 299 nəfər (85 ailə)
Təzəbinə (Xocalı) - 251 nəfər (56 ailə)
Xıdırlı (Ağdam) - 1318 nəfər (350 ailə)
Kolatağ (Ağdərə) - 89 nəfər (26 ailə)
Vəngli (Ağdərə) - 300 nəfər (79 ailə)
Şuşakənd (Xocalı) - 59 nəfər (15 ailə)
Qırmızı bazar (Xocavənd) - 39 nəfər (10 ailə)
Sos (Xocavənd) - 45 nəfər (10 ailə)
Hadrut (Xocavənd) - 42 nəfər (10 ailə)
Badara (Xocalı) - 55 nəfər (14 ailə)
Seyidbəyli (Xocalı) - 30 nəfər (9 ailə)
Daşbulaq (Xocalı) - 67 nəfər (13 ailə)
Kəlbəcər - 338 nəfər (81 ailə)
Cəmi: 19 198 nəfər
Qeyd edək ki, hazırda Qarabağ və Şərqi Zəngəzurda ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, həmçinin təhsil alan tələbələr də daxil olmaqla, ümumilikdə, 50 mindən çox insan yaşayır.